Kənd qadınlarımız BMT-nin diqqətində

Kənd qadınlarımız BMT-nin diqqətində

“Bizə pul verməyin, imkan verin”-deyən kənd qadınlarımız BMT-nin diqqətində

2018-ci ildən bəri ölkədə yayılmağa başlayan və kəndlərimizdə pozitiv dalğaya çevrilən Qadın Özünə-kömək Qruplarının üzvləri maraqlı təşəbbüsləri və modern çağırışları ilə mediada diqqət çəkməyi bacarıblar. Kənd qadınlarının qısa müddətdə əldə etdiyi biznes uğurları, həyatlarını yenidən qurama bacarıqları, qadına şiddətə qarşı güclərini birləşdirmələri, ictimai həyatda böyük nüfuz qazanmaları BMT-nin Azərbaycandakı ofisinin də nəzərindən qaçmayıb. Qadın Özünə-kömək modelinin yerli inkişafı ilə maraqlanan BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərovanı qəbul edib. AKQA rəhbəri modelin kənd qadınlarının həyatına gətirdiyi müsbət dəyişikliklər, kollektiv bizneslərin uğuru, Qadın İnkişaf və Müəssisə Qruplarının böyüyərək, hüquqi status almaqla Qadın Kooperativlərinə çevrilməsi prosesində Assosiasiyanın rolundan danışıb.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Müşaviri Şəmsiyyə Mustafayevanın da iştirakı ilə reallaşan görüşdə qeyd olunub ki, kənd qadınları regionların sosial və iqtisadi inkişafı üçün gizli və olduqca güclü potensialdır. Bunu təbliğ etmək, cəmiyyətə inteqrasiyasını sürətləndirmək və qadınların resurslara çıxışını asanlaşdırmaq onlar üçün təməl ehtiyacdır. AKQA-nın “Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi” kompaniyasına başlaması da bu baxımdan təqdirəlayiq addımdır. Vladanka Andreyeva bu sahədə məsləhətlər verərək, yaxın zamanda regionlara səfər edərkən Qadın Qruplarına baş çəkmək fikrində olduğunu bildirib.
Görüşün sonunda Gülbəniz Qənbərova Assosiasiyanın rəmzi şərflərini və nişanları BMT əməkdaşlarına hədiyyə edib.

Müstəqil.az

Share: