Kəpənək ömrü məni ta kiçik yaşlarımdan bu günəcən düşündürüb

Kəpənək ömrü məni ta kiçik yaşlarımdan bu günəcən düşündürüb

Tanınmış gənc şair – bəstəçi Aysel Kərim bu günlərdə özünün yeni ikinci  “Kəpənəyin göz yaşı” kitabı ilə oxucularının görüşünə gəldi.  Geniş oxucu sevgisini qazanan Aysell xanımla Müstəqil.Az -ın götürdüyü müsahibəni təqdim edirik.

– Aysel xanım, bu günlərdə yeni kitabınızı təqdim etdiniz. Təbrik edirəm.
 
– Bəli, Faiq müəllim. Tamamilə doğru qeyd etdiniz. Təşəkkür edirəm.
 
– Kitabınız “Kəpənəyin göz yaşı” adlanır. Kitabdakı şeirlərinizi oxumaq fürsəti tapmamışam. Çox güman ki, şeirlərinizdə təkcə kəpənəyin “göz yaşını” görmək yox, eləcə də kəpənək qanadının səsi də duyulur.
 
-Kəpənək ömrü məni ta kiçik yaşlarımdan bu günəcən düşündürüb. İnsan ömrünün dünəni, bu günü, sabahı kimi üç günlük ömür deyiləndə bu fəlsəfi düşüncə göz önümdə dayanıb. Dediyiniz kəpənək qanadı isə mənim üçün ömür yazısıdır. Qanadlarınla bəxş edilən ömrünü uç, uça bildiyin qədər, yaşa,yaşaya bildiyin qədər.
 
– İçimdə bir təəssüf var ki, kitabınızın təqdimatında ola bilmədim. Amma bu tədbiri həm mətbuatdan, həm sosial mediadan izlədim. Tədbir haqqında geniş məlumat verildi. İlştirak edənərin çoxluğu və sambalı sizin şair və ziyalı gənc olaraq nüfuzunuzdan həm də qazanacağınız uğurların davamlı olmasından xəbər verir.
-Qətiyyən təəssüflənməyin. İnanıram ki, yaxın gələcəkdə digər tədbirlərdə bir araya gələcəyik. Haqlısınız, kitabın təqdimat tğrəni mətbuatda və sosial mediada dostlar tərəfindən geniş şəkildə təbliğ edildi. Tədbirimdə iştirak edən insanların hər biri cəmiyyətdə öz sözünü demiş şəxsiyyətlər idi. Gərgin iş fəaliyyətlərinə rəğmən bununla bağlı mənə heçnə hiss etdirmədən xoş günümdə yanımda olmağı bacardılar. Onların bu dəyərinin fərqindəyəm təbii ki.
 
-Sizinlə həmsöhbət olmazdan öncə haqqınızda “axtarış” verdim. Yaradıcılığınızla maraqlandım. Jurnalist, araşdırmaçı  fəaliyyətinizi də əlavə etsək çox ağır bir yükün altına çiyinlərinizi vermisiniz. Şair, bəstəkar və jurnalist fəaliyyətinizdə biri digərini üstələyirmi?
– Çox sağ olun ki, dəyərli zamanınızı ayırıb axtarışlar etmisiniz. Şair və bəstəkarlıq mənim daxili aləmimi danışır, ruhumu sakinləşdirir. Hər ikisi məni bu dünyadan ayrılıb başqa aləmə aparır. Araşdırmaçı musiqişünaslıq və eyni zamanda jurnalistlik fəaliyyəti isə səbr, dözüm, xüsusi zaman tələb edir. Musiqi özü dərin bir elmdir. Onun sirrlərini araşdırmaq, çözmək, hər gün yeni bir nüansı kəşf etmək olduqca diqqət tələb edir. Məşğul olduğum sahələrin biri digərini üstələmir çünki hər birinə diqqətimi ayırıram. Peşəkarlıq yolunda addımlayıb öz üzərimdə daha da çox çalışıram. Kiçik yaşlarımdan çox çalışqan olmuşam. Əziyyətdən çəkinməmişəm. Zəhmətimin bəhrəsini görmək mənə zövq verir. Məqsədyönlü insan olduğum üçün qarşıma qoyduğum bütün hədəflərimə çatıram.
– Siz həm bəstəkar, musiqişünas və keçmiş pianoçusunuz. Azərbaycan Bəstəkarlar İttifaqının da üzvü olmağınız ondan xəbər verir ki, musiqiyə həvəskar deyil, peşəkar bir yanaşmadır. Necə düşünürsüz, bu gün musiqimiz və şeirimiz bir-birinin “əlindən tuta” bilirmi?
 
-Dahi Üzeyir bəy Hacıbəyli davamçısı olmaq alın yazısı, Tanrı lütfüdür. Musiqi və şeir əsrlər boyu ayrılmaz istiqamətdə irəliləyib. Gərək şeir və musiqi vəhdət təşkil etsin. Bəzən görürəm ki, dərin mənalı şeirə bərbad musiqi bəstələyib onu zədələyirlər. Bəzən isə məna yükü olmayan hansısa şeirə gözəl musiqi bəstələnir. Arzu edərdim ki, həm şeir, həm də musiqi mənalı olsun, ən əsası uyğunluq təşkil etsin.
– Son dövrlər yazılan mahnıların əksəriyyəti niyə bayağı olur? Ekran və efirlər belə mahnılardan mamır bağlayıb. Bayağı mahnı oxuyan və yazanların Bəstəkarlar İttifaqından yolu rahatmı keçir?
 
-Bu çox ciddiyə alınmalı məsələdir. Nə edək ki, özümüz deyib özümüz eşidirik. Əvvəllər Mədəniyyət Nazirliyinə tez-tez bununla bağlı narahatlığımı ifadə edirdim. Keçmiş nazirlə üzbə-üz gəldikdə ilk sözüm, ilk mövzum məhz bu olurdu. Əhalini maarifləndirməyə çalışırdım. Mübahisələr məni çox yorurdu, bəzən həvəsdən düşürdüm. Görürdüm ki, nə qədər izah edirsən et, önündəki insanın eşitdikləri özünün düşüncələrindən ibarətdir. Sonra belə qərara gəldim ki, bu qədər çaba sərf etmək mənasızdır. Ən əsası isə elmi sarıdan səviyyəli əsəri məhz savadlı dinləyici dinləyir, digərlərini isə özünüz təxmin edə bilərsiniz. Onların yolu ümumiyyətlə Bəstəkarlar İttifaqından keçə bilməz. Bizim dünyaşöhrətli sədrimiz Firəngiz xanım Əlizadə sənət barəsində olduqca həssas, ciddi və tələbkar musiqi xadimidir. Firəngiz xanım dahi Üzeyir Hacıbəylinin tərtib etdiyi heç bir qaydadan kənara çıxmayıb. O, müəllimi görkəmli bəstəkar Qara Qarayevin ruhunu şad etməkdədir. Bir məsələyə toxunum ki, təxminən üç il öncə çox əziz dostum, Mədəniyyət Komitəsinin indiki sədri Qənirə xanım Paşayeva bayağı mahnıların ifaçıları ilə bağlı narahatlığını göstərmişdi. Bu müddət ərzində nə dəyişdi? Bəyəm efirlərdə elə kəslərə qaydağa qoyuldu? Xeyr. Hələ də efirlərə çıxıb xalqın zövqünü korlayırlar.
 
– Əvvəllər Azərbaycan bəstəkarları ilə şairlər əməkdaşlıq edirdi. İndi də buna təsadüf edilir, amma çox az. Yeni bəstəkarların əksəriyyəti şairlərimizi tanımır. Əməkdaşlıq etməyin vaxtı deyilmi?
 
-Mən öz adımdan deyə bilərəm ki, hansısa mahnının bəstələnmə prosesi rahat şəkildə ərsəyə gələ bilər. Lakin onun studio məsələləri maddi vəsait tələb etdiyi üçün bəstəkar bəyəndiyi şeirlərin hər birini mahnıya dönüşdürə bilmir. Şəxsən mənə müraciət edib mahnı xahiş edən xalq şairlərindən tutmuş digər dostlarımın ricasını məmnuniyyətlə dəyərləndirərdim. Şair həmkarlarımın əksəriyyəti bu məsələylə bağlı məndən küsüb, inciyib. Dəfələrlə izah edirəm ki, məndən asılı olmayan səbəblər var. Əgər mənim şəxsi studiolarım olsa, maddi şəraitim imkan versə bütün şair həmkarlarım üçün bir deyil,bir neçə mahnı bəstələyərdim. Nə edim ki, belə alınır. Ürəyi açıq və hər kəs üçün bacardığını əsirgəməyən insan kimi bu müraciətləri cavabsız qoymaq inanın məni çox məyus edir.
 
– Ənənəvi bir sual da verim: Siz özünüzü şair olaraq yoxsa bəstəkar olaraq daha rahat ifadə edirsiniz?
 
– Hər ikisi də mənə doğmadı. Fikrim təkrar olmasın. Hər ikisi də hisslərimin carçısıdır.
 
– Aysel xanım, sizi yeni kitabınız münasibətilə bir daha ürəkdən təbrik edirəm. Var olun. Çox və xoş yaşayın.
 
Faiq müəllim, sizə dərin minnətdarlığımı ifadə edirəm. Millətinizin elmli, istedadlı gənclərinə önəm bəslədiyiniz üçün böyüklükdən əskik olmayasınız. Var olasınız.
Söhbətləşdi: Faiq BALABƏYLİ
Share: