Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə Dondar Quşçu kəndinin sakinləri 182 nəfərin imzası ilə Prezident və Birinci vitse-prezidentə müraciət etdikləri məlum olub.
Onlar bu cinayət işi üzrə iki ilə yaxındır həbsdə olan İlkin Süleymanovun təqsirsiz olduğunu qeyd ediblər, bu işin diqqətdə saxlanmasını, əsl cinayətkarların tapılması üçün kömək istəyiblər.
Hakim məktubun cinayət işinə əlavə olunması barədə qərar qəbul edib.
Hakim Dadaş İmanov İlkin Süleymanovun atası İbrahim Süleymanovun Prezident, Birinci vitse-prezident, Baş prokuror, ədliyyə naziri, daxili işlər naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Ombudsman və digər qurumlara ünvanladığı məktubun mətnini də məhkəmədə elan edib.
İbrahim Süleymanov məktubda qeyd edib: “Hamıya məlumdur ki, evimizin yaxınlığında yanan meyiti oğlum İlkin Süleymanov görüb. Dərhal qonşulara xəbər verib və ətrafdakıların da köməyilə meyit söndürülüb. Həmin gün oğlumu baş verənləri ilk görən şəxs kimi polis şöbəsinə aparıb, bir daha buraxmayıblar.
Onun saxlanmasıyla bağlı heç bir sənədləşmə aparmadan dörd gün ona amansız, ölümcül işgəncələr veriblər. Onun başına vedrə keçirib, küt alətlərlə vurublar, toka veriblər, diz və əllərinin üstündən dubinka ilə döyüblər. Oğlum dözə bilməyib, onların istədiyi ifadəni imzalamağa razılıq verəndə – yanvarın 10-da onun tutulmasını rəsmiləşdiriblər. Ailəmizin müqavilə bağladığı vəkilin onunla görüşməsinə imkan verilməyib. Vəkil yalnız yanvarın 30-da onunla görüşə bilib. Onun müdafiə hüququ kobud şəkildə pozulub”.
Atasının sözlərinə görə, İlkin Süleymanovun işi üzrə məhkəməsində indiyə qədər olanlarda onun günahsız olduğunu göstərir:
“Bu cinayətin üstünün açılmasında ən çox maraqlı Nərminin valideynləri olmalıdır. Amma onlar cinayətin açılmasında yox, ört-basdır edilməsində maraqlı görünürlər. Məhkəmədə yalan və ziddiyyətli ifadələr verirlər, suallara dəqiq, düzgün cavab verməkdən yayınırlar.
Üç müxtəlif mənbədən əldə olunan sübutlarla (şəxsiyyət vəsiqəsi, tibb məntəqəsindəki qeydiyyat kitabçası) təsdiqlənir ki, Nərmin Quliyevanın qan qrupu IV olub. Meyitin ekspertizasının rəyinə əsasən, onun qanı isə II qrupdur. Meyitin boyu ilə Nərminin boyu uyğun gəlmir. Meyit 142 santimetrdən də uzun adama məxsusdur. Valideynlər tapılmış meyitə baxmaqda maraqlı olmayıb. Bunu özlərinin məhkəmədə verdikləri ifadələr də təsdiqləyir.
Bütün bunlar o meyitin Nərmin Quliyevaya aid olmasına ciddi şübhələr yaradır. Meyitin cinsiyyət orqanı yerləşən hissəsi xüsusi olaraq yandırılıb ki, bunun da nəticəsində ekspertiza onun təcavüzə məruz qalıb-qalmadığını müəyyənləşdirə bilməyib. Təhlillər göstərir ki, meyit orada yandırılmamışdan əvvəl də bir dəfə yandırılıb, sonra ora atılıb və orada ikinci dəfə yandırılıb.
Əks halda, meyit həm ön, həm də arxa hissədən eyni dərəcədə yana bilməzdi. Çünki bir tərəf üstündə atılmışdı. Üstəlik, təxminən 5 dəqiqə davam edən yanğın nəticəsində meyitin o vəziyyətə düşməsi də mümkün deyildi. Paltarlarla bağlı da ciddi ziddiyyətlər var. Valideynlərin hər biri uşağın əynində olan paltarlarla bağlı fərqli ifadə verir. O həddə yanmış meyitin üstündəki paltarların bir hissəsinin yanmaması da inandırıcı deyil”.
İbrahim Süleymanov məktubun sonunda əlavə edib ki, bütün bunlara baxmayaraq, oğluna bəraət veriləcəyinə, ədalətli qərar çıxarılacağına inamı çox azdır. Bu səbəbdən Prezidentdən kömək istəyir ki, bu işi nəzarətdə saxlasın: “Əsl cinayətkarların tapılması, qanunsuzluğa yol vermiş səlahiyyətli şəxslərin cəzalandırılması üçün bu işi diqqətdə saxlamağınızı xahiş edirəm”.
Hakimlər bu məktubun da cinayət işinə əlavə olunması barədə qərar verib.
Daha sonra məhkəmədə Nərmin Quliyevanın böyük bacısı Şəbnəm Quliyeva və kiçik bacısı Şəhanə Quliyeva ifadə verib:
“Biz bacım Şəbnəmlə məktəbdən gələndə Nərmin artıq evdə idi. O, bizdən təxminən yarım saat, 1 saat əvvəl gəlmişdi. Mən məktəbdən gələndən sonra yatdım, bir də axşam oyananda gördüm ki, evimizdə polislər var”.
Valideynləri məhkəmədə bildirib ki, Nərminin gödəkçə arxasınca əmisigilə gedib, geri qayıtmadığını görəndə onun nənəsi Minayəgildə olduğunu güman ediblər. Bu səbəbdən axşama qədər axtarmayıblar.
Lakin Şəhanə Quliyeva bildirib ki, Minayə nənəsigil xeyli uzaqda yaşayır. Onlar nənəsigilə anasından icazəsiz getməzdi. Həm də hava qaralana qədər qayıdırdılar.
Növbəti prosesi noyabrın 24-də davam edəcək.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Müstəqil.Az