İyirmi beş il yorulmadan pedaqoji sahədə

İyirmi beş il yorulmadan pedaqoji sahədə

Samirə Davud qızı Dadaşova 1971-ci il noyabrın 30-da Bakı şəhərində anadan olub. İlk təhsilini Sabunçu rayonu Maştağa qəsəbəsindəki 255 nömrəli orta məktəbdə alıb. 1989-cu ildə orta məktəbi “əla” qiymətlərlə başa vuraraq  Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1994-cü ildə universitetdə dövlət imtahanında onun yüksək hazırlığı akademik Kamal Talıbzadənin diqqətini çəkir və Samirə Dadaşovanı Abdulla Şaiqin ev muzeyində kiçik elmi işçi vəzifəsinə dəvət edir. Üç il muzeydə çalışmaqla görkəmli şair və yazıçılarımız haqqında biliklərini daha da zənginləşdirir. Lakin müəllim peşəsinə olan sonsuz marağı onun gələcək taleyini məktəblə bağlayır.

1997-ci ildən uşaqlıqdan arzusunda olduğu pedaqoji fəaliyyətə başlayıb. Həmin vaxtdan Maştağa qəsəbəsindəki C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışır. Samirə müəllimin babası Məlki Dadaşov da Bakının tanınmış ziyalılarından olub. Uzun müddət Bakının müxtəlif məktəblərində müəllim, direktor müavini, nəhayət, direktor vəzifələrində çalışıb. Babasından irsən keçən pedaqoji istedad onun da hər zaman köməyinə çatıb. Şagirdlərlə işləmək, onların sevimlisinə çevrilmək hər bir pedaqoq kimi Samirə müəllim üçün də böyük xoşbəxtlikdir.

Açıklama yok.

Şagirdlərin istənilən fənni sevməsi onu tədris edən müəllimi sevməkdən başlayır, deyənlər, məncə, yanılmayırlar. Çünki Samirə müəllim də dərs dediyi yüzlərlə şağirdlərinin sevimlisidir. Tədris etdiyi fənnini şagirdlərinə sevdirərək onları dilimizin saflığını qorumağa, öz ana dillərini sevməyə, klassik və müasir ədəbiyyat xadimlərimizi yaxından tanımağa, eyni zamanda tanıtdırmağa çalışır. S.Dadaşovanın yetirmələri ADA, BDU, AXDU, APU, ANSU və digər ali məktəblərdə müəllimlərinin və oxuduqları məktəbin adını şərəflə doğruldurlar.

Samirə müəllim təhsildə olan yenilikləri daim izləyir, müasir texnologiyaların dərs prosesində tətbiqinə xüsusi fikir verir, müxtəlif təlimlərdə, beynəlxalq konfranslarda iştirak edərək təcrübəsini artırır və öyrəndiklərini pedaqoji fəaliyyətində uğurla tətbiq edir. O, məktəbin ictimai işlərində də fəal iştirak edir, şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılmasında öz zəngin təcrübəsindən səmərəli istifadə edir.

Samirə Dadaşova təkcə öz fənnini sevməklə kifayətlənmir, uşaqlara öz ürəyinin, qəlbinin dərinliyindən gələn ən ülvi hissləri aşılayır, onları öz balası qədər sevir, çətinliklərinə şərik olur, uğurlarına sevinir.

Çalışdığı kollektivdə həmişə səmimiyyəti ilə seçilən Samirə müəllim hamının hörmət və rəğbətini qazanıb. Müəllim yoldaşları, xüsusilə pedaqoji sahədə yeni fəaliyyətə başlayan gənclər çəkinmədən ondan məsləhət alır, dərs prosesi zamanı üzləşdikləri çətinliklər zamanı dəyərli fikirlərini soruşurlar. Pedaqoji fəaliyyətini yüksək qiymətləndirən məktəb rəhbərliyi onu fəxri fərmanla təltif edib.

Övladlarından Gülnar Əsgərova da tarix müəllimi ixtisasına yiyələnərək anasının yolunu davam etdirir. Oğlu Əsgər Əsgərov isə Kooperasiya Universitetində təhsil alır. Demək, müəllim peşəsini özünə şərəf və ləyaqət simvolu seçən bir nəslin layiqli davamçıları hələ bundan sonra da uzun müddət övladlarımızın gələcəkdə layiqli VƏTƏNDAŞ olmaları üçün yorulmadan çalışacaqlar.

Müəllim ömrü sanki Dan ulduzuna bənzəyir. Müəllimlərimiz də cəmiyyətin zülmət qaranlıqları içərisində həmişə işıq saçaraq bizlərə doğru yol göstərir, çatmaq istədiyimiz arzularımıza qol-qanad verir. Samirə Dadaşova da 25 ildir öz ömrünü şagirdlərin yolunda ulduz kimi yandıran, şam kimi əridərək onları xoşbəxt gələcəyə səsləyən müəllimlərimizdəndir. Bu şərəfli işində ona ilk növbədə cansağlığı, yeni-yeni uğurlar arzulayırıq.

Züleyxa ƏLİYEVA,
BDU-nin hüquq fakültəsinin I kurs tələbəsi

Share: