İtaliyanın “KmetroO”, “Sardegnagol”, “Politicamente Corretto”, “Agenzia Nova” kimi mətbuat orqanlarında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı məqalələr dərc olunub.
Müstəqil.az xəbər verir ki, yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı olması ilə bağlı fikirlərinə yer verilib: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.
Eyni zamanda, qeyd olunub ki, Azərbaycan Prezidentinin göstərişi ilə Şuşada Vaqif poeziya günləri və Xari bülbül festivalı bərpa ediləcək. Həmçinin xarici qonaqların Şuşaya rahat səfər etmələri üçün şəhərə yaxın məsafədə yerləşən Füzulidə beynəlxalq hava limanı tikiləcək.
Yazılarda, habelə vurğulanıb ki, Şuşa şəhərinin Azərbaycan xalqı üçün böyük mənəvi dəyəri və əhəmiyyəti var. Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir. Vaqif, Natəvan, Xan Şuşinski və sair kimi dahi azərbaycanlılar Şuşada yaşayıb-yaradıblar. Şuşa, həmçinin Qafqazın konservatoriyası hesab edilir.