İşıq ömrü – Xatirə Xatun yazır

İşıq ömrü – Xatirə Xatun yazır

 

Bəzən həyat bizə qəfil və amansız sınaqlar təqdim edir. Qorxu və ümid arasında sıxışıb qaldığımız anlar olur. Elə anlar ki, insanın ən dərin instinktləri üzə çıxır, və məhz həmin anlar ən həqiqi duyğuların səhnəyə çıxdığı məqamlardır. O anda təmkinli, səbrli davranmaq asan iş deyil. Kimsə də onu yaşamayınca deyə bilməz necə davrana biləcəyini. Bu, hər kəsin də bacara biləcəyi iş deyil. Bu gün o hər kəs olmayanlardan biri – daha dünənə qədər ancaq ailəsinin, yaxınlarının, tələbəlik və iş yoldaşlarının tanıdığı, bu gün isə ölkə gündəminə manşet olan Hökümə haqqında yazmaq gəlir içimdən. O dəhşətli anların yaşandığı ölüm gəmisinin gənc stuardessası, hansı ki, o anlar bütün sərnişinlər üçün ümid işığına çevrildi.

Belə qəzalarda təbii olaraq sərnişinlərin gözlərində çaşqınlıq, qorxu, bəzən də təslimiyyət hiss olunur. Hamı bir cavab axtarır, əsir düşdükləri göylərdən bir möcüzə gözləyir.Hətta qatı ateisti belə dualara sığınır. Amma bu dəfə həmin möcüzə heç də səmadan yox, Hokumənin-bu zərif, ilk baxışda elə də güclü görünməyən gənc xanımın ürəyindən doğdu. Sakit, təmkinli bir səs ilə “Hər şey yaxşı olacaq” dedi. Bu sözlər, bir çoxları üçün son anlarda ürəyə dolan şəfqət və güvən hissini gətirdi, sabitlədi. Qızmar yay günü sərin su, meh kimi gəldi…

Və o anlarda Hokumə sadəcə bir stuardessa deyildi. O, həmin anda sərnişinlər üçün bir qəhrəman idi. Öz qorxusunu unudub, başqalarının qorxularını sakitləşdirmək üçün bütün gücünü səfərbər edən gənc stuardessa həyatın hər şeydən daha dəyərli olduğunu, çətin anlarda insaniyyəti qorumağın necə vacib olduğunu göstərdi, buna bariz nümunə oldu.

Bəlkə də Hokumə dəhşət içində idi, amma bu, onun üzündəki təbəssümə, sözlərindəki sakitliyə əks olunmadı. Onun indi şüara çevrilən sadə cümlələri – “Hər şey yaxşı olacaq” – sərnişinlər üçün sanki bir dua idi. Həmin anda o, qorxunun qarşısında dayanan bir divar, ümidsizliyin içində doğan bir çıraq idi.

Bu dünya Hokumə kimi insanların sayəsində daha gözəldir. Onlar qorxularını unutmağı bacarır, başqalarına ümid olmaq üçün hər şeylərini qurban verir. Hokumə təyyarədə yalnız bir stuardessa deyildi – o, cəsarətin, sevginin və insanlığın təcəssümü idi. Onun adı, həmin anlar və bu xatirə heç vaxt unudulmayacaq.

Hokumənin o titrək, hər nə qədər gizlətməyə çalışsa da əsən səsi bir əfsanəyə dönəcək . “Hər şey yaxşı olacaq” sözləri isə hər zaman insanlara ən qaranlıq anlarında işıq tutacaq… İşıq olmaq nə gözəldir…
.
P. S: 25.12.2024 saat 08-mən də, Hökümə də işimizin başında idik və bir – birimizi tanımırdıq. Bu gün mən daha 24 saat öncə heç tanımadığım birinin acısını yaşayır və yazıya çevirirəm. Çevrilən bir də bu xanımın qısa, amma örnək həyatı, qəhrəmancasına həlakı oldu ki, məncə dastan olmağı haqq edər.

Xatirə Xatun

Bakı, 26 dekabr, 08.00

Share: