Bu gün 8 Noyabr ‒ Zəfər Günü ərəfəsində vətənpərvərlik hissinin aşılanması və təbliğ edilməsi məqsədilə “İz Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi Respublika üzrə orta məktəb şagirdləri arasında “Vətən deyəndə” adlı şeir müsabiqəsi keçirtdi.
Müstəqil.Az xəbər verir ki,onlayn keçirilən şeir müsabiqəsində münsiflər heyəti qismində Xalq şairi Vahid Əziz, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Məleykə Alıqızı, Filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva, şəhid Rəhman İsmayılovun həyat yoldaşı Aysel Əliyeva və İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova iştirak ediblər.
Müsabiqədə Azərbaycanın müxtəlif bölgələrindən olan qırx iki məktəbli Zəfər çalmış ordumuzun şanlı qələbəsini özündə əks etdirən, torpaq uğrunda şəhid olan, qəhrəmanlıq göstərən igidlərə həsr olunmuş vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Münsiflər heyəti tərəfindən seçim turu aparılaraq şagirdlərin ifaları qiymətləndirilib, ikinci tura on yeddi şagird keçə bilib. Münsiflər heyəti yekdil olaraq ikinci tura keçən şagirdlərin hər birini qalib elan edib. Qaliblər İctimai birlik tərəfindən həvəsləndirici mükafatlar və diplomlarlarla təltif olunublar.
Müstəqil.Az