Kərəm olub düymə-düymə açdın Şuşa sevgini – Xuraman yazır…

Kərəm olub düymə-düymə açdın Şuşa sevgini – Xuraman yazır…

Müstəqil.Az Xuraman Hüseynzadənin Həyat Şəminin şeirləri haqqında yazdığı “Tövbə qapısıdır gözlərin” yazısını təqdim edir.

Balzak deyirdi ki, sevgi hisslərin poeziyasıdır. Onun şeirlərində hisslərin poeziyasına da, bütün poetik nümunələr kimi geniş yer verilib. Həyat Şəminin şeirlərində onları yazan şairin hiss və həyəcanlarını hiss etməmək mümkün deyil. Bu şeirlər səmimiliyi ilə seçilir. Həyat Şəminin poetik ovqatı fərqli mövzulara şair ruhu ilə köklənə bilir. Nə haqda yazsa, oxucunu düşündürür, yazdığı mövzularda ona empati qurmağa-özünü onu yazan şairin yerində hiss etməyə şərait yaradır…

“Səni gördüyüm yer” şeirində o, Yer kürəsini lirik qəhrəmanını gördüyü yer kimi təsəvvür edir:

Səni ilk gördüyüm bir Yer vardı –
Öz oxu ətrafında fırlanan…
Yaydan çıxan oxunu
indi ürəyimdə gəzdirirəm...

Lirik qəhrəmanını ilk gördüyü yerin elə təbiət olduğunu bildirir H. Şəmi. O təbiət ki, gözəllikləri ilə şairlərə ilham bəxş edir, onların poetik dünyasında yaşayır:

Səni ilk gördüyüm bir yer vardı,
İşığı işıq deyildi ki, nur idi,
İndi o nuru balıq gözlərimdə,
Gecə-gündüz üzdürürəm.

O yerin işığını-nurunu balıq gözlərində üzdürən şair lirik qəhrəmanını gördüyü bir səsin olduğunu da bildirir:

Səni ilk gördüyüm bir səs vardı –
Heç kimdə tapammıram…
O səsin gözündən keçirib
Qulaqlarıma sırğa asdım busəni.

“Gün, küçə və adam” şeirində Həyat Şəmi, günün günorta çağı bir günün, bir küçənin və bir adamın yağışda islandığını deyir:

Tutdum yağışın ucundan çətir oldum –
bir gün, bir küçə və bir adamı
sətir-sətir qorumaq üçün.
O küçə ona aid olmayan binalarda bitdi…

“Mənim bir sualım var” şeirində o, xoşuna gəlməyənləri həyatından necə çıxarmasından danışır. Əlbəttə, insan rahat yaşamalı, ona əzab, əziyyət verən nə varsa, ondan uzaq durmalıdır. H. Şəmi xoşuna gəlməyənləri poetik ovqatla belə ifadə edir:

Kəsmişdim üzünü xoşuma gəlməyən kitabın,
uşaq vaxtı…
İndi də xoşuma gəlməyən
adamların ayağını kəsirəm
ömrümdən.
Çəkmişdim rəsmini anamın,
doqquz yaşımda…
Üç dəfə öpmüşdü məni.
Yanağına qəmzələr qoymuşdum
bir gülüşüylə...

Bir gülüşlə anasının yanağına qəmzələr qoyan Həyat Şəmi ayrılığın ömrünə yazılmasından danışır. Bu ayrılıq niyə onun ömrünə yazıldı? H. Şəmi bunu da maraqla ifadə edir:

Bağçamıza qızılgül qələmi əkmişdim
Gecəgözlüdə,
Böyüyüb “ayrılıq” yazdı ömrümə:
Yurdumdan…
Anamdan…
Səndən…
İndi də özümdən ayrılıram.
Ayrılıram ki, Allaha yaxınlaşım.

Doğulduğu Füzuli rayonunun şairanə adlı Gecəgözlü kəndində qızılgül çubuğu əkən H. Şəmi Allaha daha da yaxınlaşmaq istəyərək o sualı dünyasını dəyişmiş atasına ünvanlayır. Əlbəttə, dünyasını dəyişən hər kəs onun doğmaları, yaxınları üçün əzizdir. Bəzən insan onu narahat edən sualı da məhz dünyasını dəyişən doğmalarına ünvanlamaq istəyir:

Bu ilin martında da sən getdin, ata!
Axund dedi ki, cümə günü ölənlər sorğu-sual olunmaz.
Mənim bir sualım var:
– Anamı gördünmü?

Şeir yazmaq da, rəsm çəkmək də ruh işidir. Rəssamlar, onların çəkdiyi rəsmlər haqda çox şeirlər yazılıb. Doqquz yaşı olarkən anasının rəsmini çəkdiyini deyən Həyat Şəmi rəssam S. Soltanlının rəsmlərinə baxarkən keçirdiyi hissləri də poetik ovqatının ifadəsi kimi təqdim edir:

Su çəkmisən quru torpaqlara
yaşıllıq gəlsin deyə.
Yaşıllıq gəlir əlindən, deyilsən biganə…
Yaxşılıq – insanın bu dünyada qoyub getdiyi
və özüylə apardığı yeganə xəzinədir…

O, rəssamın rəngləri fırçasında gəzdirdiyini deyir. Bu rənglər nələri ifadə edir, nələri əks etdirir? Rəssamın estetik duyğular oyadan rəsmlərini o, şair təsəvvürü ilə canlandırır:

Fırçanda gəzdirirsən dünyanın nəfəsini,
Rəngdən-rəngə salırsan qəfəsdəki bir quşun səsini.
Baxıram çılpaq ağaclara bağlanmış diləklərə,
Körpə-körpə tumurcuqlar
Bükülürlər yaşıl bələklərə
sulu boyadan sonra…

Şairlərin çox sevdiyi mövzulardandır azadlıq. Müstəqillik əldə etdiyimiz günlərdən, 20 yanvar faciəsindən üzü bəri xalqımız öz azadlığına qovuşmaq üçün nə qədər əziyyətlər çəkdi?! H. Şəmi də bu haqda poetik fikirlərini bölüşür:

Dan yeri sökülürdü
əllərinlə,
Səni əllərindən tanıdım –
barmaqlarından qan tökülürdü…
Səni güllərindən tanıdım:
güllərin güllələnmişdi.
Səni tarlandan tanıdım:
fidan-fidan əkilmiş şəhid tərlanlarından.

Onun istifadə etdiyi epitetlər şeirə poetik don biçir. Güllələnən güllər kimi antiteza məqamlarına Həyat Şəminin şeirlərində rast gəlmək olur…
İgidlər, tərlanlar bayraqların eyvanlardan asılaraq qələbənin qazanılması üçün şəhid getmirlərmi? H. Şəmi də bunu deyir:

Səni eyvanlardan tanıdım –
bayraqlar asılmış
titrək barmaqlıqlı eyvanlarından.

Azərbaycanın 70 il zülm çəkməsini misralarla oxucusuna xatırladan Həyat Şəmi “Azadlıq” kimi geniş meydanın dolu və odlu olmasını poetik ovqatın uğurlu ifadəsi kimi oxucuya bildirir və lirik qəhrəmanını özündən-öz gəncıiyindən tanıdığını deyir:

Səni gözündən tanıdım:
qartal baxışından,
dəliqanlı halından,
geniş alnından,
bir zamanlar səni deyən dolu və odlu meydanından.
Səni özümdən tanıdım –
təkrar-təkrar yaşamaq
istədiyim gəncliyimdən –
özümdən…

“Şuşada vurulan vertolyot” şeirində oxucu şairin vətənpərvər ruhunu görür. Qarabağ müharibəsi çox şairin şeirlərində yer aldı. Onları ağrıtdı, göynətdi və misralara dönüb şeirlərində yaşadı. H. Şəmi də otuz il ən böyük ağrımız olan Qarabağ dərdinə biganə qalmayan şairlərdəndir:

Şuşanın dağlarına,
Şuşanın dumanına,
qırmızı koftasına,
yaşıl tumanına,
Azad olmaq gümanına,
Şuşaya vurulmuşdu,
Şuşada vurulan vertolyot.

Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun sayəsində Azərbaycan, Qarabağın azadlığı uğrunda gedən Vətən Müharibəsində qalib gələrək öz Qarabağına qovuşdu. Artıq 8 noyabr bizim qələbə günümüz kimi tarixin yaddaşına yazıldı…
Xalqımız neçə ildir, Şuşasızlıq əzabına da mübtəla olmuşdu. 1992-ci il may ayının 8-də mənfur ermənilərin işğal etdiyi Şuşa 2020-ci il noyabrın 8-də düşmən əsarətindən azad edildi. Əlbəttə, vətəni uğrunda canını fəda edən şəhidlərimizin dərdini, yurd-yuvasından didərgin düşən soydaşlarımızın çəkdiyi zülmləri, əzab-əziyyətləri sözlə ifadə etmək mümkün deyil… İnsanların dərdini ifadə etməsi üçün Sözə-ədəbi nümunələrə üz tutması başadüşüləndir. Şuşa haqda şeirlər hələ də yazılır və yazılacaq. Bu, elə bir bəla oldu ki, Söz adamlarının-şairlərin, yazıçıların da ovqatına təsir etdi. Şükürlər olsun ki, xalqımız Şuşaya və bütöv Qarabağımıza qovuşdu. Doğulduğu kənd də ermənilərin tapdağı altında inləyən H. Şəmi bu ağrı-acısını poetik ovqatının tərənnümçüsü kimi təqdim etdiyi “Şuşada vurulan vertolyot”un (helikopterin) göydən necə düşməsindən şair ovqatı ilə söz açır:

Kərəm olub düymə-düymə
açdın Şuşa sevgini,
yana-yana qaçdın göydən,
Qaça-qaça düşdün göydən
Alma misali…
Şuşada vurulan vertolyot.
Mən də o gün vuruldum
ürəyimdən…

Poetik ovqatla həmin gün özünün də ürəyindən vurulduğunu deyir Həyat Şəmi. Vətənində baş vermiş müharibə, onun gətirdiyi bəlalar bu şeirdə obrazlılıqla göstərilir. Şeirdə Şuşa və vertolyot düşmənin hədəfə aldığı şəhərlərimiz, kəndlərimiz və o yerlərdə baş verən faciələrin ümumiləşmiş obrazları kimi təsvir olunur…
“Qadağa” şeirində o, qaranlıqdan, ondan uzaq dayanmaqdan danışır. Günəşi, aydınlığı kim sevməz ki? Şair təxəyyülü ilə o da qaranlığın həyata, işığa necə tərs-mütənasib olmasından, insana ruh düşkünlüyü gətirməsindən bəhs edir:

İşığın yoxluğudur
hər görünməz qaranlıq,
deyirəm ki, qapılma
qaranlığa bir anlıq!

H. Şəmi qaranlığı haqlı olaraq həm də korluq, karlıq kimi qiymətləndirir. Qaranlıq həyatın sonuna daha çox bənzəmirmi? O dünya da qaranlıq deyilmi? İşıqdan qaçmaq nəyə lazımdır axı?

Bir nəfəs üfürərsən
dünyanın kor üzünə…
bu korluğa, karlığa
qorxarsan yoluxmaqdan,
biryolluq yox olmaqdan.
Boynu bükülü qalma
yorunca boğazını,
bir ipə keçirərsən
boğazından arzunu,
asarsan bir ağacdan,

Sonra nə olar? O, qadağan olunmuş ağacdan kimin düşməyini də maraqla ifadə edir:

O qadağan olunmuş
ağacdan düşər Həvva,
düşər öz budağından
Yerdə yetişər Həvva,
ağac cənnətdə qalar.

Həyat Şəmi Həvva haqqında yazdığı şeirin sonunda dünyanın necə şirin olmadığını bildirir. Əlbəttə, onun niyə şirin olmadığının səbəblərindən biri də elə H. Şəminin yazdığı “Qadağa” şeirində öz əksini tapır:

Şəkli, boyu-buxunu,
ismi keçməz heç yerdə…
Kökü cənnətdə qalar
onu görməz heç Yer də!

Bir az da düşünərsən:
-Burdan keçirmiş yolum?!
– Dilini şirin eylə,
dünya zəhərdi, Balım!

“Tövbə qapısıdır gözlərin” şeirində o, barmağına taxılan ip ucunun nə üçün lazım olacağından yazır:

Bir ip ucu taxdın
şəhadət barmağıma o gün –
La İlahə illəllah!
Çəksəm söküləcək dan yeri,
Çəkməsəm boğazımda düyün qalacaq.

Ağacın onu görəndə və görməyəndə necə olduğunu H. Şəmi poetik tərzdə bildirir. Əlbəttə, sevgi varsa, təbiət də gözəl olur, ağaclar da tumurcuqlayaraq görənlərin zövqünü oxşayır:

Bir ağac göstərdin mənə
Payızın içində,
Ağac ağac deyildi ki!
Səni görəndə tumurcuq bükümü,
Görməyəndə yarpaq tökümüydü…

Getdiyi üçün lirik qəhrəmanını qınamayan Həyat Şəmi həmişə onu gözləyəcəyini deyir. Sevgi bu, deyilmi? Həmişə onun yolunu gözləmək, sevdiyini görmək, ona qovuşmaq qədər gözəl nə var? H. Şəmi də elə bunlardan danışır:

…Sən getdin deyə qınamıram heç,
Gözləyirəm ricətini.
Yenə gələcəksənmi?
Bilmirəm.
Ölüncədir çətini…

Gördüklərini, yaşadıqlarını, yazmaq istədiklərini misralarla, poetik ovqatla oxucuya təqdim etmək hər bir şairin ən böyük uğurudur. Şeir dünyasına qısa səyahət etdiyimiz Həyat Şəmi də həmin şairlərdəndir…

Share: