İtlər haqqında bu yazını İT İLİNDƏ – yəni ötən il yazmaq istəyirdim. Amma elə oldu ki, DONUZ ilində bu mövzu mənim diqqətimi yenidən cəlb etdi. Deyilənə görə donuz ilində doğulanlar üçün ən yaxşı dövr payız, xüsusilə noyabr ayıdır! Həm də şərq ulduz falına görə bu vədələrdə donuzlar itlərə də qəyyumluq edirlər…
…Hər gün səhər işə gələndə və axşamüstü işdən çıxıb evə gedəndə Qazaxstanın və Belarus səfirliklərinin qarşısından ötüb keçirəm. Bu iki səfirliyin iqamətgahı ilə üzbəüz “Salam Aleykum” ailəvi restoranı, ondan da irəlidə Müqəddəs Bakirə Məryəm kilsəsi yerləşir…
Səfirlikləri görəndə adam qeyri-ixtiyari siyasət, diplomatiya, restoranı görəndə yeyib-içmək, kilsə-məbəd görəndə təbii ki, Tanrı barədə düşünür. Amma burada diqqəti cəlb edən və adamı ötəri də olsa düşündürən təkcə bu dörd yaraşıqlı və müasir memarlıq üslubunda tikilmiş binalar deyil , həm də payızda bar verən zümrüd rəngli zeytun ağacları və bu MÜBARƏK ağacların arasında gəzib-dolaşan sahibsiz itlərdir…
Bir dəfə eləmədim tənbəllik, dayanıb bu ərazidəki yiyəsiz küçə itlərini saydım. İyirmidən çox olardı . İtlərin beş-altısı zeytun ağaclarının dibində uzanıb, başlarını biləklərinin üstünə qoyub mürgüləyirdi. Elə bil bütün gecəni oyaq qalıb “öz ərazilərinin” keşiyni çəkib yorulmuşdular. Yeddi-səkkiz it isə restoran tərəfdə dəmir zibil qutularının ətrafında səssiz- səmirsiz gəzib -dolaşırdı. Sanki qida tapmaq üçün kəşfiyyata çıxmışdılar. Bir neçə it də göyənəklikdə quyruğu üstə şöngüyüb gözlərini yoldan ötən maşınlara, səkilərdə ora-bura gedən insanlara zilləmişdi…
***
Bir azdan “kəşfiyyatçı” İtlərdən biri astadan hürdü. Sonra iki –üç it də ona qoşulub bərkən hürdü. Əvvəlcə mənə elə gəldi ki, onlar zeytun ağaclarının altında uzanan dördayaqlı dostlarını zibil qutularının ətrafından tapdığı sür-sümüyü yeməyə çağırırlar…
Sən demə, bu hürüşmə məhəlləyə gələn zibildaşıyan maşına hücum etmək barədə “işarə” imiş . İtlər bir araya gəlib hürə-hürə zibildaşıyan maşını mühasirəyə aldılar. Zibildaşıyan cavanlardan biri yerdən iri daş parçası götürüb itlərə atmaq istədi. O biri ona acıqlanıb:
– Atma, -dedi, – bəyəm bilmirsən, indi İtlərin də toxunulmazlıq hüququ var.
-Zarafat edirsən?
-Zarafat-zad etmirəm. Hətta itin qulağını, quyruğunu kəsmək, onları bir-biri ilə boğuşdurmaq qadağan olunub…
Nəhayət zibildaşıyan maşın yola düşdü. İtlər maşını gözdən itənəcən izlədilər. Sanki hürə-hürə deyinir, zibildaşıyanlara “ bizə çatası sür-sümüyü hara aparırsınız” deyə etiraz edirdilər.
Küçə və ya sahibsiz itlərin “sür-sümük” uğrunda belə əlbir mübarzəsi heyrət doğurur. Üstəlik onlar “öz ərazilərini” özgə məhəllədən gələn itlərdən qoruyurlar. Yad itləri qabaqlarına qatıb özlərinin meydan suladığı ərazidən qovub çıxarırlar…
***
Sahibsiz itlərin ərazi uğrunda meydan savaşına səhərlər idman yürüşünə çıxdığımız Zığ yolu üzərində yerləşən Meşə Parkında tez- tez şahid oluruq. Getdikcə ətəklərində ağacları seyrələn hündür təbiət güşəsinin bir parçası uğrunda sahibsiz itlər əsl nüfuz savaşı aparırlar. Onu da deyim ki, bu itlər burda sahibləri ilə gəzən müxtəlif cins itlərə çox qısqanc lıqla yanaşırlar, bəzən də onlarla boğuşmaq istəyirlər.
Son illər itlərin qısırlaşdırılması və sterilizasiyası onların nəsil artırmaq “hüququnu əllərindən” alsa da, hürmə hüquqları, aqressivliyi özlərində qalıb. Bir çox heyvan hüquqları müdafiəçisi küçə itlərinin aqressivliyini elə onlara aqressivcəsinə yanaşan adamlarda görür.
Hərdən adama elə gəlir ki, sahibsiz itlər dəbdəbəli villlalarda bəslənən, geniş və rahat mənzillərdə yaşayan, bahalı maşınlarda gəzən müxtəlif cinsli itlərin paxıllığını çəkirlər… Amma Bakıda küçə itləri arasında sahibləri tərəfindən atılmış xeyli sayda cins itlərə də rast gəlmək olur.
Buruntaqla gəzdirilən itlərlə sahibləri çox vaxt rus dilində danışırlar. Bir dəfə bahalı cip maşınla bu təbii parkı xatırladan guşəyə gəzməyə gətirdiyi cins itlə azərbaycanlı kişinin ingiliscə danışması məni çox təəccübləndirdi. Öyrəndim it dənizdən neft çıxaran ingilis iş adamına məxsusdur və kişiyə bu itə qulluq etmək üçün mənim aylıq maaşımdan da çox pul verir. Hətta neft məcnunu olan o ingilis təbiət qoynuna aparmaq üçün itinə xüsusi manşın da ayırıb…
Bir dəfə necə oldusa bir rus qadının gəzdirdiyi tulalarla ingilisin iti üz-üzə gəlib bir-birinə bərkdən mırıldaşdılar. Elə bil onlar da ərazi uğrunda dalaşmaq istəyir: “bura mənimdi” deyirdilər. Bu müşahidələrimi sonralar “Mavi prezidentin iti” hekayəmdə ətraflı qələmə aldım.
Hərdən şəhərdə gəzdirdikləri iti əzizləyən adamları görəndə (mənə elə gəlir ki, onların arasında başqa xalqların nümayəndələri çoxluq təşkil edir) düşünürəm: “Bəxtəvərlər gör nə qədər PUL qazanır ki, hələ evlərində it-pişik də bəsləyirlər!..”
Amma yox, deyirəm bəlkə ingilisin, fransızın, almanın, rusun iti bizim yerli – milli itlərimizdən daha ağıllıdır? Axı bizim milli itlər ağıllı olsaydı, şəhərin müxtəlif yerlərində, yaşayış massivlərinin həyət-bacasında İT günündə yaşamazdı!..
Elə bu fikrə paralel olaraq dünyada hər kəs üçün arzuolunan ölkə sayılan Amerikanı düşünürəm. Görəsən orda Nyu-Yorkun Çin məhəllərində itlər Bakıdakı kimi belə asudə, sürü halında gəzb-dolaşa bilirlərmi? Axı çinlilərin it əti yeməsi dünyaya məlumdur…
Dünya demişkən, itlər haqqında dünya kinematoqrafları bir-birindən maralı filmlər çəkib. “Qaraqulaq ağ Bim” (SSRİ-Rusiya) , “Lessi” ( Böyük Britaniya) “Bethoven” (ABŞ) “Haçiko, bir itin taleyi” (ABŞ) və s.
Mərhum yazıçımız İsmayıl Şıxlının son romanı – “Ölən dünyam”dakı Alan adlı it heç də həmin “adlı-sanlı” itlərdən geri qalmır. Hətta onlardan da üstün və bənzərsizdir. Çünki “qaçqın” Alanın canavarla cütləşməndən əmələ gələn törəməsi belə öz adını və yaddaş kodunu itirmir, uzun illərdən sonra yurduna dönən Həsən ağanı tanıyır…
Məgər çörəyini yediyi ailəyə dönük çıxan Keçəl Xondulu kimi zalım hökümət adamını boğan ALAN almanın, ya da ingilisin iti idi? Türkcə Alan sözünün bir mənası da meydan deməkdir. Məsələn, savaş alanı – hərb meydanı anlamındadır…
Nə isə … Görünür, ədəbiyyatda yaranan it obrazını kinoda olduğu kimi canlandırmaq bizdə çox qəliz məsələdir. Elə Elçinin “Dolça” povestinin əsasında ekranlaşdırılmış “Bağ mövsümü” filmindəki Toplanın adı da, özü də rejissorun milliləşdirmək istədiyi yad itdir. Belə təlim görmüş itlər bir yana qalsın hətta “Babək” filmindəki atların bir qismi də o zaman Moskvadakı At qarnizonundan gətirilirdi.
Bu gün Bakının küçələrində it günündə gəzib-dolaşan sahibsiz itləri görəndə sərhəd zastavalarında, gömrük xidmətində və başqa sahələrdə istifadə olunan itlər yada düşür. Yüksək iyduyma qabiliyyəti olan itlər narkotik vasitələri tapır, qaçaqmalçıların izinə düşür və s. və i…
Müqayisə yerinə düşməsə də qeyd edim ki, Qraf, Bobi,Çarli, Cessi və s. populyar əcnəbi itlərin adından və cinsindən bəlli olur ki, bir çox idmançılar –xüsusilə də futbol klublarının oyunçuları xaricdən baha qiymətə gətirildiyi kimi, belə cins itləri də almağa dövlət büdcəsindən xeyli vəsait xərclənir…
Bəs hazırda çox az sayda qalan Azərbaycanın milli it cinsi olan Qurdbacar və başqa itlərə qayğı göstərmək , onları bu və ya digər sahələrdə çalışdırmaq belə çətindi? Qurdun iyini yüz metrlərlə məsafədən ala bilən bu itlər o qədər güclü və iri olurlar ki, arabanı at kimi darta bilirlər. Qurdbasar çoban olmadan belə sürünü tək başına qoruya bilir.
Hələ ki, İt ömrü yaşaya-yaşaya küçələrdə, parklarda sülənən sahibsiz İtlər “it şousu” göstərib, öz aralarında meydan savaşı aparırlar. Bu itləri hər dəfə görəndə Çarli Çaplinin yüz il əvvəl çəkdiyi “İt həyatı” filmindəki epizodlar yada düşür.
Düzdü, IDEA Heyvanlara Qayğı Mərkəzi tərəfindən Bakıda sahibsiz itlərin kütləvi sterilizasiya edilməsi, peyvəndlənməsi və müalicəsi üzrə beynəlxalq norma və tələblərə uyğun aksiyalar keçirir. “Toplan ” Sahibsiz İtlərə Qayğı Mərkəzinin də gələn il istifadəyə verəcəyi sığınacaq sahibsiz itlərin məskunlaşma yeri olmaqla yanaşı, onların baytar, qida və yaşayış üçün digər zəruri qayğı ilə əhatələndiyi məkana dönəcək …
Lakin bu gün Xətai rayonunun ən gözəl yerində, Xəzər dənizinə panoraması olan “Meşə Parkı”nda atılmış uşaqıar kimi qayğıya möhtac çoxlu syada sahibsiz itlər gəzib-dolaşır. Yəqin ki, yuxarıda adı çəkilən QAYĞI mərkəzləri yaxın günlərdə parkda abadlıq işlərinin aparılması ilə əlaqədar bu itlərin “ərazi iddialarına ” xitam verəcəklər.
…Həmin gün tarixə sahibsiz itlərin son meydan savaşı – SONUNCU ŞOUSU kimi düşəcək!
AzərNUR
7 noyabr 2019-cu il