Vətənin səsinə evindən güllə kimi çıxıb gedən hər bir əsgərə bir təşəkkür borcumuz var, istər şəhid olsun, istər qazi… Onlar işıq axtaranlar idilər, axtardılar və taptılar.
Elə öz işlərində, elə öz canlarında tapdılar, sonra bütün hamımıza o işıqdan pay verdilər. Biz də ki, çoxdanın zülmətdən yol axtarnları kimi alıb çəkdik gözümüzə, üzümüzə, könlümüzə… Və bir də baxıb gördük ki, bütün Azərbaycan bu işığa bürünüb, hər küncündən, bucağından nur axan yurdumun şəhid torpaqları da işıq saçır! Bax budur qələbə, bax budur zəfər!..
Rəsulov Ağacan Əfsər oğlu belə işıqlı oğullardan idi. O, oktyabr ayının 10-u, 1997-ci ildə Xəlfəli kəndində dünyaya gəlib. Gəlib ki, tək ana-atasına deyil, vətəninə oğul olsun…
İki mərtəbəli evin həyət qapısında qoyunları qəhələ salmağa aparan 11-12 yaşlı dolu bədənli oğlan uşağı qarşılayır bizi. Salam verib şəhid Ağacan Rəsulovun bu ünvanda yaşadığını soruşanda bir az həyəcan keçirdiyini hiss edirəm. O sanki uşaq deyil dünya görmüş bir adam təsiri bağışlayır mənə… Pilləkənləri qalxıb qapı ağzında gözləyən gənc xanımla salamlaşaraq evə daxil oluram. Solğun işıqlandırılmış mənzil və divarın dibində qoyulmuş tək çarpayıda uzanmış zəif qadın sifəti diqqətimi kəməndə salır. Qadına verdiyim “Yastığınız yüngül olsun, bacı, xəstəsinizmi?”-sualına o başını astaca tərpətməklə cavab verir…
2004-2015-ci illərdə Xəlfəli kənd tam orta məktəbində təhsil alıb və bitirdiyi 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb Ağacan. Tərtər rayonundakı “N” saylı hərbi hissədə keçib xidmət dövrü, düşmənlə üzbəüz mövqedə doğma Vətənin keşiyində daim ayıq-sayıq dayanıb, onun hər bir hərəkətinə nəzarət edib, komandanlıq ondan razı olub həmişə. 2017-ci ilin aprel ayında hərbi xidmət müddətini başa vurub evə qayıdan Ağacanın fikri-zikri yenə orduda qalmışdı deyir bacısı Sitarə. Ona görə də bir gün sənədlərini hazırlayıb xidmət etdiyi hərbi hissəyə göndərib. Müharibə başlamamışdan öncə onu təlim keçmək üçün çağırıblar… Minomyotçu idi Ağacan, müharibə başlayan gündən döyüşlərdə iştirak edib, qeyrəti, cəsarəti, mərdliyi ilə seçilib. Füzuli, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdən onun da payı var. Bir az çılğın idi, bir az da ehtiyatsızlığı vardı, axı o, cavan idi, özünü qorumur, döyüş zamanı azərbaycanlılara xas olan qorxmazlıq, çeviklik nümayiş etdirirdi, deyirdi erməni nəkaradır ki, onun qarşısından qaçaq, düşmən üzərinə dik, şəstlə, ürəklə gedirdi…Yaralı yoldaşlarını döyüş meydanından çıxarmaqdan ötrü öz həyatını belə təhlükəyə atmaqdan çəkinmirdi…
Şuşa uğrunda gedən qanlı və şiddətli döyüşlərin birində, 8 noyabr 2020-ci ildə yaxınlığında mərmi partlaması nəticəsində ağır yaralanaraq şəhidlik məqamına qalxıb əsgərimiz. Son dəfə noyabrın 1-də anası Pakizə xanım ilə telefonla əlaqə saxlayan Ağacan Ordumuzun qazandığı qələbə sevincini bölüşüb, deyib ki:-“Lap az qalıb, ana, bir az da səbir elə, artıq düşmənin nəfəsini kəsmişik, tezliklə yanındayam…”
Pakizə xanım oğlunun Qarabağ haqqında dediyi tərifli sözləri tez-tez xatırlayır, deyir:
-Ağacan o yerlərin necə bir cənnət olduğundan söz açırdı, ermənilərin o cür gülşəni viran etməsindən ürək ağrısı ilə danışırdı və mənə söz vermişdi ki, müharibədən sonra ora aparacaq. Amma qismət olmadı, özü o cənnət torpaqlarda can verdi… O, gözəl bala idi, atası o əsgəri xidmətdə olarkən dünyasını dəyişmişdi. Evin bütün qayğılarını üzərinə götürmüşdü oğlum. Məni çox sevirdi, qayğıma qalırdı, iki övladım vardı, Ağacan məni həyata bağlayan səbəbim idi, onsuz çox tənhayam, sanki bir tərəfim yoxdur…amma həm də qürurluyam, doğma torpaqlar uğrunda şəhid oldu, başımızı uca elədi balam… Vətəni və anası arasında seçim vaxtı o məni deyil, Vətəni seçdi!…
Cəngavərlik dastanıyam,
Oxuyanım, bilənim hey…
Yağıları qovub gəldim,
Ərənim hey.., Vətənim hey…
Ağacan bilirdi ki, vətən sözünün əvvəlində ana sözü də var və elə Ana Vətən üçün də kiprik belə qırpmadan şirin canından keçdi… O, sözünə bütöv oğlan idi, anasına söz vermişdi, söz vermişdi ki, onu “bəxtəvər ana” edəcək, sözünü də tutdu.. Müharibəyə getməzdən öncə ona məxsus olan hər şeyi bizi həyət qapısında qarşılayan həmin oğlana-xalasının oğlu Mürsələ bağışlayıb, anası Pakizə xanımı da elə ona tapşırıb gedib döyüşə. İndi Mürsəl də verdiyi sözə kişi kimi əməl edir, xalası ilə yaşayır,onun qeydinə qalır, həyət-bacasına baxır, mənəvi dayaq olur. Bu ailə Birinci Qarabağ savaşında da vətənpərvərlik göstərmiş, Ağacanın əmisi Rəsulov Rəsul Əli oğlu 1993-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur.
Sıravi əsgər olan mərd əsgərimizin indi şəhidlik qədər qiymətli rütbəsi də var… Ağacan Rəsulov noyabr ayının 17-də kənd qəbristanlığında dəfn olunub, Allah rəhmət eləsin… Ölümündən sonra isə “Vətən uğrunda “ medalı ilə təltif olunub.
Şəhidlik də tale yazısı kimi seçilmiş insanların bəxtinə düşür. Bu taleyi sən seçmirsən, səni seçirlər, elə Ağacan Rəsulov kimi… Müharibəyə oğul yola salan insanlar hər cür xəbərə hazır olur, Ağacanın şəhid olması onu öz övladıı kimi sevən dayısı Nərimanı da həyatdan vaxtsız ayırdı, o, Ağacanı tək qoymaq istəmədi…
Şahnaz Şahin