İsveç tarixində bir ilk: PKK üçün pul toplayan şəxs mühakimə olunacaq

İsveç tarixində bir ilk: PKK üçün pul toplayan şəxs mühakimə olunacaq

İsveç tarixində ilk dəfə terror təşkilatı PKK/YPG üçün pul toplayan şəxs mühakimə olunacaq.

Bu barədə yerli SR dövlət radiosu ölkə prokuroru Hans İhrmana istinadla xəbər verib.

Bildirilir ki, şübhəli İsveçdə şantaj yolu ilə pul toplamaqda təqsirləndirilir.

“Bu, uzun müddətdir mütəşəkkil şəkildə həyata keçirilən daha əhatəli fəaliyyətlərin bir hissəsidir. İstintaq araşdırıldıqca dərinləşir”, – deyə prokuror bildirib.

İhrman, həmçinin şübhəlinin bir neçə həftə sonra mühakimə olunacağını xəbər verib və onun fəaliyyətinin ağır cinayət kimi qiymətləndirilməsi lazım olduğunu vurğulayıb:

“Bu işdə terroru maliyyələşdirmə cəhdi ciddi cinayət kimi qiymətləndirilməlidir, çünki pulların terror hücumlarına getməsi riski vardı. PKK-nın fəaliyyəti təkcə 2022-ci ildə dünyada 54 şiddət hadisəsi ilə əlaqələndirilib. Bu hücumlarda çoxlu sayda mülki vətəndaş həyatını itirib”.

İsveç mediasında yayılan məlumata görə, yanvar ayında saxlanılan şübhəli restorana girərək PKK üçün pul tələb etdikdən və silahla atəş açdıqdan sonra həbs edilib.

Mənbə: TRT Haber

Share: