Dənizçilərə Sosial Dəstək”İB və Müstəqil.Az saytının birgə “Dənizçi həyatı” layihəsinin bu dəfəki qonağı İST Services Əlavə Tədris Mərkəzinin təlimatçısı, təcrübəli dənizçi Azad Bayramovdur.
-Azad müəllim, sizinlə söhbətimizə başlamazdan öncə xahiş edərdim ki, özünüz haqda məlumat verəsiniz.
– Mən 1965 ci ildə, avqust ayının 26-da Bakı şəhərində, Bakıxanov qəsəbəsində ziyalı ailəsində anadan olmuşam. Ali təhsilliyəm. Evliyəm üç övladım var və onlarda evlidirlər, 4 nəvəm var.
-Bəs necə oldu dənizçilik sahəsinə gəldiniz, əmək fəaliyyətinə harada başlamısınız?
-İlk əmək fəaliyyətimə 1982 – ildə 17 yaşımın tamam olmasına az qalmış Xəzər Dəniz Gəmiçiliyi idarəsinin “Zaqfedarasiya” adına gəmi təmiri zavodunda çilingər – şagirdi vəzifəsindən başlamışam. O zamanlar zavod ərazisində olan gəmilərə 18 yaşı tamam olmayan işçiləri buraxmırdılar. Ancaq dənizə, gəmilərə olan maraq və istək məni rahat buraxmırdı. Günlərin birində arzumu reallaşdırmaq üçün səhər açılan kimi Razin stansiyasından elektrik qatarına minib, Montin stansiyasında düşdüm və piyada dəniz istiqamətində gəmi təmiri zavoduna gəldim. Zavod rəhbərliyinin olmadığı vaxtdan istifadə edib, işçilərdən xahiş elərdim ki, məni gəmiyə buraxsınlar. Onlar da mənim bu istəyimə anlayışla yanaşıb, həm mənim gəmi haqqında suallarıma məmuniyyətlə cavab verməyə, həm də iş sahələri ilə tanış etməyə başladılar.
-Demək sizin gəmi ilə, dəniz ilə ilk təmasınız bir yeniyetmənin inadkarlığı ilə başladı.
– Elədir. İnanın, məndən soruşsalar ki, həyata yenidən gəlsən nə edərdin? Cavab yenə konkret belə olardı: dənizə və gəmilərə xidmət etmək.
-Və bu istəyin ardınca düşüb dənizdə möhkəmləndiniz…
-Dəqiq. Bu istək məni Odessa şəhərində yerləşən Dəniz Donanması Mühəndisləri İnstitutuna gətirdi. 1989-cu ildə mühəndis – mexanik ixtisası üzrə inisititu müvəffəqiyyətlə bitirdim və elə həmin ildən də vətənə qayıdıb, bu günə qədər öz ixtisasım üzrə fasiləsiz əmək fəaliyyətindəyəm.
-Məsələn, haralarda işlədiniz?
– İndiki Hövsan Beynəlxalq Ticarət limanında, gəmi mexaniki, gəmi təmiri sexinin ustası, ardınca rəisi, limanın baş mühəndisi, müvəqqəti baş direktor vəzifələrini icra etmişəm. Müxtəlif donanma şirkətlərinin gəmilərində (Bakı Balıq Soyuducu Donanma İdarəsi, Palmali Shipping Company, Xəzər Dəniz Neft Donanması, BUE Qazaxıstan, CMS BV şirkətləri və s.) mexanik, baş mexanik, məsləhətci – mühəndis mexanik vəzifələrində çalışmışam.
Bundan əlavə 1995 – 1997 ci illərdə Azərbaycan Dövlət Balıq Təsərrüfatı Texnikumunda ixtisas fənləri üzrə pedaqoji fəaliyyətim olub. Sonralar həmin təhsil müəssisəsində 7 il gəmi mexanikləri və elektrik mexaniklərin buraxılış imtahan komissiyasının sədri olmuşam.
-İndi tədris mərkəzində təlimatçısız, bəs üzən heyyətə son dəfə nə vaxt işlədiniz, hansı səbəbdən üzən heyyətdən uzaq düşdünüz?
-Gəmidə, uzən heyyətdə son iş yerim CMS BV şirkətində olmuşdur. Mən bu şirkətdə düz 10 il, daha dəqiq desək 14.11.2010 – cu il tarixindən 31.03.2021 – il tarixinə qədər müxtəlif tipli gəmilərində baş mexanik , məsləhətçi mühəndis mexanik vəzifələrində çalışmışam. Bu müddət ərzində Xəzər dənizində mühüm dövlət əhəmiyyətli layihələrdə iştirak etmişəm. Bir çox gəmilərin son vaxtlarda istismardan çıxarılması ilə əlaqədar mən CMS BV şirkətindən öz xahişim ilə əmək fəaliyyətinə xitam verdim. Bundan sonra məni tanıyan dostların və həmkarların məsləhəti ilə ADDA – nın nəzdində olan Təlim Tədris Mərkəzində saat hesabı təlimatçı vəzifəsində fəaliyyətə başladım. Hal hazırda da ora ilə bağlanmış müqavilə qüvvədə sayılır.
-Bəs, hazırda çalışdığınız İST Services Əlavə tədris mərkəzinə gəlişiniz necə baş verdi?
-TTM – də çalışdığım ərəfələrdə sosial şəbəkələrdə yeni yaranmış İST Services Əlavə Təhsil Mərkəzi haqqında elana rast gəldim və telefon əlaqəsi yaratdıqdan sonra, tanışlıq üçün ofisə dəvət aldım. Şirkətin baş direktoru Orxan bəy və rəhbər işçi Türkan xanım məni çox səmimi qarşıladılar. Mənim barədə müəyyən məlumatlar topladıqdan sonra , sənədlərim HR təqdim olundu. Bir müddət keçdikdən sonra mən 2021 – ilin oktyabr ayından İST Services şirkətində təlimatçı – metodist vəzifəsində əmək fəaliyyətinə başladım. Beləcə burada çalışmağım gerçəkləşdi. Hal hazırda 2023 ilin ilk günündən rəhbərliyin verdiyi əmrə əsasən baş təlimatçı vəzifəsində çalışıram.
-Bu şirkət sizi daha çox hansı keyfiyyətləri ilə cəlb edə bildi?
-İşgüzar və mehriban kollektivin fəaliyyəti, şirkətin beynəlxalq səviyyədə strategiyasının təşkil olunması, daimi olaraq təlimin keyfiyyətli aparılmasına səy göstərən və əvəzsiz zəhməti olan qayğıkeş rəhbərliyin əməyi, bu tədris mərkəzinin digərlərindən fərqləndiyinin əsas kriteriyalarından idi. Və bütün bunlar məndə böyük ruh yüksəkliyi yaratdı və mən başa düşdüm ki, bütün potensial imkanlarımdan və təcrübəmdən istifadə edib bu şirkətin uğurlu inkişafı üçün müəyyən qədər məhsuldar əmək sərf etməliyəm.
– İST Services şirkətinin hansı layihələri və ideyaları uğurlarla müşahidə olunur?
– Qeyd etməliyəm ki, iST Services şirkəti beynəlxalq səviyyədə bir çox uğurlara imza atmışdır. Buna sübut şirkət tərəfindən verilən sertifikatların xarici ölkələrdə tanınmasıdır. Şirkət tərəfindən qısa müddətdə STSW təlimlərinin praktiki məşğələlərinin İMO standartlarına tam uyğun keçirilməsi üçün İST poliqonu tikilib istifadəyə verilmişdir. Burada “Dənizdə sağ qalma, İlk tibbi yardım , Yanğınla mübarizə , fərdi və kollektiv xilasedici vasitələrin düzgün istifadəsi və.s” kimi praktiki məşğələlərin keçirilməsi üçün əlverişli şərait yaradılmışdır. Bundan əlavə şirkət rəhbərliyinin səyi və zəhməti hesabına dəniz sürücüləri ixtisaslı mütəxəssislərin praktiki məşğələlərinin yüksək keyfiyyətli olması üçün simulyator avadanlığı ilə təmin edilmişdir.
-Bəs bu təlimlərin keçirilməsi üçün hansı metodik və praktik vasitələrdən istifadəsi necə aparılır, siz hansı ixtisas üzrə təlim keçirsiz?
-Mən gəmi sürücüləri ixtisasına aid olan (spesifik)təlimlərdən başqa, nəzərdə tutulmuş bütün təlimlərin keçirilməsində iştirak edirəm. Dəniz donanması gəmilərində çalışan sıravi və komanda heyyətlərinə, təhsil almış gənc dənizçilərə və korporativ şirkətlərin dənizdə çalışan mütəxəssislərinə mütəmadi olaraq təlim aparıram. Mənim üçün əsas prioritetlərdən biri odur ki, iştirakçılar üçün aparılan təlim keyfiyyətli olsun və bu sahədə İST Services şirkətinin nüfuzu dənizçilik təşkilatları arasında inam və pozitivlik rəyi yarada bilsın. Artıq bizim şirkət bu sahədə bir çox nailiyyətlərə imza atıb. Mən baş təlimatçı kimi iştirakçılar ilə təlimin aparılmasında əsas bu prinsipləri rəhbər tuturam : 1. Təlimin həyatla əlaqələndirilməsi prinsipi. 2. Təlimdə elmilik və ardıcıllıq prinsipi. 3. Təlimdə şüurluluq prinsipi. 4. Təlimin optimal təşkili prinsipi. 5. Təlimdə fərdi yanaşma prinsipi. 6. Təlim üçün zəruri şəraitin yaradılması prinsipi. 7. Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi.
Əminəm ki, yuxarıda qeyd etdiyim prinsiplərin təlimlərdə həyata keçirilməsi ilə fəaliyyətimiz hər zaman İST Services şirkətinə yeni – yeni uğurlar gətirəcək!
-Azad müəllim, uzun müddətdir bu sahədə çalışırsız, uğurlarınız, keçdiyiniz yol ondan xəbər verir ki, siz dənizə həqiqətən də biganə olmamısınız. Bəs, bu sahə haqda gənc dənizçilərə tövsiyyəniz nə olardı?
– Dənizçilik məsuliyyətli və şərəfli peşədir. Mən fəxrlə qeyd etmək istəyirəm ki, dünya sularında da Azərbaycan dənizçilərinin peşəkar, savadlı və səriştəli olmaqları ilə çalışdıqları əcnəbi şirkətlərində də müsbət rəy qazanıblar. Buna mən özüm uzaq səfərlədə işlərkən tam əmin olmuşam. Hər bir gənc dənizçi olmağa hazırlaşarkən, onlara bu tövsiyələri bildirmək istəyirəm : seçim etdiyin peşəni sevmək , nəzəri bilikləri artırmaq üçün müntəzəm olaraq çalışmaq, komanda üslubunda əmək fəaliyyətini bacarmaq, daimi olaraq peşəkarlıq səviyyəsini artırmaq, komanda heyyəti tərəfindən verilən tapşırıqları vaxtında düzgün və təhlükəsiz yerinə yetirmək, şərti həyacan təlimi məşqlərində aktiv iştirak etmək, sağlam olmaq , gəmidə düzgün həyat fəaliyyəti aparmaq. və.s
-Azad müəllim, məlumdur ki, dənizçi həyatı macəra dolu olur, bəlkə oxucularımıza nələrisə nəql edəsiniz
– Çox gənc yaşlarımda ” Zaqfedarasiya” adına gəmi təmiri zavodunda işləyərkən, məndə o zaman təmirdə olan “Koroğlu” katamaran – kran gəmisinə daxil olub, ona baxış keçirmək istəyi yarandı. Ancaq az yaşlı olduğum üçün, buna icazə verilmirdi. Zavod rəhbərliyi tərəfindən verilən sərəncama əsasən, az yaşlıların təmirdə olan gəmilərə daxil olmaqlarına qadağa qoyulmuşdur. O dövrdə mən Razin (indiki Bakıxanov) qəsəbəsində yaşayırdım. Bir gün şəhər istiqamətinə hərəkət edən birinci elektrik qatarına minib, zavoda gəldim, səhər saat 06:10 olardı. Heç kimin olmadığından istifadə edib, “Koroğlu” gəmisinin içərisinə daxil oldum (onu da qeyd edim ki, bu gəmi mənim həyatımda ilk ayaq basdığım gəmi olub). Hər yer qaranlıq olsada maraq məni gəminin müxtəlif yerlərinə yönəltdi. Müəyyən vaxtdan sonra bu “ekskursiyaya” son qoyub gəmidən çıxmaq istədim, lakin hansı istiqamətdə getdimsə çıxışı tapmaq uğursuz alındı və onda həyacanlandım, başa düşdüm ki , azmışam. Çox həyəcanlı idim , hətta bir az kovrəlmişdim ki, indi buradan necə çıxım? Əlacsız vəziyyətdə olduğumu başa düşdüm və bir küncdə oturmaq qərarına gəldim. Təxminən 1,5 saat vaxtdan sonra təmir işləri aparan işçilərin səslərini və gəmiyə daxil olduqlarını hiss edib, qışqıraraq səs gələn tərəfə istiqamətləndim və təmir işçilərinin köməyi sayəsində gəmidən “azadlıq” çıxdım.
-Azad müəllim, vaxt ayırıb suallarımıza cavab verdiyiniz üçün sizə təşəkkür edirəm.
– Mən Sizə öz təşəkkürümü bildirirəm. Siz dənizçilərimizin fəaliyyətini maraqla izlədiyi “DSD” İB-nin sədri, Peşəkar gəmi kapitanı, dənizçilərə qayğı ilə yanaşırsız, onların arzu və təkliflərini, xoş günlərini, problemlərini ictimailəşdirirən həmkar olaraq çox mühüm işlərə imza atırsınız. Sizə və killektivinizə ən xoş arzularımı sizə ünvanlayıram.
Söhbətləşdi: Faiq Balabəyli