Xəbər verdiyimiz kimi, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bununla da Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Ardınca isə İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Birləşmiş Millətlər Təşkilatı və çoxsaylı digər təşkilatlar tərəfləri sakitləşdirən bəyanatlar yayaraq onlar arasında sülhü bərqərar etməyə çalışırlar. Lakin artıq 3 həftədir ki, dünya ölkələrinə səs salan İsrail-HƏMAS gərginliyi davam edir.
Sözügedən müharibə isə sual yaradır: İsrail-HƏMAS gərginliyi müharibə qanunlarına ziddirmi? Ziddirsə, dünya ölkələri nə etməlidir?
“Qafqazinfo” xarici mətbuata istinadən həmin sualın cavabını təqdim edir:
HƏMAS-a vurulan zərbələrlə yanaşı, ordunun “Dəmir qılınclar” adlı əməliyyatı Qəzzada çoxlu sayda mülki vətəndaşın da daxil olduğu ağır itkilərlə nəticələnib. O, mülki infrastruktura ciddi ziyan vurub, bəzi məhəllələr fəlakətli dağıntılara məruz qalıb.
Müharibə davam edərkən və İsrail ordusunun zərbələri haqqında məlumat əldə etmək mümkün olmadıqca, tərəflərin silahlı münaqişə qanunlarına əməl edilib-edilmədiyini bilmək olduqca çətindir. Birincisi, beynəlxalq humanitar hüquq kimi də tanınan silahlı münaqişə qanunları, ilk növbədə, 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokolları, o cümlədən mülki şəxslərin müdafiəsini tənzimləyən qanunları müəyyən edən I Protokol ilə tənzimlənir.
İsrail bütün digər dövlətlərlə birlikdə Cenevrə Konvensiyalarının iştirakçısıdır. Cenevrə Konvensiyalarının şərtlərinə uyğun olaraq döyüşməyənləri müdafiə edən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK)“Fələstini də imzalayan tərəf kimi siyahıya alır, yəni bu müharibənin hər iki tərəfi silahlı münaqişə qanunlarına tabedir.
Haaqada şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi beynəlxalq təşkilatlar, şəxslər və ya tərəflərin həmin məhkəməyə təqdim etdiyi şikayətlər əsasında (müharibə cinayətləri də daxil) Cenevrə Konvensiyalarının ciddi pozuntularını təqib edə bilər. Məhkəmə özü silahlı münaqişə qanunlarının mümkün pozuntuları ilə bağlı ekspertiza və araşdırmalara başlaya bilər.
Fələstin Administrasiyası 2015-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) yurisdiksiyasını qəbul edib. Baxmayaraq ki, İsrail BCM-i yaradan Roma Statutunu ratifikasiya etməyib. Bununla belə, İsrail Fələstin Administrasiyasının ona qarşı məhkəməyə təqdim etdiyi hərbi cinayət iddialarına cavab verib.
Ona görə hər iki tərəf üçün bütün əməliyyatları beynəlxalq hüquqla tənzimlənir və İDF-nin əmrlərinə Cenevrə Konvensiyalarına riayət etmək tələbi daxildir.
Məlum olduğu kimi, oktyabrın 7-si açıq havada keçirilən musiqi festivalında 260-a yaxın insan atəş və qumbaraatanlarla öldürülüb. Fələstin Səhiyyə Nazirliyinin yaydığı ən son xəbərə əsasən, İsrail Müdafiə Qüvvələrinin hücumlara başlaması nəticəsində Qəzzada 5000-dən çox fələstinli həlak olub.
Mülki infrastruktur arasında hərbi hədəflər
MAG Beynəlxalq Hüquq Departamentinin rəhbəri Pnina Şarvit Baruç İsrailin yalnız hərbi hədəflərə hücum etdiyini təkid edib. Bununla belə, o qeyd edib ki, HƏMAS və digər terror qrupları tərəfindən istifadə edilən yaşayış binaları o halda vurula bilər ki, belə binalar hərbi məqsədlər üçün istifadə edilir. Şarvit Baruçun sözlərinə görə, müharibə İsrail tərəfindən Cenevrə Konvensiyalarının əlavə protokollarına müvafiq aparılır.
O bildirib ki, HƏMAS-ın hərbi imkanları Qəzzanın mülki infrastrukturunda və onun altındakı geniş tunellər şəbəkəsində dərin kök salıb. Buna görə də İsrailin bu hədəfləri mülki insanlara zərər vermədən vurması son dərəcə çətindir. Çətin, lakin mümkünsüz də deyil.
Qəzzanın mühasirəsi
Böyük Britaniyanın Exeter Universitetinin Beynəlxalq İctimai Hüquq kafedrasının dosenti Dr. Aurel Sari İsrailin Qəzzanı mühasirədə saxlamasını tənqid edərək, suyun kəsilməsinin “müdafiəedilməz” hal olduğunu bildirib. Sarinin fikrincə, mühasirə müharibəsi qeyri-qanuni müharibə metodu olmasa da, İsrailin su təchizatını kəsməsinə haqq vermək çətindir və buna haqq qazandırmaq mümkün deyilsə, deməli bu, qanuni deyil.
Xatırladaq ki, oktyabrın 9-da İsrailin müdafiə naziri Yoav Qalant Qəzzaya elektrik, yemək, yanacaq getməyəcəyini bəyan edib. Həmin gün İsrail ərazini tam mühasirəyə alıb. Oktyabrın 15-də suyun bir hissəsinin tədarükü bərpa olunub, eyni zamanda, ümumi humanitar yardımın Qəzzaya girişi də məhdud şəkildə olsa da, yenidən bərpa edilib.
Sari qeyd edib ki, beynəlxalq hüquqa riayət etmək məcburidir, çünki beynəlxalq hüquqa riayət etmək də İsrailin maraqlarına uyğundur: “Yoxsa ona göstərilən beynəlxalq dəstək dayanar”.