Jurnalistlər “gömrükçü” kimi çalışa bilərlər

“Hər il 5 milyon 400 min nəfərə xidmət edirik”.

Müstəqil.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev “Azərbaycan Gömrüyü – bu gün və sabahın çağırışları” mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, cəmi 26 illik fəaliyyətə baxmayaraq Gömrük Komitəsi böyük və uğurlu yol qət edib:

“Media ilə əməkdaşlığımıza güvənirik. Ümid edirəm ki, çoxfunksiyalı gömrük qurumlarının gördüyü işləri işıqlandırmaq üçün sizlərə sərhəd-keçid məntəqələrində şərait yaradılacaq. Bu istiqamətdə gömrük orqanlarının fəaliyyətinə şahid ola biləcəklər. Jurnalistlər 3-4 saat ərzində hətta “gömrükçü” kimi çalışa bilərlər”.

Daha sonra Mətbuat Şurasını sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək gömrük qurumları tərəfindən jurnalistlər üçün təşkil edilən maarifləndirici seminarların önəmli olduğunu söylədi:

“Bir qrup jurnalistlərin bu seminarlara cəlb olunması, eyni zamanda onların bu sahədən daha ixtisaslaşmış şəkildə yazmalarına şərait yaradacaq. Düşünürəm ki, bu qurumlar üçün də önəmlidir. Zənnimcə, səfərlərin artırlması da diqqətdə saxlanılmalıdır. Xüsusilə Gürcüstan, İran istiqamətinə jurnalistlərin media turlarının təşkili daha yaxşı olardı”.

“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı jurnalistlərin ixtisaslaşması üçün təşkil edilən seminarların sayının artırılmasının mediada yayımlanan informasiyalara da təsir edəcəyini vurğuladı:

“Ümumiyyətlə, hər bir sahədən yazan jurnalist həmin sahə haqqında primitiv biliklərə yiyələnməlidir. Gömrükdən yazan media nümayəndələri ən azından qanunları bilməlidir. Bəzən məlumatlı olmadığı sahədən yazan jurnalist informasiyanı düzgün çatdıra bilmədiyi üçün anlaşılmazlıqlar yaranır. Bu mənada Səfər müəllimin irəli sürdüyü təklifləri yüksək qiymətləndirirəm”.

“Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev isə bildirdi ki, Səfər Mehdiyevin jurnalistlərə bir günlük “gömrükçü” olmaq şəraitini yaratması qurumun şəffaf fəaliyyətindən xəbər verir:

“Jurnalistlərin Gömrük Komitəsinə sərbəst buraxılması, onların qurumun fəaliyyəti haqqında suallarının cavablandırılması olduqca gözəl təşəbbüsdür. Həmkarlarım və öz adımdan media üçün yaradılan seminarlara görə təşəkkür edir və jurnalistləri bu şəraitdən yararlamağa çağırıram”.

Share: