İsraildə 1990-cı ildə Bakıda baş vermiş 20 Yanvar faciəsinin yüzlərlə günahsız qurbanının xatirə gecəsi keçirilib.
Oxu.Az “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasına istinadən xəbər verir ki, Afula merinin müavini doktor B.Yudis, şəhər şurasının üzvü Qennadi Kipnis və şəhər bələdiyyəsinin digər əməkdaşları 1990-cı ilin yanvarın 20-də həyatını itirmiş azərbaycanlıların xatirəsini yad ediblər.
“Azİz”in prezidenti Lev Spivak bildirib ki, 1990-cı ilin yanvar hadisələrinin qurbanları müxtəlif millətlərdən olan günahsız insanlar olub, onların arasında Azərbaycanda azadlıq və demokratiya uğrunda canlarından keçmiş yəhudilər də var.
Məşhur israilli jurnalist David Kon (Vadim Korş) “Qarabağ tələsi” kitabını – münaqişənin başlanmasının şahidinin Dağlıq Qarabağ münaqişəsinin necə başladığı barədə qeydlərini təqdim edib.
Bu kitabda təsvir olunan hadisələr Qara Yanvar faciəsi ilə nəticələnib. Nəticədə Bakıda bir gecədə iki yüzdən çox insan ölüb, yüzlərlə insan əlil və yetim qalıb.
Kitabını təqdim edən D.Kon bildirib ki, o, yalnız gördüyü və eşitdiyi, iştirak etdiyi hadisələr haqqında yazıb. O, həmin dəhşətli hadisələri təsvir edərək əlavə edib, əgər o dövrdə Heydər Əliyev kimi güclü siyasətçi hakimiyyətdə olsaydı, Azərbaycanda belə bir hadisə baş verməzdi.
Kitab müəllifinin sözlərinə görə, o, ötən əsrin 80-ci illərində jurnalistikaya yenicə başlayanda Azərbaycanın ovaxtkı birinci katibi Heydər Əliyevlə dəfələrlə görüşüb. Jurnalist həm yaradıcı insanlara, həm də müxtəlif sahələrin peşəkarlarına diqqətlə yanaşan Heydər Əliyevin necə müdrik və həssas şəxsiyyət, qeyri-adi və istedadlı siyasətçi olmasından danışıb.