İnsanlar arasında mövcud olan peşələrdən biri də, jurnalistikadır. Burada hər şeydən öncə “jurnalist” ifadəsinin mənasını aydınlaşdırmaq lazımdır.
Jurnalist sözünün anlamı:
“Jurnalist” fransız sözü olub, “journal” ifadəsindən alınmışdır. Jurnalist müxtəlif jurnal, qəzet və ümumiyyətlə, media qurumlarında jurnalistika ilə məşğul olan peşəkar ədəbi işçi mənasında işlənir. Jurnalistlər ədəbi-publisist fəaliyyətlə məşğul olan insanlardır. Hər bir jurnalist real faktlar, olaylar və insanlardan ibarət fərqli janrlar üzərində çalışır.
Bir peşəkar jurnalist həm də, tədqiqatçı və araşdırmaçı sayılır. Çünki bu peşənin sahibi istənilən mövzuda informasiya axtarışına çıxır, axtarış zamanı xüsusi məharətlə müxtəlif məlumatlar toplayır, daha sonra isə topladığı məlumatlar üzərində çalışaraq onu peşəkar tərzdə formalaşdırıb yayımlayır. Müasir dövrümüzdə jurnalistika sahəsini qəzetçilik, radio jurnalistikası, telejurnalist və blogger (blog yazarlığı) növlərinə bölmək mümkündür.
Təəssüflər olsun ki, müasir dövrümüzdə bu müqəddəs sahə ayrı-ayrı həvəskar və təsadüfi şəxslər tərəfindən istismar edilərək müəyyən hallarda bu peşəyə müəyyən zərbələr vurulmuşdur. Belə ki, bəzən jurnalist olmağı cəmiyyət arasında necə gəldi danışmaq, istədiyin sözü və fikiri özünün bəyəndiyin kimi qələmə almaq, sifarişlə addım atmaq, həmçinin kimi və ya kimlərisə şantaj və təhqir etmək, böyük-kiçik demədən özünü “göydəndüşmə” sanmaq kimi təsəvvür edənlər də var. Halbuki bütün bunlar jurnalistika sahəsinə yad olan məsələlərdir.
Jurnalistika etikası:
Hər bir sahənin özünəməxsus çərçivə və etik qayda-qanunları olduğu kimi jurnalistika sahəsinin də, bir sıra etik qayda-qanunları vardır. Bir ləyaqətli jurnalistin üzərində olan etik qaydalar sırasında aşağıdakıları sadalamaq olar:
1. Jurnalist hər şeydən öncə yaşadığı ölkənin qanunları çərçivəsində fəaliyyət göstərməli, heç bir halda qanuna zidd olan işlərə imza atmamalıdır.
2. Hər bir jurnalist əlində olan qələmi və ixtiyarında olan media vasitəsini həyatda silahdan daha təsirli bir qüvvə saymalı, bu güclü silahdan haqq və ədalət, insani dəyərlər və yaxşılıqların rəvac verilməsi, həqiqətin obyektiv, operativ və qərəzsiz şəkildə yayılması yolunda lazımınca istifadə etməyə çalışmalıdır.
3. Hər bir jurnalist həyatda və xüsusilə də, fəaliyyət göstərdiyi sahədə etika və ədəb qaydalarına xususi diqqət yetirməli, insanların şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır. Ayrı-ayrı insanların şəxsi həyatını açıb-ağartmaq, həqarət və şantaj etmək və s. bu kimi işlər bir ləayqətli jurnalistə yaraşmayan, eyni halda jurnalsit üçün qanun çərçivəsində məsuliyyət gətirəcək əməllərdir.
4. Jurnalist olmaq heç də, mövcud qanunlar, müxtəlif təbəqələrdən olan insanlar, milli-mənəvi dəyərlər və gözəl adət-ənənələrə yuxarıdan aşağı baxmaq, istənilən mövzuda istənilən hər hansı bir sözü yazıb paylaşmaq anlamında deyil. Bəzən jurnalist araşdırması və ya mövqei adı altında qələmə alınan və paylaşılan yazı, xəbər və ya fikir ölkənin hərbi və ya siyasi sirri, milli mənafeinə qarşı ola bilər. Belə olan halda isə bilmədən düşmənin dəyirmanına su tökmüş olurlar. Həmçinin, baş vermiş hər bir hadisəni qələmə almaq və işıqlandırmaq heç bir vəchlə məsləhət görülmür. Çünki bəzən elə hadisələr var ki, onları olduğu kimi işıqlandırmaqla əslində iyrənc və xoşagəlməz davranışlar və ya əxlaqsız və qanunsuz əməllər xalq arasında rəvac verilir. Bu baxımdan hər bir real olan olayı işıqlandırmaq bəzi hallarda insanlar arasında ismət pərdəsi və ailə təməllərini təsəvvür edilməyəcək tərzdə sarsıtmış olur. Bəzən isə baş vermiş bədbəxt hadisəni senzurasız işıqlandırmaq insanlar arasında qəddarlığa meyl yaradır, həmçinin insani hislərə ağır zərbə dəyir.
Əslində jurnalistika sahəsində çalışanlar bu kimi məsələlərə daha çox ciddi yanaşmalıdırlar. Təbii ki, bütün bunlar üçün hər şeydən öncə bu sahədə əhatəli qanun formalaşmalı, jurnalistika sahəsində çalışan şəxslərdə isə jurnalistika bacarığı və etikası olmalıdır.
5. Jurnalist öz fəaliyyətində hər hansı bir dövlət məmuru, iş adamı, sadə vətəndaşı və ümumiyyətlə irqi, milliyyəti və kimliyindən, eləcə də, siyasi, dini və ictimai mənsubiyyətindən asılı olmayaraq heç bir insanı şantaj və təhqir etməməli, insanların şərəf və ləyaqətini alçaltmamalı, insanlar arasında əxlaqsızlıq və səviyyəsizliyi rəvac verməməli, həmçinin, xalqın milli-mənəvi dəyərləri və milli mentalitetinə zidd olan fəaliyyətə yol verməməlidir. Ümumiyyətlə, jurnalistika sahəsində çalışanlar heç bir halda insanların şərəf və ləyaqətinə qarşı diqqətsiz olmamalı, onların şəxsi mülki və qanuni mənafei, habelə şərəf və ləyaqətini özününkü kimi saymalıdır. Unutmamaq lazımdır ki, kəskin şəkildə tənqid və ya təhqir edilən şəxsin də əzizləri, sevənləri və tərəfdarları vardır. Bu baxımdan jurnalistlər unutmamalıdırlar ki, onların bəzi mənfi davranışı ilk növbədə insanlıq şərəfi və ləyaqətinə kölgə salar, eyni halda düşmənçiliyə səbəb ola bilər. Bu isə bəzi hallarda qəddarlıq, kobudluq və s. xoşagəlməz hadisələrlə nəticələnir. Təbii ki, başqasını təhqir edən şəxslər digər insanlara hörmət qoymamaqla yanaşı ilk növbədə öz şərəf və ləyaqətinə hörmət bəsləməyənlərdir. Çünki təhqirə məruz qalan bir çox insanların bunun qarşısında təhqirə keçməsi və hətta, qarşı tərəfə xəsarət yetirmə ehtimalı güclüdür.
6. Hər bir jurnalist öz fəaliyyətində müstəqil və ədalətli, obyektiv, həm də dəqiq və qərəzsiz olmağa çalışmalı, hansısa əcnəbi bir ölkə, qurum, dairə və ya şəxsin təsiri altında, həmçinin, sifarişlə fəaliyyət göstərməməlidir.
7. İstər jurnalist, istərsə də hər bir insan yayımlamaq istədiyi söz və xəbərin ilk öncə yalan və ya həqiqət, doğru və ya yanlış, həmçinin, faydalı və ya mənasız olduğunu dəqiqləşdirməli, yalnız həqiqəti, doğru və faydalı olanları qələmə almağa və yayımlamağa çalışmalıdır.
8. Jurnalist hazırladığı və yayımladığı xəbərin oxucu və baxış sayını artıqrmaq hədəfi ilə deyil, həqiqəti çatdırmaq, insanları maarifləndirmək və yaxşılıqları yayımlamağı əsas götürməlidir.
9. Jurnalist jurnalistika sahəsində ayrı-ayrı həmkarları və peşə məsləkdaşları ilə yalnız qarşılıqlı hörmət və vicdanlı rəqabət əsasında fəaliyyət göstərməlidir.
10. Jurnalistika sahəsində çalışan insanlar xalq kütləsini daha düzgün şəkildə məlumatlandırmaq, maarifləndirmək və onların dünya görüşünü yüksəltməyə çalışmalıdırlar. Təbii ki, bunun üçün hər bir ölkədə jurnalistlərin fəaliyyətini tənzimləyən əhatəli qanun mövcud olmalı, jurnalist kimi fəaliyyət göstərən şəxslər isə ilk öncə özlərini doğrultmalı, həyatda doğru-dürüst, səviyyəli, ədalətli və maarifpərvər insan olmalıdırlar.
11. Jurnalist adı altında qanun, əxlaq və etika çərçivəsindən xaric olan, haqq-ədalət və qanun iddiası ilə ayrı-ayrı insanların şəxsi mülki və qanuni mənafeinə, şərəf və ləyaqətinə, eləcə də milli və mənəvi dəyərlərə qarşı hərəkət edən, həmçinin, bu sahədə hansısa maddi gəlir və s. naminə sifarişlə addım atanlar sözün həqiqi mənasında jurnalistika sahəsinə ən böyük zərbə vuranlardır. Təbii ki, belələri Dövlətin aidiyyatı orqanları tərəfindən nəzarət altına alınmalı, onların jurnalist kimi fəaliyyətinə rəsmən qadağa qoyulmalıdır.
12. Hər bir jurnalist öz peşə fəaliyyəti zamanı istinad və istifadə etdiyi informasiya qaynaqlarına sayğılı yanaşmalı, heç bir halda informasiyanı zorla əldə etməyə çalışmamalı, həmçinin, müəllif hüquqlarını görməzdən gəlib plagiata yol verməməlidir.
13. Hər bir jurnalist öz sahəsində zəruri sayılan bütün etik qayda-qanunlara ciddi riayət etməklə yanaşı, həm də mənsub olduğu mətbu orqan, redaksiya və təşkilatın adı və sirrini qorumalı, bu sahədə mənsub olduğu media qurumunun adına hər hansı bir mənada kölgə salmaqdan ciddi şəkildə çəkinməlidir.
14. Jurnalist öz peşə fəaliyyətində ayrı-seçkiliyə yol verilməməli, etika və əxlaqdan kənar söz və ifadələr işlətməməli, həmçinin, müxtəlif insanları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməlidir.
15. Jurnalist unutmamalıdır ki, onun əlində olan qələm olduqca müqəddəs, eyni halda təsirli bir “silah”dır. O, bu “silah” vasitəsilə böyük bir kütlə və toplumu, hətta, bor milləti doğru və ya əyri yollara sövq edə bilər. Jurnalist bu müqəddəs və təsirli “silah”la yalnız cəmiyyətdə yalan, əyrilik, əxlaqsızlıq, mədəniyyətsizlik və səviyyəsizliklə mübarizə aparmalı, ən gözəl və təsirli tərzdə insanları maarifləndirməyə çalışmalıdır. Heç şübhəsiz, bu sahədə diqqətli olan insanlar öz peşəsinin ən dəyərli və daha qiymətli simaları sayılır. Belələrinin vaxtında təqdir və təltif olunması isə zəruri, həm də təqdirəlayiqdir…
İlqar İsmayılzadə (Fəlsəfə üzrə fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru və “Qızıl Qələm” Media Mükafatı Laureatı)
03.03.2023