İstanbul Boğazındakı körpü Azərbaycan bayrağının rənglərinə boyandı

İstanhul Boğazındakı “15 iyul şəhidləri” körpüsü Azərbaycanın üç rəngli bayrağının rənglərinə boyanıb.

Müstəqil.az xəbər verir ki, mayın 27-də axşam saat 21-dən etibarən Azərbaycan bayrağının rənglərinə boyanan körpüdəki o vəziyyət mayın 28-də səhərə qədər davam edəcək, eyni gün axşam saatlarında körpü yenidən lazer işıqları vasitəsi ilə üç rəngli bayrağa boyanacaq.

“15 iyul şəhidləri” körpüsünün Azərbaycan bayrağının rənglərinə boyanmasını yerində izləyəndən sonra APA-ya açıqlama verən Baş konsul Məsim Hacıyev deyib: ”Nəqliyyat, kommunikasiya və dənizçilik nazirliyinin İstanbulldakı bölgə idarəsi ilə danışıqlar apararaq “15 iyul şəhidləri” körpüsünün işıqlar vasitəsiylə bayrağımızın 3 rənginə boyanmasına nail olmuşuq. Cümhuriyyətimizin qurulmasının 100-cü ilində körpünün 2 gecə bayrağımızın rənglərinə boyanması bizim üçün unudulmaz əlamətdar hadisələrdən biridir. Bu işləri həyata keçirmək üçün Baş konsulluğumuz Türkiyə Cümhuriyyətinin müvafiq dövlət qurumları ilə daimi məqsədyönlü iş aparıb. Təklifimizi qəbul edərək körpünü iki gecə üç rəngli bayrağımızın rənginə boyayan müvafiq dövlət qurumlarına öz təşəkkürümü bildirirəm. Bu, mərhum Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” prinsipinin növbəti əyani təzahürlərindən biridir”.

Qeyd edək ki, 1973-cü ildə inşa edilmiş və hazırda “15 iyul şəhidləri” adını daşıyan körpünün tarixində Azərbaycan dövlətinin bayrağından başqa heç bir dövlətin bayrağının rənglərinə boyanmasına icazə verilməyib. (APA)

Share: