Kəndimizin Suqovuşanda yaralanan qazisi… – Gülnar Səma yazır

Kəndimizin Suqovuşanda yaralanan qazisi… – Gülnar Səma yazır

 

 

Vətən müharibəsinin önəmli dönüş nöqtələrindən biri olan Suqovuşanın azad olunması uğrunda sücaət göstərən qazilərimizdən biri də həmkəndlim Samirdir. Zabit kimi 2020-ci ilin yayında işə balayan Samirin ilk iş ili torpaqlarımızın işğaldan azad olunması uğrunda qazi olmaqla tarixə düşdü.

İsmayılov Samir Əli oğlu 15 iyul 1998-ci ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Hərbi liseyə daxil olana qədər Dondarquşçu kənd orta məktəbində oxuyan Samir 2013-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Yüksək balla qəbul olunduğuna görə ona təhsilini Türkiyədə davam etdirmək təklif olunur, lakin ailə şəraitini nəzərə alaraq  vətənimizdə təhsil alır. Təhsil illərində xüsusi fərqlənən kursantlardan olub. Müxtəlif təyinatlı yarışlara qatılan Samir şahmat, üzgüçülük və hərbi oyunlarda iştirakına görə fəxri fərman və təltiflərlə mükafatlandırılıb.

Sin descripción disponible.

2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 2020-ci ilin iyun ayında leytenant rütbəsi alıb. Məzun olduqdan sonra təyinatına uyğun olaraq Tərtərin cəbhə bölgəsində ön xətdə xidmətə başlayıb.

Vətən müharibəsinin ilk günündən həmlə taborunun tərkibində döyüşlərə qatılan Samir 23 gün döyüşdə iştirak edə bilib. Suqovuşanın azad olunmasında iştirak edən həmlə taborunun tərkibində vuruşub. Həmin ərazilərdəki bir neçə yüksəkliyin azad olunmasında iştirak edib. Savaşın ilk günlərində üç güllənin hədəfi olsa da, bronjilet onun həyatını xilas edə bilib, boyundan yaralanıb, lakin döyüşü davam etdirib. Döyüşlərin 23-cü günündə isə Suqovuşan yaxınlığındakı bir yüksəkliyi azad etməyə gedərkən yolda tank mərmisi ilə yenidən ağır yaralanıb. Hər iki baldırından qəlpə yarası alan zabitimizin qolu da dirsəkdən qırılır və bu səbəbdən artıq döyüşü davam etdirə bilmir. Onu Yevlaxda Mərkəzi xəstəxanada müalicə edirlər. Qazimizin qolunun tezliklə tam sağalıb bir zabit kimi işinə davam edəcəyinə ümid edirik.

Gülnar Səma

 

Müstəqil.Az

Share: