Jurnalistikanın pərvanəsi…

Jurnalistikanın pərvanəsi…

Söz vaxtına çəkər, deyiblər. O vaxt da avqust ayı idi. Bu dəfəki söhbətimin qəhrəmanı da 1977-ci ilin qızmar yay günlərinin birində Amasiya rayonunun Qaraçanta kəndində, Yəhya kişinin ailəsində dünyaya gəlib. Orta təhsilini Gəncə şəhəri 24 saylı orta məktəbdə başa vuraraq, BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq jurnalistika ixtisasını bakalavriat səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirib.

Daha sonra isə BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə başa vurub. 2002-2007-ci illərdə Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının “Jurnalistika” ixtisası üzrə dissertantı olub. Və “1988-2005-ci illərdə Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru adına layiq görülüb. Ailəlidir, üç övladı var…
Deyir ki;- “1994-cü il idi. Qəbul imtahanlarına az qalmışdı. Tarix fənnindən hazırlıq müəllimim mənə dedi ki, universitetin tarix fakültəsinə qəbul olacağına adım kimi əminəm, əks halda əllərimi biləkdən kəsərəm. Bəlkə də bu bir stimul idi. Çünki ailə vəziyyətimizlə əlaqədar başqa fənlərdən müəllim yanına gedə bilməmişdim. Müəllimimin məni tarixçi, qardaşımın isə filosof kimi görmək istəməsinə baxmayaraq, mən jurnalist oldum. Əslində jurnalist olmaq istəyim və niyyətim heç vaxt olmayıb. Bu haqda heç düşünməmişdim də. Amma humanitar sahəyə meylli idim. Buna arzu demək mümkünsə, az-çox ona çatmışam. Mətbuat və informasiya şöbəsindəki işim isə müdirlikdən daha çox, bütün günü xəbər dalınca qaçan xəbər jurnalisti işinə bənzəyir. Bir vaxtlar jurnalistikaya həvəsi olmayan bir xanım, bu gün onun içində özünü çox xoşbəxt hiss edir.”
Mehriban xanımdır, işində məsuliyyətli və çox çalışqandır. Yorulmaq, usanmaq onun ruhuna yaddır. 1998-2000-ci illərdə müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib. Sonra on il BDU-nun Mətbuat və informasiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb. Bacrıq və təşkilatçılığına görə onu 2010-cu ildə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. On il də bu vəzifədə işləyib. Hazırda Medianın İnkişafı Agentliyində fəaliyyət göstərir…
“20 il BDU-nun Mətbuat-informasiya şöbəsində çalışdım, təbii ki, bu şöbə mənə çox şey qazandırdı. BDU kimi möhtəşəm bir Universitetin gözəl professor-müəllim heyətini, tələbələrini, şöbəmin su kimi saf kollektivini, dəyərli media rəhbərlərini, əziz jurnalist həmkarlarımı! Bu illər ərzində vəzifənin verdiyi şərəfdən daha çox onun məsuliyyətini dərk etdim. Məni tanıyanlar, fəaliyyətimlə yaxından-uzaqdan tanış olanlar bilirlər ki, bir gün olsun belə işdən yayınmadım, verilən tapşırıqlara vicdan və şərəflə yanaşdım, hətta 20 ilin məzuniyyətlər dönəmində də işlərin çoxluğu səbəbindən əsasən iş başında oldum. Amma nə baş verdi? Baş verən o oldu ki, 20 ilin tamamında gedəsi oldum! Ötən bu illər ərzində universitetin əsas saytı daxil olmaqla, fakültə, struktur və şöbələrin saytına nəzarət, bəzən gündəlik tədbirlərdə iştirak, xəbərlərin hazırlanması, yayımı və arxivləşdirilməsi, sosial media üzərindən PR işi, sorğulara cavab və universitetin yubileyləri ilə bağlı olan 13 kitabın hazırlanması işində bəzən gecəyarıyadək iştirak etdim və.s.. Vaxtım boşuna getmədi. Dəfələrlə Universitet rəhbərliyi tərəfindən qiymətləndirildim, əziz jurnalist həmkarlarımdan daim dəstək gördüm, müxtəlif kütləvi informasiya vasitələrinin, jurnalist təşkilatlarının, “Azərbaycan Universitetləri” facebook səhifəsinin keçirdiyi sorğularda bir neçə dəfə qalib oldum! “İlin ən fəal mətbuat katibi”, “İlin ən fəal şöbə müdiri” adına layiq görüldüm. Təhsil Nazirliyi, Mətbuat Şurası, BDU-nun diplom və fəxri fərmanları ilə təltif edildim, 100 illik yubileyimiz münasibətilə yubiley medalına layiq görüldüm. Ən böyük mükafatım isə cənab prezidentin sərəncamı ilə layiq görüldüyüm “Tərəqqi” medalı oldu.”- söyləyir.
20-dək elmi, 200-dək publisistik məqalənin və 10 kitabın bir neçəsinin müəllifi, bəzilərinin isə tərtibçi-müəllifidir. Gözəl təkliflərə dəstək verir, çalışır ki, orta məktəblərdə media savadlılığı tədris olunsun. Düşünür ki, hər bir yeniyetmə media alətlərindən aldığı informasiyanın mahiyyətini dərk etməli, özünü zərərli məlumat axınından qorumalıdır. Mənbəyindən asılı olmayaraq bütün məlumatları tənqid edən, oxuduqlarını başa düşən, yaxşı ilə pisi seçməyi ayırd edən bir nəsilin yetişməsini arzulayır. Bu baxımdan jurnalistlərin məsuliyyətli olmasını, dilə gətirir…
Deyir ki;- “Finlandiyada, İsveçdə, Niderlandda, Böyük Britaniyada media ilə əlaqəli qurumlar, sistematik olaraq media savadlılığı ilə bağlı müxtəlif irimiqyaslı tədbirlər təşkil edir, tədris materialları hazırlayır. Həmin ölkələrdə təlimatlar məktəb kurikulumlarına daxil edilib, gənclərə, valideynlərə və pedaqoqlara mediadan təhlükəsiz və məsuliyyətlə istifadə etməyə kömək edən şəbəkələr, portallar, “Onlayn Media Savadlılığı Strategiyası” hazırlanıb. Media savadlılığı məsələsində jurnalistin də məsuliyyəti çoxdur ki, o, birbaşa informasiya ötürücüsüdür, cəmiyyəti əsasən o, məlumatlandırır, bu baxımdan jurnalistin bu istiqamətdə rolu heç kim və heç nə ilə müqayisə oluna bilməz. O, cəmiyyətə təsir gücünü nəzərə alıb ancaq fakta əsaslanmalıdır, saxta, təsdiqlənməmiş məlumat yayarsa, cəmiyyətdə çaşqınlıq yaradar. Belə deyim var, “doğru ayaqqabılarının bağını bağlayana qədər, yalan dünyanı gəzib gəlir”. Biz həmişə doğru yazaq, doğru deyək, çünki bunu bizim peşəmiz tələb edir…”
…Bəli, qızmar yay günlərinin birində dünyaya gəlib. Bəlkə də onun bu qədər enerjili, çalışqan olmasında elə ömrünün ilk gününlərindən canına hopan yayın istisi, gözlərini qamaşdıran Günəşin şüaları olub, bilmirəm. Amma onu yaxşı bilirəm ki, Azərbaycan jurnalistikasında Pərvanə İbrahimova adında bir alim var…
Söz vaxtına çəkər, deyiblər. Avqustun 3-ü Pərvanə xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram…
Çox yaşasın!
Elman Eldaroğlu
Share: