Ötən əsrin 90-cı illərinin sonunda məhşurlaşmış müğənnilərindən biri, uzun müddət haqqında heç bir məlumat olmayan, bəzi iddialarda hətta öldüyü deyilən Şeyla Teleqraf.com-a müsahibə verib.
Şeyla xanımla söhbəti təqdim edirik.
– Əvvəllər də haqqınızda çox az məlumatlar dərc olunub. Öncə bilmək istərdik, siz kimsiniz?
– Bakıda anadan olub böyümüş, əkizlər bürcünün nümayəndəsi, kosmopolit, yaradıcı təbiətə malik praqmatik bir qadın… 2009-cu ildən ABŞ-da yaşayıram. Evliyəm, iki övladim var. Orta musiqi və ali maliyyə təhsili sahibiyəm. Hazırda turizm sənayesində çalışıb marketinq üzrə təhsil alıram.
– 90-ci illərin sonu, 2000-ci illərin əvvəlində məşhurlaşan Şeyla gözlənilmədən yoxa çıxdı. Bəziləri onun öldüyünü, bəziləri isə ABŞ-da dizayner işlədiyini yazdı. Siz Fesybukda bu məlumatları təkzib etdiz. Şeyla harda idi, niyə efirlərdən uzaqlaşdı?
– Sənətdən getməyimə çox səbəb vardı, zamanla onların hamısı musiqiyə olan marağımı azaltdı. Bəlkə də ən başlıca səbəb – Azərbaycan musiqisinə bir qədər gec gəlməyim oldu. Mən 90-cı illər musiqisinin pərəstişkarı idim. O zamanlar “Karvan”, “Yuxu”, “Rast” kimi musiqi qrupları parlamağa başlayırdı. Həmin ərəfədə həmçinin Brilyant Dadaşova, Faiq Ağayev və Aygün Kazımovanın yaradıcılığının çiçəklənmə dövrü idi.
Mənim fikrimcə, o dövrdə məhz onlar daha parlaq və özünəməxsus ifa tərzi ilə seçilirdilər. Düzdür, ağır müharibə illərindən sonra vətən yeni başlanğıclar və parlaq gələcəyə doğru ümidlər yaşayırdı. Təbii ki, bu, musiqi aləminə də öz təsirini göstərirdi. Eyni zamanda böyük pərəstişkarı olmadığım türk estradası yavaş-yavaş Azərbaycan musiqisinə təsir göstərməyə başlayırdı.
2000-ci illərdə artıq hər sonrakı mahnı öncəkinə bənzəməyə başladı. Həmin vaxt mən bizim estradaya qulaq asmağı birdəfəlik dayandırdım.
Bundan əlavə, mən şou-biznesə zarafat etmiş kimi gəldim. Gəlişim plansız idi. Ailəm musiqi marağıma hobbi kimi yanaşırdı. Düşünürəm ki, dinləyicilərim təəccüblənəcəklər biləndə ki, mahnı oxuduğum zaman, ondan öncə və sonra ticarət və biznes sferasının müxtəlif mövqelərində çalışmışam. Təhsilim maliyyə sahəsi ilə bağlıdır. Müğənnilik toylardan, restoranlardan və tədbirlərdən əldə olunan qazanc forması kimi məni maraqlandırmırdı. İştirakçısı olduğum çox nadir çıxışlarım ya xeyriyyə məqsədi daşıyırdı, ya da işlədiyim kompaniya üçün xeyirxah jest idi.
Ən nəhayət, hər dəfə sevgi haqqında oxumağı heç bir zamam təsəvvür edə bilmirdim. Mən həmişə elə düşünürdüm ki, müğənni – “xalqın səsidir” və həmçinin bir şair kimi sosial yük daşıyıcısıdır. Mən Stinq, Pink və kumirim olan Maykl Cekson kimi mühüm sosial hadisələrdən ifa etmək istərdim, lakin dinləyicilər hər zaman “sevgi” haqqında musiqi tələb edirdi…
– Keçən 17 il ərzində həyatınızda hansı yeniliklər olub?
– 2003-cü ildə dünyanı fəal şəkildə kəşf etməyə başladım. Bu ehtirasım məni peşəkar sənaye turizminə сəlb etdi. Müğənilikdən sonra qısa bir müddət fotoqrafiya sənəti və ondan daha da qısa bir müddət jurnalistika peşəsi ilə maraqlanırdım. ABŞ-a məndən qabaq köçən ailəmlə yenidən birləşmək məqsədi ilə gəldim. Bir çoxları bunu necə bacardığımı soruşurlar. Ailəm “qrin kart” lotereyasının qalibi olaraq ABŞ-a köçmək imkanı qazanmışdı. Lakin mən ailəmə 9 ildən sonra qoşula bildim.
2009-cu ildə ABŞ-a köçdüyüm zaman uzun müddət Bakıda işlədiyim Avropa şirkətlərindən bir sıra is təkliflər aldım. Son qərar Los Ancelesdə nümayəndəliyi olan ispan dekorativ plitələr istehsalı ilə məşğul olan şirkətə nəsib oldu və beş il orda çalışdım.
İkinci oğlum dünyaya gələndən sonra mən, nəhayət, ozümü turizm sahəsində sınamağa qərar verdim və tezliklə “TripAdvisor” korporasiyasının bir hissəsi olan “Viator” şirkətində işə başladım. Həyat yoldaşımla San Fransiskoya köçməyimiz də karyerama böyük təkan verdi, çünki Silikon vadisi çoxsaylı texnologiya şirkətlərinin “doğum yeri” sayılır və bildiyiniz kimi, texnologiya olmadan bugünkü turizm sənayesi təsəvvür edilə bilməz.
Lakin Los Ancelesdən köçməyimizin də öz nöqsanları var imiş. Ailəm orada qaldığında mən iki körpə uşaqla valideyn va ya tam iş qrafiki seçimi qarşında düşünməli oldum. Buna görə də hazırda ən azı bir müddət Los Ancelesə qayıtmaq fikirindəyik.
– Yenidən efir məkanına dönmək, pərəstişkarlarınızı yeni layihələrlə sevindirmək üçün hansısa addımlar atacaqsızmı?
– Səhnəyə qayıtmağa planlaşdırmıram. Son zamanlar sosial şəbəkədə aktiv fəaliyyətimin əsas səbəbi təhsil aldığım “UC Berkeley Extension” Universitinin digər mövzularla yanaşı, “sosial şəbəkələrdə marketinq strategiyası” ilə bağlı dərs mövzusudur. Kurs işim sosial şəbəkədə yeni səhifə yaradib onu reklam etməkdən ibarətdir.
Bundan əlavə, hər dəfə “Sev” mahnım internetə yüklənildiyi an dinləyicilər mənim sağ olduğumu və səhnədən yoxa çıxmağımın səbəbini soruşurdular. Hətta ağır xəstəlikdən, ya da avtomobil qəzasından vəfat etdiyimi deyirdilər. Düşünüb belə qərara gəldim ki, “Sənsiz” albomumun bütün mahnılarını internetə yükləmək və dinləyicilərimin suallarına cavab vermək anı çatıb.
Artıq dinləyicilərim qısa da olsa yaradıcılıq fəaliyyətim ərzində yazılan bütün mahnılarımı Yutub kanalımda və Feysbuk səhifəmdə dinləyə bilirlər.