Sevgidən yazmaq istəyirəm-özümə məxsus dəli sevgidən…
İlk sevgim babama olub – elə divanəcəsinə, elə qısqanc, elə böyük sahiblənmək hissi ilə olub ki, onu öz balalarına belə qısqanmışam. Nənəmə, atama, bibilərimə, əmimə belə. Günorta saatları nahar fasiləsində evə yalnız məni görmək üçün gəldiyini, evin qarşısında maşını saxlayıb siqnal verməyini yalnız və yalnız mənə görə etdiyini bilirdim. Qubanın mərkəzi-gediş-gəlişli küçələrindən birində yerləşən evimizin içərisinin eni iki metr olan pəncərəsindəki Çiçək gülü (Liba) adlanan dibçək gülünün çəhrayı çiçəkləri üzümü, gözlərimi, dodaqlarımı, yanaqlarımı, gözlərimi oxşaya-oxşaya onun yolunu gözləyərdim. Küçəyə açılan beş pəncərədən hansında oturduğumu bilən babam maşını düz o pəncərənin qarşısında saxlayar, guya pəncərə tərəfə baxmadan böyük taxta qapıya tərəf addımlardı. Uca boyu, mas-mavi gözləri, şux qaməti, biçimli vücudu, düzgün üz quruluşu, yer-yerdən bəyazlaşmış gur saçları ilə babam şəhərimizin ən yaraşıqlı kişisi idi. Hər kəslə ciddi, sərt, kəskin sözlərlə danışan babamın dənizə bənzər gözləri mənə sataşanda içdən gələn bir sevinc, bir qürurla gülümsər, qollarını yanlara açıb məni qucağına səslərdi. Taxta qapını açıb damaltına girən babamı pilləkənin başında gözlərdim. Ürəyim əsə-əsə tez gəlməsini gözləsəm də aşağı enməz, qucağına atılmazdım. Çünki Onun öz qayda-qanunları vardı. Mən nə qədər dəcəl, ərköyün, sözü keçən olsam da yerimi də bilirdim. O həyətdə maşuta bulanmış uzun, nazik barmaqlı əllərini sabunla tər-təmiz yuyar, eyni zamanda yüksək, hökmlü səslə nənəmi səslərdi:
– Hökmə!
Artıq çoxdan əlində dəsmalla arxasında dayanıb onun yuyunmasını gözləyən nənəm bircə addım önə çıxıb əlindəki sabun qoxulu dəsmalı ona uzadardı.
Babamın öz xalası qızı olan nənəmi çox sevdiyini için-için hiss edirdim və etiraf edim ki, bu məni əsəbləşdirirdi. Bəlkə də elə bu üzdən bəzi məqamlarda onu danlamağından böyük zövq alırdım. Bu ələlxüsus da mənə görə olanda daha çox xoşuma gələrdi. Mənə kiminsə söz demək haqqını babam kimsəyə verməmişdi. Hətta bir dəfədə atama – Mənim uşağımla işin olmasın. Mənim qızım ağıllıdı, nə dediyini, nə etdiyini yaxşı bilir. Get oğlanlarını danla, – dediyini duymuşdum. Atam babamın məni bu qədər ərköyün böyütdüyünə, hər kəsin sözünü düz üzünə, çəkinmədən dediyimə, beləcə başına buyruq olacağına görə narahatlıq keçirirdi. Amma mənim boğazıma bıçaq dirəsən də soruşulan sözə verdiyim düz sözdən daha böyük “ərköyünlüyüm” yox idi. Babamın mənə olan sevgisindən yararlanıb ona istədiyin hər şeyi aldırmaq, istədiyim hər şeyi etmək və bu kimi xırda düşüncələrdən çox-çox uzaq idim. Məni gəzməyə aparanda yolda istədiyim hər şeyi alacağını bilə-bilə kəsinliklə bir şey istəməz, aldığına ürəkdən etiraz edərdim. Tək istədiyim tək və bölünməz sevgi idi ki, onu da uşaq vaxtı babam mənə doyasıya yaşatdı…
Sonra….
Qətiyyətlə deyə bilərəm – Bəxtiyar Vahabzadəni ilk öncə babama bənzədiyinə görə sevdim. Bir tək gözlərinin rəngi fərqli idi. Daha sonralar poeziyasının sehrinə düşdüm, şeirdən-şeirə, misradan-misraya, bənddən-bəndə sehirləndim, bu poeziyadakı sevgi ilə qidalandım, eşq tərbiyəmi bu poeziyadan aldım. Zatən Bəxtiyar poeziyasındakı bəşəri, bir az üsyankar, bir az tələbkar, bir az hesab sorma sevgisini babama olan sevgimlə canımda daşıdığımın fərqindəydim. Bəxtiyar – “Bir salama dəymədi?” deyib hesab soruşanda, iradını, qınağını bildirəndə mən bunu içimdən dinməzcə, demədən-danışmadan, hayqırmadan əməlimlə edirdim – babamın diqqətini azacıq azaldığını görəndə atamgilə gedərdim – danışılmadan, dilə gəlmədən edilən üsyanı babam anlar, ardımca gəlib məni evinə aparardı. Əslində babama olan sevgim qarşılıqlı olduğundan küsür, inciyirdim. Babamın da məni başqalarına – atama, anama, qardaşlarıma, ən çox da ana babama və nənəmə qısqandığının fərqindəydim. Və bu məni sonsuz xoşbəxt edirdi. Biz bir-birimizi qarşılıqlı, təmənnasız, qısqanclıqla, bölünmədən sevirdik. Yaşadığım böyük sevgini Bəxtiyar sevgisində, Bəxtiyarın sevgi şeirlərində tapmışdım. Üsyankar, tələbkar, bölünməz, qətiyyətli və əbədi bir sevgi! Bütün bu gözəl xüsusuyyətləri özündə daşıyan sevgi yalnız bir hissdən – insanlığa görə böyük, sevgiyə görə cılız bir hissdən xali idi – qürurdan! Buna da Bəxtiyar gözəl boyalarla haqq qazandırmışdı –
Ömrün bahar çağında
Qəlbə yağan qar nədir?
Sevirsənsə, əzizim,
Səndə bu vüqar nədir?!
Bütün arzularına
Zirvə mənəm, son mənəm.
Qüruru neyləyirsən?
Sənin qürurun mənəm.
Vüqar hara, eşq hara?
Sevənlər “mən”, “mən” deməz.
Sevənlər eşq odunda
Əriyib itməzmi bəs?
Vüqarınla döyüşdə
Məhəbbətim uduzmuş.
Mənim isti göz yaşım
Boş qürurdan ucuzmuş.
Qürurumu sındıran sevginin gəlişi illər çəkdi. Bu müddətdə mən artıq Cabir Novruz şeirindəki məsum, itaətkar, zərif, için-için, qarşısındakından çox özü üçün sevən bir sevgi ilə tanış olmuşdum. Cabirin sevgisi Bəxtiyarın sevgisindən itaətkarlığı ilə fərqlənirdi.
Bir zamanlar mən o qızı sevərdim,
Gözlərinə sevgi gülü səpərdim,
O mənimçün hər bir şeydən əzizdi,
Köksümdəki bu ürəkdən əzizdi.
O mənimçün işıq idi, havaydı,
Hər ağrıma məlhəm idi, davaydı…
-deyən Cabir Novruz sevginin bitməsi, yoxa çıxması, nakam olması kimi düşüncələrə boyun əyir, onlarla asanlıqla barışır, sevgidən geriyə qalan xatirələrlə ovunur, qarşı tərəfi xoş qarşılar, onu sorğu-suala çəkməzdi. Etiraf edim ki, Bəxtiyar poeziyasının vurğunu olsam da ona xəyanət etmədən qəlbimdə Cabir poeziyasının ecazkarlığına qapılmışdım. Bir müddət sonra isə tam sehrinə düşüb yalnız o poeziyaya bürünmüşdüm. Hətta bu poeziya Bəxtiyar poeziyasını üstələmişdi, deyə bilərəm – itaətkar, məsum, səssiz olması ilə…
İnsana verilən ən gözəl hissdi sevgi. İstər itaətkar olsun, istər üsyankar…
Onunla qarşılaşanda artıq Onun da şeir vurğunu olduğunu bilirdim. Bəxtiyar poeziyasının, Bəxtiyar şeirinin ötəsi yox idi Onun üçün. Mən Cabirdən şeir parçaları oxuyanda qarşılığını Bəxtiyar şeiri ilə verər, sevdiyi şairliyin üstünlüyünü göstərmək istəyərdi….
İllər bir-birini əvəzləyir, biz bir-birimizi daha yaxşı tanıyır, xarakterimizə daha yaxından bələd olurduq. Dəyişilməyən tək cəhət Onun Bəxtiyar, mənim Cabir sevgim idi.
Zira dalaşıb ayrılıq həddinə çatan anlarımızda O Cabir poeziyasındakı itaətkarlığı, mən Bəxtiyar poeziyasındakı üsyankarlığı göstərirdim…
Sevgi isə hər zaman qalib gəlir – istər üsyankar olsun, istər itaətkar…
Təranə MUSAYEVA