İsrail kinematoqrafiyasının ərəb ölkələri ilə konfliktini hansı rakursdan nəql etməsi, ərəblərlə ünsiyyəti necə və hansı səviyyədə qurması onların yalnız münaqişəyə münasibətini ortaya qoymur. Bu, bəlkə daha çox İsrail cəmiyyətinin ədalət hissini itirməməyinin, özünə, keçmişinə tənqidi baxmaq bacarığının və müzakirəyə açıq olmasının göstəricisidir.
Məni ən çox sarsıdan (yaxşı mənada) İsrail rejissorlarının etiraf mədəniyyətidir ki, bu, heç bir halda nəyinsə xatirinə sülhpərvər obrazı yaratmağa hesablanmayıb. Mövzunun əks olunduğu hər film gerçək ağrıdır, səmimi duyğuların simfoniyasıdır.
Müasir İsrail rejissorlarının daha çox diqqət ayırdığı hadisə Livan-İsrail müharibəsidir. Filmlərdən alınan nəticə odur ki, 1982-ci ildə İsrail ordusunun Livanda hərbi əməliyyat zamanı günahsız insanları da öldürməsi, Sabra və Şatillada yerləşən düşərgələrdə dinc fələstinlilərin millətçi Kataib partiyası tərəfindən məhz İsarilin vasitəçiliyi ilə qətliamı faktını – bir qism israilli, xüsusən, əsgərlər indiyədək ağır xaç kimi daşıyır, mənəvi məsuliyyət duyur və utanc hissi yaşayırlar. “Bəşirlə vals” (2008) filminin rejissoru Ari Folmanın fikrincə, Livan müharibəsi təkcə ayrı-ayrı əsgərlərin yox, İsrail xalqının kollektiv travmasıdır…
İsrail kinematoqrafçılarının etiraf filmləri sanki günahdan təmizlənmə, tövbə aktıdır. Odur ki, yəhudi müəlliflərin yozumunda İsrail ordusu qəhrəmanlıq pafosu ilə təsvir olunmur, filmlər siyasi manifest xarakteri daşımır, tarixi araşdırmır, onlar əsasən mənəvi-etik və müharibə fonunda fərdi varolma problemlərini qoyur. Əgər ötən əsrin 80-90-cı illərində bu mövzuda çəkilən ekran əsərlərində (Haim Bouzaqlonun, Eran Riklisin filmləri) müharibəyə və onun siyasi nəticələrinə tənqidi baxış vardısa, 2000-ci illərdə İsrail kinosunda meydana gəlmiş intbah dalğasında hadisəyə rakurs dəyişdi. Müasir filmlərin əsas tədqiqat obyekti müharibənin əsgərlərə ağır psixoloji təsirləri, nəticələri, savaşın gərəksizliyi qənaətidir.
1982-ci ildə baş vermiş müharibə haqda məlumatsız olanlar üçün tarixə qısa ekskurs edim. Hələ 1970-ci illərdə vətəndaş müharibəsi nəticəsində Livan hakimiyyətinin zəifləməsi Fələstin Azadlıq Təşkilatına imkan verdi ki, o, Cənubi Livanı İsrailə qarşı əsas məntəqəyə çevirsin. 1981-ci ildə İsrail FAT-ın Cənubi Livandakı bazalarını bombaladı. Sonrakı gedişatda isə İsrail hökuməti cənubi Livandan FAT-ın çıxarılması əməliyyatının hazırlığına başlasa da, Amerikanın təzyiqi ilə bu, təxirə salındı və atəşkəsin kəsilməsi istiqamətində qeyri-formal razılığa gəlindi. İsrail FAT-ın Cənubi Livana silahlar daşıyacağı və İsrail vətəndaşlarına qarşı terror törədəcəyi təqdirdə razılaşmanın pozulacağı haqda xəbərdarlıq elədi. Lakin FAT İsrail vətəndaşlarına qarşı terror aktları törətməyə davam edirdi. Beləliklə, İsrail 1982-ci ilin iyununda Livanda yerləşən FAT-ın bazalarının məhvi üçün hərbi əməliyyatlara başladı. Əməliyyatlar nəticəsində FAT sentyabrda Livanı tərk edir. Müharibədən sonra isə İsrail ordusu Cənubi Livanda təhlükəsizlik zonası yaradır və 2000-ci ilədək əraziyə nəzarət edir.
Livanda yerləşən Sabra və Şatillada fələstinlilərin qətliamına gəlincə. 1982-ci il sentyabrın ortalarında Livanın yeni prezidenti seçilən Kataip partiyasının liderlərindən biri Bəşir Gemayel FAT tərəfindən öldürülür. Ertəsi gün israillilərin müttəfiqi olan Kataib partiyası Sabra və Şatillada FAT-ın üzvlərinin olduğunu güman edərək, vəhşicəsinə dinc sakinləri qətlə yetirir. İsrail isə qətliam zamanı düşərgəni mühasirəyə alaraq onlara yardım edir. Yəni İsrailin müdafiə naziri Ariel Şaronun əmri ilə törədilən qətliam Kataip partiyasının əliylə həyata keçirildi. Bəzi məlumatlara görə düşərgələrdə 3 minə yaxın adam öldürülüb.
Sözügedən mövzuda çəkilən ən təsirli filmlərdən biri Ari Folmanın 2008-ci ildə ekranlaşdırdığı “Bəşirlə vals” animasiya filmidir. Rejissor İsrail ordusunun Livandakı fəaliyyəti, fələstinli qaçqınların Sabra və Şatilada yerləşdiyi düşərgələrinin bombalanması nəticəsində günahsız insanların ölməsi faktından çıxış edir. Ari Folmanın özü də bu müharibədə iştirak edib və real hadisələr əsasında qurulan filmində daha çox şəxsi təcrübəsini bölüşür. Ordudan istefa verdikdən sonra psixoloq yanına gedən Folman hərbi keçmişini onunla müzakirə edir. Müzakirə zamanı dərk edir ki, müharibəni şüurundan tamamilə çıxarıb və 22 yaşından bəri onu xatırlamır. Əsgər yoldaşlarına baş çəkən rejissor aydınlaşdırır ki, əslində onlar da müharibəni xatırlamırlar. Lakin bu, yaddaşın itirilməsindən çox, yaşanmış travmalardan sonra normal həyata qayıtmağın zərurəti ilə bağlıdır.
“Bəşirlə vals”ı isə əsgərlərin zədələnmiş yaddaşından qaynaqlanan kabus filmi adlandırmaq daha doğru olardı. Çünki müharibəni yaşayan personajlardan ötrü Livan əməliyyatını xatırlamaq dəhşət və ağrı hesabına başa gəlir, üstəlik, uzun müddət onu altşüura sıxışdırdıqlarından onlar çox şeyi xatırlamırlar. Folmanın müharibə dəhşətlərini animasiya janrı ilə çatdırmasının əsas səbəbi tamaşaçının Livan hadisəsinə əsgərlərin qopuq, nizamsız yaddaşından baxmasıdır. Əsgərlərin yaddaşındakı təsvirlərində reallıqla qeyri-reallğın sərhədləri bəzən itir. Çünki bu qeyri-sabit, müharibəni düşünülmüş şəkildə izolyasiya etmiş yaddaşdır. Animasiya janrının xüsusiyyətləri isə qeyri-real, fantasmaqorik reallıq, paranoya, qorxulu nağıl estetikası yaratmaq imkanı verir. Müəllif elə ilk səhnələrdə sürreal estetikaya istinad edir. Arinin dostu ona hər gün eyni yuxunu – 26 qəzəblənmiş köpəyin hücumunu gördüyünü danışır. Livan müharibəsində ona bir ərəb kəndində bütün köpəkləri öldürmək tapşırılır. Çünki köpəklərin yad adamlara hürməsi terrorçuları ayıq salırdı. Dostunun əhvalatı Arinin yadına salır ki, onun da müharibədən daimi xatırladığı bir hadisə var: o, dənizdən çılpaq çıxaraq silahlanır və döyüşə yollanır. Beləcə, o, Livan müharibəsinin döyüş yoldaşlarının taleyinə təsirini öyrənmək məqsədilə onlarla danışır. Keçmiş hərbçiləri birləşdirən əsas motiv isə öldürülmüş günahsız insanlar, qorxu hissi və dəhşətdir. Livan müharibəsi döyüşçülərin kabusudur. Onlar filmdə müharibənin məqsədini heç xatırlamırlar da. Odur ki, süjetboyu səslənən “Hər gün Beyrutu bombalayırdım. Biz günahsız adamaları öldürürdük” coşqulu, ritmik kompozisiya təklif olunmuş vəziyyətdə daha çox psixi xəstəlkdən əziyyət çəkən adamın özünü ittihamı, cəzası kimi səslənir.
Filmin adı birmənalı deyil. Epizodlardan birində əsgər əsəbi, coşqulu hərəkətlə binalardan onları hədəfə alan snayperlərə dayanmadan atəş açır. Bu zaman onun hərəkət trayektoriyası vals rəqsini xatırladır. Bütün bu dəhşətə son qoymaq istəyən və sanki trans vəziyyətində olan əsgərin “güllələmə rəqsi” Bəşir Gemayelin portretinin fonunda baş verir. Kamera səhnənin sonunda Gemayelin portretinə fokuslanır. Çünki az sonra onun partiyası fələstinlilərdən qisas alacaqdılar. Bundan başqa filmin adı əhvalatın üslubuna, nəql texnikasına da uyğunlaşır. Çünki personajların təhtəlşüurunda qəfil sıçrayan kabus xatirələrin vizual düzümü bir növ rəqsə çevrilir. Final səhnəsi fələstinlilərin qətliamının tükürpərdici sənədli kadrları ilə bitir.
Müsahibələrinin birində rejissor deyir ki, mənim ölkəm tərəfindən başladılmış Livan müharibəsi ilk müharibədir ki, müdafiə xarakteri daşımırdı, çünki o, zorakı yolla qonşu ölkənin ərazisinə soxulub.
Yosef Siderin “Bofor” (2007, Bofor Livanla İsrail sərhədində ərazi) filminə klaustrofobiya atmosferi güclüdür. İsrail ordusu Cənubi Livandakı təhlükəsizlik zonasını Hizbullahdan qoruyur. Burda batal səhnlərdən çox əsgərlərin sıxıcı, boz gündəlik həyatı təsvir olunur. Onlar mina təmizləyir, postda durur, bəzən qarşı tərəfin atəşinə cavab verir, dinc həyatdan ötrü darıxırlar. Gözləri qarşısında dostları öləndə isə istər-istəməz müharibəni, burda hansı məqsədlə olduqlarını sorğulayırlar. Hətta əsgərlərdən biri qoruduquları ərazini özlərindən başqa kimsənin getməyəcəyi mənasız cığır adlandırır. Ron Leşemin “Əgər cənnət varsa” romanı əsasənda lentə alınmış film sıxılmış rakurslarla, soyuq rənglərlə çəkildiyindən havasızlıq və hermetik təsiri bağışlayır. Təbiət idilliyası fonunda silah-sursatın təsvirinin kontrastlı həllində təbiətin gözəlliyi müharibəyə uduzur.
İsrailin kino tarixində ilk “Qızıl Şir” mükafatını alan və ölkədə birmənalı qarşılanmayan “Livan” filmi də rejissor Samuel Maozun şəxsi təcrübəsidir. 1982-ci ildə Livanda baş verən əhvalatın qəhrəmanları İsrail tankının ekipajıdır. Livan ərazisini Suriya hərbçilərindən və fələstinli döyüşçülərdən təmizləmə prosesində dinc əhali də öldürülür. Ona görə ekipaj üzvləri daim gərginlikdədirlər. Hətta heyətə daxil olan gənclərdən biri gördüklərindən dəhşətə gələrək, gah ona əmr olunan nöqtələri vurmaqda çətinlik çəkir, gah da stressdən qeyri-müəyyən nöqtələri hədəfə alır. Yəni müharibə eyni zamanda tankın içində gedir: ölüm qorxusu yaşayan əsgərlərin davranışında, hər dəfə dinc sakin öldürüləndə emosiyalarının gərginləşməsində.
Maşınında toyuq-cücə aparan fermer İsrail əsgərlərinə əl yelləyib atmamağı işarə etsə də, avtomobili gülləbaran edilir. Bədəninin bir hissəsi yox olmuş adamın çabalamasına hərbçilər də dözmür və onun əziyyət çəkməməsi üçün son güllənin sıxılması müharibənin ən sərt üzünün vizual şərhidir.
Film demək olar ki, bütünlüklə tankda çəkilib. Tamaşaçı baş verənləri tankın nişangahından görür və nişangah bu zaman kameranın funksiyasını daşıyır.
Ümumiyyətlə isə İsrail kinosu ilə tanışlığım Eran Kolirinin “Orkestrin səfəri” (2007) filmindən başlayıb. Misirin polis orkestri İsrailə Ərəb Mədəniyyət Mərkəzinin açılışına qatılmaq üçün səfər edir. Adının mənası “ümid dəliyi” olan şəhərə getmək əvəzinə orkestr üzvləri səhvən, başqa, adı “ümidə zəmanət” verən şəhərciyə gəlir. Həmin gün avtobus olmadığından bu sakit şəhərcikdə gecələməli olurlar. Əvvəlcə ərəblər və yəhudilər bir-biri ilə ehtiyatla, korrekt, güvənsiz davranır. Amma şəhərciyin sakinlərinin istiqanlılığı, qonaqpərvərliyi onları yaxınlaşdırır…