“Orada yalnız Türkiyə millisinin dəstəyini gördük. Onlarla eyni mərtəbədə qalırdıq, daim əlaqədə idik. İlk andaca bizi dəstəklədilər, həmrəy olduqlarını bildirdilər”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatı zamanı baş vermiş təxribat barədə danışarkən deyib.
Federasiya rəsmisi Azərbaycan bayrağının yandırılmasının yolverilməz addım olduğunu bildirib:
“Bayraq namusumuz qeyrətimiz, şərəfimizdir. Hamımız bayrağımızın yüksəlməsi, zirvələrdə dalğalanması üçün çalışırıq. Bayrağımıza qarşı edilən istənilən hərəkət yolverilməzdir. Bunun qarşısını İrəvanda belə, almağa hazırıq. Hadisə baş verən anda reaksiyamızı göstərdik. Çünki bayrağa qarşı hörmətsizliyi heç cür qəbul edə bilmərik. Bizə təhlükəsizlik təminatı verən dövlətin Baş nazirinin beş addımlığında qonağının bayrağı yandırılır və buna reaksiya vermir. Həmin vandallığı, barbarlığı edən şəxsi Ermənistan ictimaiyyəti alqışladı. Biz bunu qəbul edə bilməzdik. Bu onu göstərir ki, ermənilər hələ də sülh istəmirlər, hələ də Azərbaycana qarşı nifrətləri var. Hadisə baş verən anda qərara gəldik ki, ölkəni tərk edək. Dərhal məlumat verdik. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilk andan sona qədər yanımızda oldular. Xalqımızın da dəstəyini hiss etdik”.
K.Məstəliyev bildirib ki, hadisədən sonra həm yerli hakimiyyət, həm Avropa Ağır Atletika Federasiyası, həm də Beynəlxalq Ağır Atletika Federasiyası onları yarışda qalmağa dəvət ediblər: “Ancaq bunu qəbul edə bilməzdik. Buna görə də, qərara alındı ki, ilk imkandaca Ermənistanı tərk edək”.
Mətbuat katibi deyib ki, açılış mərasimindən sonra məskunlaşdıqları hoteldə internet kəsilib. O, bunun bilərəkdən atılan addım olduğunu deyib: “Daimi internet olmasına baxmayaraq, hadisə baş verən kimi, internet kəsildi. Hətta televiziyada da bayrağın yandırılması epizodunu göstərməmişdilər. Qısa müddət sonra bunu sosial şəbəkələrdə gördük. O zaman interneti niyə kəsdiklərini başa düşdük”.
Federasiya rəsmisi İrəvanda olduqları müddət ərzində Ermənistan ictimaiyyəti ilə birbaşa təmaslarının olmadığını vurğulayıb: “Buradan Tbilisiyə getdik, orada bizi qarşı tərəfin təhlükəsizlik orqanları qarşıladılar. Bizi İrəvana apardılar və oradan hotelə getdik. İlk günü hoteldə qaldıq, çölə çıxmadıq. Aprelin 14-də cəmi bir dəfə çıxdıq, müşayiətlə məşqə gedib qayıtdıq. Bizim yox, hətta bayrağımızın ilk təmasındaca təxribata əl atdılar. Gənc idmançılarımızın psixoloji vəziyyətini nəzərə alaraq, geri qayıtmaq qərarına gəldik. Orada qalmağın heç bir əhəmiyyəti yox idi”.
Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.
Faiq Tahirov