KƏMƏR VƏ BEL

Təhlükəsizlik kəmərini bağlamamağa görə cərimə qalxandan sonra dünyanın rəngi də dəyişib sanki.

Qoy bir az uzaqdan gəlim: camaatımızın kəmərə münasibətində qəribə çalarlar da görmüşük. Hətta belə şayiələr də gəzib ki, buralarda yemək kəmərin altını bərkitmək üçün, kəmər isə evdə arvad-uşağı çırpmaqdan ötrüdü.

Sovet ordusunda biz azərbaycanlıların komandirlər tərəfindən ən çox danlanması da elə bu kəmər məsələsinə görə olub. Xidmət elədiyim hərbi hissədə azərbaycanlılar kəməri boş bağlamağa daha çox həvəskar idilər…

Təcili mətləbə keçirəm. Taksiyə minəndə şahid olmuşam ki, sürücülərimiz təhlükəsizlik kəmərlərini bağlamış vəziyyətdə tamam başqa mahiyyətdə görünürlər və özlərini yaxşı mənada tamam başqa cür aparırlar.

Qanun adamları sıxaraq mədəniyyət işartıları yaradır.

Çox təsirli. Adam ətrafında qanunun heç olmasa bir elementinin işlədiyini görəndə gələcəyə inamı artır, cəmiyyətlə kontakta həvəslənir. Ətrafda qayda-qanuna əməl olunmasını görmək can rahatlığı, könül xoşluğu. Cəmiyyətə hər kəsin xeyir verməsi çox asanmış: sadəcə, öz təhlükəsizliyinçün kəməri bağlayırsan, vəssalam. Və əziyyət tələb eləməyən bu hərəkətinlə bütün sistemi silkələyirsən, yatmış mexanizmi hərəkətə gətirirsən.

“Sivil” deyib həsəd apardığımız xalqların bizdən nəyi artıqdı axı… Bu “kəmərlər” sevgili həmvətənlərimizə hamıdan çox yaraşır.

Hələ mən doğma Azərbaycanımızın “gümüş kəmərin incə belə dar gəldiyi” xanımlığından, kəmərindən gümüş xəncər asılmış bəyliyindən danışmıram.

Salam Sarvan

Share: