Dünyada elə ifadələr var ki, şəxslərin adı ilə bağlıdır, amma bir çoxları bunu bilmir. Məsələn, “xuliqan” sözü indi ehtiva etdiyi mənaya görə 19-cu əsrdə Londonda yaşamış məşhur oğru və cinayətkar Patrik Xuliqana borcludur. “Xuliqanlıq etmək” – yəni Xuliqan kimi davranmaq ifadəsi getdikcə bütün dünyaya yayılıb.
Və yaxud, 19-cu əsrin sonlarına doğru Bakının yerli neft milyonçuları gürcü qoluzorlularının, avtoritetlərin təzyiqi altında idi və onlara bac-xərac verirdilər. Günlərin birində milyonçular qərar verir ki, Azərbaycanın atıb-tutan, basıb-kəsən gənclərini gürcü avtoritetlərin önünə çıxartsınlar. Arayırlar və əslən Şamaxıdan olan Qoçu adlı gəncin çox qüvvətli, dəlisov, söz götürməyən biri olduğunu öyrənirlər. Dərhal dəvət edib, silah-əsləhə verib, arxasında dururlar və qısa müddətdə Qoçu məşhurlaşır, gürcü avtoritetlərinin də ayağının Bakıdan kəsilməsində müstəsna rol oynayır. Və bununla da atıb-tutan gənclərə “Sən də Qoçuluq edirsən?” deyimi yaranır, getdikcə bu söz ümumiyyətlə “qoçu” ifadəsini ortaya çıxarır.
İndi Jirinovski də bu qəbildəndir. Jirinovski və yaxud jirik – artıq “xuliqan” sözünün siyasi ekvivalentinə çevrilməkdədir. Diqqət edirsinizsə, “Azərbaycanın Jirinovskisi”, “Ukraynanın Jirinovskisi” və s. tipli ifadələr də meydana gəlib. Jirik – artıq böyük yox, get-gedə kiçik hərflə yazılmağa meyillənir, siyasi xuliqan anlayışı kəsb etməkdədir.
Qayıdaq mətləbə:
Keçmiş səfir və yalnız keçmiş olduqdan, diplomatik xidmətdən kənarlaşdırıldıqdan, qardaşı isə uzun illər prokurorluq orqanlarında tutduğu yüksək vəzifələrdən pensiyaya çıxdıqdan sonra “ayılan” və Azərbaycan hakimiyyətinin siyasətinin yanlış olduğunu qəflətən dərk edən jirik İsfəndiyar Vahabzadə (Allah atasına rəhmət eləsin) jirik Jirinovski haqda “donuz” ifadəsi işlədib. Təəssüf ki, bu ifadəni rus xalqının simasına calamaq istəyib və bununla da ciddi bir jiriklik edib.
Bunu fürsət bilən, nadürüst, erməniyönlü, bütün varlığı ilə rus xalqına ləkə olan jirik Vladimir Sovolyov isə 8 saatlıq növbəti çərənləməsini bu məsələyə həsr edib. Jiriki də danışdırıb, özü də öz səviyyəsinə uyğun ifadələr işlədib və deyib ki, İ.Vahabzadə deyəsən Azərbaycanda yox, Türkiyədə yaşayır, harda yaşamağından asılı olmayaraq, o, Rusiyaya təhvil verilməli və rus həbsxanasına salınmalıdır.
Böyük məmnuniyyətlə jirik Solovyovun bu sözlərinə qatılmaq mümkündür. Gəlin barter edək: Biz öz jiriklərimizi veririk Rusiyaya, Rusiya da siyasi əxlaqsız, nadürüst, xalqlar arasına nifaq toxumu səpən, jurnalist və ya millət vəkili çətiri altında gizlənib, pul qazanmaq üçün bütün sifətlərə dolan və xalqına yalnız nifrətdən başqa heç nə qazandırmayan – başda Vladimir Solovyov, Vladimir Jirinovski, Konstantin Zatulin olmaqla – bütün jiriklərini verir bizə.
Həm rus xalqının canı qurtarır, həm Azərbaycan xalqının. Daha bu jirikləri eşidib, ürəyimiz bulanmır.
Necə barterdir?..