Onlar çox zaman susarlar. Dilləri deyil, gözləri anladar yaşadıqlarını, acılarını… Param-parça olmuş xəyallarını…Onlar qadınlardır, əməkçi, zəhmətkeş, ailəsi, övladının gələcəyi uğrunda hər bir fədakarlığa hazır olan kənd qadınlarımız. Məruz qaldıqları məişət zorakılığı, erkən nikah bəlası üzündən həyatını istədiyi kimi qura bilməyən, bəzən hüquqlarını, bəzən də müdafiə üçün üz tutacaqları ünvanı tanımayan qadınlar güclərini birləşdirmək, mübarizə aparmaq üçün dekabrın 17-də bir araya gəldilər. 44 rayondan yüzlərlə əməkçinin təmsil olunduğu Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) arasında “Təmiz Dünya” Qadınlara Yardım İB ilə əməkdaşlıq memorandumu imzalandı.
Ən ucqar kəndlərdən bu maraqlı sosial təşəbbüs üçün gələn 30-a yaxın qadını sevindirən başqa məqam da vardı. Belə ki, həm onlara, həm də AKQA-nın bütün üzvlərinə min bir çətinliklə hasilə gətirdikləri məhsulları satmaq üçün müasir, əlverişli plarforma təqdim olundu. USAİD tərəfindən maliyyələşən www.arwa.az saytında bundan sonra kənddən çıxmadan, alıcını gözləmək dərdi çəkmədən, şaxtada-istidə saatlarla durmadan, vaxt itirmədən onlayn satış etmək mümkün olacaq. AKQA-nın sədri Gülbəniz Qənbərova vəd etdi ki, qadınlarımızın resutrsdan səmərəli istifadə etmələri, texnoloji bacarıqlarının təkmilləşdirilməsi baxımından qurum əlindən gələni əsirgəməyəcək və hər mərhələdə onların yanında olacaq.
Beləcə bu gün kənd qadınları şəhərdə yığışdılar. Həm FAO Təşkilatının Azərbaycan Hökumətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların İqtisadi Gücləndirilməsi” Layihəsi çərçivəsində qazandıqları uğurları, qarşılaşdıqları çətinlikləri dilə gətirdilər, həm sosial bəlalara qarşı səssiz qalmayacaqlarını bəyan etdilər, həm dünyanın yeni rəqəmsal tələblərinə uyğunlaşmaq bacarıqlarını göstərdilər, həm də gələnləri çay süfrəsində ləzzətindən doymaq mümkün olmayan təamlarına heyran buraxdılar.
Müstəqil.Az