Jurnalistlər müharibə şəraitində necə işləməlidir? – Ekspert rəyləri

Cəbhədə baş verən hadisələrlə bağlı rəsmi orqanlar və media nümayəndələri cəmiyyəti məlumatandırmalıdır. Bu dezinformasiyanın ötürülməməsi və hərbi sirlərin yayımlanmaması baxımından önəmlidir.

Bəs, jurnalistlər hazırda bu işin öhdəsindən necə gəlir? Media nümayəndələri ancaq rəsmi məlumatları cəmiyyətə çatdırmalıdır, ya necə?

Sfera.az mövcud suallar ətrafında tanınmış mətbuat nümayəndələrinin fikrini öyrənib:

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid indiki məqamda jurnalistlərin müsbət imicli xəbərlər verməsinin daha uyğun olduğunu bildirib:

“Cəbhədə baş verən hadisələrlə bağlı həm sosial şəbəkələr, həm də mətbuatın çox yüksək yekdilliyi gözə çarpır. Hesab edirəm ki, belə məqamda insanlar tələsməməli, rəsmi xəbərləri bir-birlərinə çatdırmalıdır. Eyni zamanda sosial şəbəkələr ortaya çıxandan sonra jurnalist adına hədsiz dərəcədə iddia edənlər var və hər kəs özünü burda jurnalist hesab edir.

 

 

Bu mənada artıq peşəkarlarla qeyri-peşəkarların, həvəskarlarla ciddi medianın sərhədi pozulur. Ona görə indi şübhəsiz ki, media həm arxa cəbhədə, həm də ön cəbhədə baş verən hadisələrlə bağlı məlumatlar yaymalıdır. Özü də bu məlumatlar əsasən insanlarda ruh yüksəkliyi, qələbə əzmi yaxşı ovqat yaradan xəbərlər olmalıdır. Peşəkar mətbuat nümayəndələri bunu bacarırlar. Bu baxımdan indi qeyri-peşəkarların çoxluq təşkil etdiyi sosial şəbəkələrdə onların səsi eşidilməz olur.

 

 

Onun tərəfdarıyam ki, peşəkar jurnalistlər cəbhə zonasına ezam olunsunlar, çünki onlar bilir ki, nəyi necə yazmaq lazımdır. Belə şəxslərin cəbhə zonasından reportajlar təqdim etmələri düşünürəm ki, məqbul haldır. Bu mənada jurnalistlər bundan əvvəlki vaxtlarda da həmişə peşəkar şəkildə yazılmış yazılarla cəmiyyətdə ruh yüksəkliyi, yaxşı ovqat yaradıblar.

 

 

İndi tələb budur ki, onlar vaxtından əvvəl hansısa qələbə xəbərini yazmasınlar və bu da başadüşülən haldır. Peşəkar jurnalistlərin hansısa azad olunmuş ərazilərdən, döyüş gedən bölgələrdən reportaj etməsi hazırda nə dövlət siyasətinə nə də ordumuzun qələbəsinə mənfi təsir edə bilməz”.

“Türküstan Media Qrupu”nun baş redaktoru Aqil Camalın sözlərinə görə, indiki məqamda media azadlığının bir qədər arxa plana keçməsi qəbulolunandır:

“Vəziyyətin kritikliyini nəzərə alaraq KİV-nin fəaliyyətində müəyyən məhdudiyyətlər tətbiq olunur və olunmalıdır. Burada həm rəsmi məhdudiyyətlərdən, həm də hər bir media qurumunun özünün fəaliyyəti üçün tətbiq etdiyi çərçivələrdən söhbət gedir. Bu baxımdan biz qəbul etməliyik ki, adi vaxtdakı iş fəaliyyətimizdəki azadlığımızla hazırkı rejimdə olan fəaliyyətimiz arasında fərq var və belə də olmalıdır. Cəbhə bölgəsinə hər jurnalist vəsiqəsi olan şəxslər yox, Müdafiə Nazirliyində akkreditasiyadan keçən jurnalistlər yollanmalıdır.

İndi tələb olunmur ki, jurnalistlərin təqdim etdiyi bütün xəbərlər Müdafiə Nazirliyinin yayımladığı xəbər olsun. Müdafiə Nazirliyinin yayımladığı xəbərlər itkilər, düşmən trayektoriyası və.s barədə olan məlumatlardır. Azərbaycan mediası Ermənistanda olan xaotik durum, düşmənin düşdüyü psixoloji vəziyyət, eyni zamanda Azərbaycandakı vəziyyətlə bağlı xəbərləri çatdırmalıdır.

 

 

Tam təsdiqlənməmiş xəbərlərin media vasitəsi ilə yayılması doğru deyil. Olur ki, bəzən bu xəbərlər döyüş bölgəsinə yaxın ərazilərdə yaşayanlar tərəfindən qeyri-dəqiq şəkildə yayımlanır. Məsələn, ötən gün Ermənistan tərəfi öz SU-25 təyyarəsinin vurulması ilə bağlı yalan xəbər yaymışdı. Bu bizim toplum tərəfindən sevinclə qarşılandığı üçün media Müdafiə Nazirliyinin təkzib ya təsdiqi olmadan bu məlumatı yaydı. Lakin qısa zamanda Müdafiə Nazirliyi xəbəri təkzib etdi. Bu özü göstərir ki, indiki həssas məqamda media sərbəstliyi ilə bağlı məsələləri qələbəmiz naminə bir qədər arxa plana keçirmək lazımdır”.

 

 

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli jurnalistlərin ancaq rəsmi məlumatı gözləməli olmadığını, şəxsi müşahidə qabiliyyəti ilə informasiya təminatını yerinə yetirməli olduğunu qeyd edib:

“Jurnalist bir neçə mənbədən istifadə edərək obyektiv və qərəzsiz şəkildə istədiyi qədər məlumat yaya bilər. Jurnalist şəxsi müşahidələrinə görə informasiya yaya bilər, buna kimsə məhdudiyyət qoymamalıdır. Amma hərbi vəziyyətdə media nümayəndəsi çalışmalıdır ki, maksimum ehtiyatlı olsun, hərbi sirləri yayımlamasın. Çünki bununla jurnalist ölkənin mənafeyinə zərər verə bilər. Jurnalist hökmən rəsmi məlumatı gözləməli deyil. Gün ərzində canlı bağlantı etmək, müsahibə almaq imkanları var və bu mənada yanlız rəsmi məlumat ifadəsi yanlışdır.

İndiki şəraitdə ölkədə jurnalistlərin geniş fəaliyyətini müşahidə etmək olmur. Bəzi televiziya kanalları canlı bağlantıya qoşulurlar ki, onlar da ancaq rəsmi məlumatları verirlər. Mən bunu yetərli görmürəm. Beynəlxalq mediaya diqət yetirmək lazımdır, onların təcrübəsindən istifadə edilməlidir. Hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması üçün informasiya təminatı peşəkar qaydada yerinə yetirilməlidir, vizuallığa üstünlük verilməlidir”.

Share: