Türkiyənin İstanbul şəhərində “Azərbaycan – Türkiyə Beynəlxalq Gənclər Forumu” keçirilib.
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Xaricdəki Türklər və Əqraba Topluluqları İdarəsinin (YTB) İstanbul koordinatorluğunun ev sahibliyində, “Azərbaycan – Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin, “Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası”nın, “Yeni Çağ” Media Qrupu və “Academix” İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə “Qloballaşmada mədəniyyətlərarası dialoqun rolu: Azərbaycan – Türkiyə Beynəlxalq Forumu” həyata keçirilib.
Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirin açılışında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İctimai Şurasının üzvü, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, “Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi” İB sədri Məhsəti Hüseynova, YTB İstanbul Ofisi koordinatoru Əmrə Oruc, Azərbaycanın İstanbul konsulu Zaur Allahverdizadə, “Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası”nın sədr müavini Pərviz Məmmədzadə, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “İstanbul Türkiyə-Azərbaycan Həmrəylim ve Mədəniyyət Dərnəyi”nin sədri Səfər Qarakoyunlu, TİMBİR sədrinin müavini, “İstanbul Jurnalistlər Cəmiyyətinin”nin sədri Adil Koçalan, “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud, “Bolqarıstan Türkləri Mədəniyyət və Xidmət Dərnəyi”nin yayım orqanı “Bulqaristan Gazetesi”nin rəhbəri Rafet Ulutürk çıxış ediblər.
Forum çərçivəsində 2 panel keçirilib. “Qarabağ və Qərbi Azərbaycan mədəni mirası” adlı birinci panel Azərbaycan “Diaspora” İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdilinin moderatorluğu və siyasi şərhçi, jurnalist Güngör Yavuzaslanın, “Ulusal Kanal” xəbər spikeri Yeşim Əryılmazın, bloqer-jurnalist Aysu Mola və YTB doktorantı Rəşid Mustafazadənin iştirakı ilə baş tutub.
Qərbi Azərbaycan araşdırmaçısı Anar Can Kıtayın moderatorluğu ilə keçirilən “Qarabağ Zəfərinin qazanılmasında Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin rolu” adlı ikinci panel Azərbaycan Respublikası Diasporala İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cavid İsmayıl, “Türkiyə – Azərbaycan Dərnəkləri Federasiyası” koordinatoru Altay Mirzalıyev, “Qazax Türkləri Təhsil Araşdırma Dərnəyi”nin baş katibi Orhun Akdağ və Nihad Nəsirzadənin iştirakı ilə keçirilib.
Forumun sonunda tərəfdaşlar və spikerlərə təşəkkür plaketi, iştirakçılara isə sertifikatlar təqdim olunub.