“Kəlniyyət” və “Məşəl” satirik jurnalları yeni əlifbada nəşr edildi

“Kəlniyyət” və “Məşəl” satirik jurnalları yeni əlifbada nəşr edildi

İlk dəfə olaraq “Kəlniyyət” və “Məşəl” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən “Kəlniyyət” (1912-1913) və “Məşəl” (1919-1920) satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada ilk dəfə nəşr edilib. “Kəlniyyət” və “Məşəl” satirik jurnalları Ədəbiyyat İnstitutunun Elmi Şurasının 28 fevral 2022-ci il tarixli 2 saylı protokolu ilə çap olunub. Hər iki jurnalın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir.
Oxuculara təqdim olunan satirik jurnallar ərəb qrafikalı əlifbadan transfoneliterasiyadır. Satirik jurnalları ərəb qrafikasından transfoneliterasiya edən, biblioqrafik göstərici, qeydlərin müəllifləri, lüğət və tərtib edib çapa hazırlayanlar filologiya elmləri doktoru, professor Vüqar Əhməd və böyük elmi işçi, mətnşünas Dilbər Rzayevadır.
“Kəlniyyət” toplusunun (Bakı, 2022, “PrintME” nəşriyyatı) rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımova və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, mətnşünas Mustafa Mailoğludur.
“Məşəl” komplektinin rəyçiləri isə filologiya elmləri doktoru, professor İslam Qəribli və filolgiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxovdur.
Jurnallarda həmin dövrün ictimai-siyasi, ədəbi və mədəni hadisələri ilə yaxından tanış olmaq mümkündür. Jurnalların komplektlərindən ədəbiyyat, mətbuat tariximizin araşdırmaçıları, doktorant, dissertant, magistr və bakalvr təhsili alan filoloqlar faydalana bilər. Toplular geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Müstəqil.az

Share: