“Jurnalist şəxsi həyatın haradan başladığına diqqət yetirməlidir”

“Jurnalist şəxsi həyatın haradan başladığına diqqət yetirməlidir”

Son zamanlar istər mətbuatda, istərsə də televiziyada ailə-məişət zəminində baş verən münaqişələr, cinayətlərlə bağlı informasiyalar qabarıq şəkildə, ən incə detalları ilə yayımlanır. 

Televiziyadakı bəzi “sosial” məzmunlu proqramlarda isə müvəqqəti reytinq xətrinə ailə problemləri ilə bağlı geniş ekspert qrupunun da iştirakı ilə “müzakirə məclisi” qurulur, işin üzü-astarı bilinmədən haqlı-haqsız axtarılır, kimlərsə səhv çıxardılır, qınanılır, tənqid atəşinə tuş gəlir. Bu proqramdan götürülən videomateriallar isə bəzi saytlarda, sosial şəbəkələrdə paylaşılır. Cəmiyyətin müəyyən qrupu belə ailə münaqişələrinin baş verməsini, digərləri isə ailə məsələlərini açıq-aşkar şəkildə kütləvi informasiya vasitələrinə daşıyanları, müzakirə predmetinə çevirənləri qınayır.

Bəs əslində kimdir müqəssir? Ailədaxili münaqişələrin mətbuatda və televiziyada geniş müzakirəyə çıxarılmasını, bütün təfsilatı ilə yayımlanmasını necə dəyərləndirməliyik?

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında medianın yanaşmasında doğru olan və olmayan məqamların yetərincə olduğunu diqqətə çatdırıb:

“Hərçənd daha çox ikincilər ön plandadır. Ümumən, neqativlər həmişə özünü qabarıq göstərməkdədir. Bu, müəyyən mənada ümumi bəladır. Nəticə etibarilə ailədaxili problemlərin işıqlandırılması ilə bağlı qənaətbəxş durumun olmadığı görüntüsü formalaşır. Ancaq problemlər digər məsələlərə yanaşmada da var.

Jurnalistə əmr formasında demək olmaz ki, nəyi yaz, nəyi yazma.  Jurnalist dəqiq müəyyənləşdirməlidir ki, ictimai həyat harada başlayıb, harada bitir. Yəni, o şəxsi həyatın haradan başladığına diqqət yetirməlidir”.

Mətbuat Şurasının sədrinin sözlərinə görə, medianın bütün məsələlərə yanaşmasında ictimai motiv öndə olmalıdır: “Jurnalistə əmr formasında demək olmaz ki, nəyi yaz, nəyi yazma. O düşünməlidir ki, yazdığı cəmiyyətə hansı faydanı verəcək. Əgər bir ailədə konflikt baş verirsə və nəticədə qorxunc hadisə törənirsə, bunu cəmiyyətə çatdırmaqda hansı ibrətamiz motiv ola bilər ki? Əlbəttə, gerçək motiv istisnadır. Çox təəssüf ki, media əksər hallarda buna yox, konkret hadisənin yaradacağı effektə, belə demək mümkünsə, sərmayə yatırır. Əlbəttə, bu cür yanaşma düzgün sayıla bilməz. Nəinki düzgün sayıla bilməz, kökündən yanlışdır”.

Rəşad Məcid qeyd etdi ki, başqa bir yandan kimlərin ailələri ilə bağlı məsələnin işıqlandırılması var: “Məlumdur ki, dünya təcrübəsində ictimai şəxslər, dövlət məmurları ilə bağlı sərhədlər daha geniş götürülür. Ancaq burada da “qırmızı cizgilər” mütləq gözlənilməlidir. Jurnalist dəqiq müəyyənləşdirməlidir ki, ictimai həyat harada başlayıb, harada bitir. Yəni, o şəxsi həyatın haradan başladığına diqqət yetirməlidir. Məmurun və hansısa ictimai şəxsin də ailəsində problem ola bilər. Amma bu, o demək deyil ki, hər detalın cəmiyyətə çatdırılmasına ehtiyac var.

O bildirib ki, Mətbuat Şurası dəfələrlə mövcud istiqamətdə tövsiyələrini verib: “İndi də fəaliyyətini belə xoşagəlməz hallara reaksiya şəklində qurur. Əlbəttə, çağırışlarımızda ilk növbədə jurnalistləri “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əməl etməyə, həssas yanaşmağa dəvət edirik. Məsələyə peşə prinsipləri baxımdan diqqət yetirsək, əslində jurnalistin, yaxud media orqanının ailədaxili münaqişələri işıqlandırmasındakı xəta bir neçə bənd üzrə mübahisələndirilə bilər. Burada şərəf və ləyaqətə hörmətsizlikdən tutmuş, şəxsi həyata müdaxiləyədək ayrı-ayrı məqamların üzərində dayanmaq mümkündür. Ən pisi isə budur ki, jurnalistin mövzuya yanaşmasındakı qeyri-korrektliyin hüquqi məsuliyyət yaratma ehtimalı da böyükdür. Jurnalistlərimizə, eyni zamanda, bunu da bildiririk”

 


Share: