İvanovka və Lahıcda GPON texnologiyası ilə genişzolaqlı xidmətlər — Fotolar

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən İsmayıllı rayonunun İvanovka kəndi və Lahıc qəsəbəsində GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb.

 Bu barədə RİİN-dən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir

Artıq GPON texnologiyasının tətbiq edilməsi üçün lazım olan OLT (Optical Line Terminal) avadanlıqları qurulub.

İvanovka kəndində xətt şəbəkəsinin tikintisi üçün 19 km-dən artıq fiber-optik kabel çəkilib, 461 ədəd dəmir dirəkdən istifadə edilib.

Görülən işlər, son nəsil avadanlıqların tətbiqi İvanovka kəndində 1200-dən çox ailənin bu şəbəkəyə qoşulması və keyfiyyətli xidmətlərlə təmin olunmasına imkan verir. Eyni zamanda texniki imkanlar gələcəkdə yeni abunəçilərin say artımı nəzərə alınmaqla qurulur. Hazırda İvanovka kəndində 139 abunəçi yeni xidmətdən istifadə edir və gündəlik yeni qoşulmalar davam edir.

Bununla yanaşı, yaxın ərazidə yerləşən Balik kəndinin də 115 abunəçisinin telefon və internetə olan tələbatı təmin olunacaq.

Lahıc qəsəbəsində də GPON texnologiyasının tikintisini tətbiq etməklə bir OLT avadanlığı quraşdırılıb. Tikinti işləri tam başa çatdıqdan sonra ətraf 10 kəndin əhalisi də (Ərəgit, Əhən, Namazgah, Gəndov, Qaraqaya, Sərdahar, Həftəsiyab, Çandahar, Brovdal, Zarat) yeni xidmətlərdən istifadə etmək imkanı əldə edəcəklər.

Hazırda Lahıc və Ərəgitdə 8 km-ə yaxın fiber-optik kabel çəkilib, 125 ədəd ağac və dəmir dirək basdırılıb, 54 abunəçi yeni xidmətdən istifadə edir və gündəlik yeni qoşulmalar davam edir.

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilər daha yüksək sürətli (100 mbit/s-dək) internetdən istifadə imkanı əldə edirlər.

Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində görülən planlı işlərin digər bölgələrdə də aparılması nəzərdə tutulub.

 


Share: