“Kəramətin qonaqları”: “Deputatların çoxu meyxana deyir” – YENİ LAYİHƏ – FOTOLAR

Qonaq-qaralı, gəlişli-gedişlidir evimiz. Xoş söhbət, yemək-içmək, deyib-gülmək… Hamı burada hüzur içində olduğunu deyir. Bu gün də qonaq dalınca qonaq gəlmişdi. Elçin Zahiroğlu içəri girəndə gördü ki, Murad Köhnəqala da bizdədi. Gülümsünüb təklif elədi ki, gələn qonaqlara çay verməmişdən əvvəl sual verək, müsahibə eləyək,”Kəramətin qonaqları” adı altında bir rubrika hazırlayaq.
 
Elə ilk müsahibimiz də təklifi öz qulaqları ilə eşidən Murad Köhnəqala oldu.
− Murad bəy, elə bir vaxtdayıq ki, hamı yaxşı kadr axtarışındadır. Siz də həm jurnalist kimi, həm yazıçı, şair kimi imzası kifayət qədər tanınan adamsınız, istedadlı olduğunuzu qəbul eləməyən yoxdur, bəs niyə işsizsiniz?
− Vallah, bunun səbəbini mən də dəqiq bilmirəm. Ola bilər ki, azad ruhlu biriyəm deyə, insanlar baxırlar ki, işə götürsək, normal işləməyəcək, tutaq ki, deyəcəyik, filan saatda işə gəl, gəlməyəcək, filan yerə gedib yazı yaz, getməyəcək. Amma bu, qətiyyən belə deyil. Sonuncu dəfə azvision.az-ın tərkibindəki Kirpi.info satirik saytında rəsmi çalışmışam. Günlərin bir günü həmin saytın rəhbəri Vüsal Məmmədov mənə zəng eləyib iş təklif elədi. Görüşdük, qonaqlıq da verdi, dedi, satira, karikatura işini sən yaxşı bilirsən, ona görə də bir neçə namizəd arasında belə qərara gəldik ki, sən bizimlə işləyəsən. Beləcə 9 ay orada işlədim. Onu deyim ki, işə ən tez gələn, ən gec çıxan mən idim. Elə günlərin bir günü də Vüsal Məmmədov dedi ki, daha sənin burada işləməyin məsləhət deyil. İşə necə girmişdimsə, eləcə də çıxdım. Bilmədim, kim işə götürdü, sonra da kim lazım bilmədi. Lent.az, kulis.az, publika.az saytları ilə də əməkdaşlıq eləmişəm, yazılarım qarşılığında qonorar almışam. Amma qonorarla dolanmaq çətindir, çünki yazını göndərirsən, neçə həftə ləngiyir, bir ay ərzində çox az yazı gedir deyə, az da pul alırsan. Ona görə də sayt rəhbərlərinə deyirdim ki, ayda stabil maaş versinlər.
 
− Bəlkə, artıq maraqlı qələm adamı kimi tükənmisiniz, daha əvvəlki kimi sərf eləmirsiniz sayt rəhbərlərinə, ehtiyac duymurlar, ona görə əməkdaşlıq eləmək istəmirlər?
− Ola bilər, amma fakt faktlığında qalır. lent.az-da yazdığım son yazıların IP-si yüksək, maraq dairəsi geniş idi. Vəhşi qəbilələr haqda dörd yazı yazmışdım, lent.az-ın tarixində ondan maraqlı mətn tapıb gətirsən, deyərəm, hə, düz deyirsən, yazdıqlarım daha maraqla qarşılanmır. Bundan başqa, avtobioqrafik roman kimi “Beş ay İsveç düşərgəsində” silsilə yazılar yazmışam, emiqrasiyanın içini açıb-tökmüşəm. Çoxları mənə deyirdi ki, deyəsən, səni agent kimi göndəriblər ora.
− Yəqin, özünüz də razılaşarsınız ki, Azərbaycanda nə qədər istedadlı adam olursan, ol, səni ictimai-siyasi proseslərə, həqiqətə münasibətinə görə dəyərləndirirlər, ən çox da müxalif ruhuna görə sevirlər. Siz də Yazıçılar Birliyinə üzv olandan, Anar müəllimə, ümumən hakimiyyətə qarşı uzunmüddətli mənfi münasibətiniz dəyişəndən sonra sanki yazıçı kimi müsbət imiciniz iflasa uğradı və qələm adamı kimi marağınızı itirdiniz.
− Bu mənim yox, cəmiyyətin düşüncəsinin iflasıdır. Azərbaycanda insanlar dövlətçilik təəssübü çəkənləri söyürlər. Mən İsveçdə olanda orada Belorusdan, Lukoşenoko rejimindən qaçıb gələnlər də vardı. Bir dəfə Lukoşenkonu yamsılamışdım, incimişdilər məndən. Bizimkilər isə belə deyil, söyüş kampaniyası başladırlar. Cəmiyyət həmişə toplu şəkildə düşünüb doğru qərar çıxara bilmir.
− Onda siz vaxtilə Heydər Əliyev, İlham Əliyev haqda tənqidi yazılar yazanda özünüz də həmin doğru qərar çıxara bilməyən cəmiyyət nümayəndələrindən idiniz?
− Bəli. Guya o vaxt tənqid eləyəndə kimin yanında hörmətim vardı ki? İnan ki, heç çayxanada çay alan da yox idi. Mənə hərdən deyirlər ki, sən mövqeyini dəyişmisən. Yox, mən mövqe dəyişməmişəm. Sadəcə, insan yaşlanır, müdrikləşir və hər şeyi başa düşür, doğrunu seçə bilir.
− Hakimiyyətin bəzi məsələlərə yanaşması təqdir ediləsi deyilsə, əsl yazıçı necə davranmalıdır? 
− Müxtəlif estetikalara qulluq edən yazıçılar var. Məsələn, Kafkada, Dostoyevskidə heç bir siyasi çalar yoxdur. Halbuki Dostoyevski qardaşı ilə birgə çara qarşı vuruşanlardan olub, sonra isə o məsələlərin başını buraxıb, oturub əsərlərini yazıb. Mən hakimiyyətin xarici siyasətindən razıyam, çünki Rusiya, İran, Türkiyə, Gürcüstan, Ermənistan kimi ölkələrlə qonşu olduğu halda, balansı, sabitliyi qoruyub saxlaya bilir, hər məsələdən zədəsiz çıxır. Camaat elə bilir, adını müxalifət qoyanlar hakimiyyətə gəlsə, yaxşı bir şey edəcək. Müxalifətçilər deyir, Şuşaya raket atılmalıdır. Daha bilmirlər ki, raket atılsa, ruslar erməni adı ilə düz Gəncəyə qədər gəlib çıxarlar. Hakimiyyətin sosial siyasətindən isə narazıyam. Çünki insanların yaşayışı çətindir, uşaq pulu verilmir, demoqrafiyanın artımına xidmət edib uşaq dünyaya gətirirsən, doğum evi belə pulsuz fəaliyyət göstərmir. Bu narazılıqlarım publisistik yazılarımda öz əksini tapıb, bədii yazılarımda isə siyasi çalar yoxdur.
 
− Bəs bədii əsərlər yazmaqda məqsədiniz, amalınız nədir?
− Yüksək zövq aşılamaq, insanları bozluqdan çıxarmaq. Yazıçı göstərməlidir ki, yüksək estetika meyxana demək, qafiyəbazlıq etmək deyil. Bizdə elə bilirlər ki, nəyisə qafiyələndirdin, vəssalam, bu, əsərdir, sənətdir. Elə siyasətçilərin, Milli Məclisdəkilərin çoxu da sanki qafiyə ilə danışıb, meyxana deyirlər.
− Son zamanlar ədəbi mühitdən də sizə qarşı münasibəti dəyişənlər az deyil. Siz də qarşılığında o adamlar, məsələn, Şərif Ağayar, Aqşin Yenisey haqda lağlağı statuslar yazdınız. Onlar ki düşüncəsi iflasa uğrayan cəmiyyət, kütlə, qaragüruh deyil.
− Onların heç biri mənə münasibətində haqlı deyil. Biri romanına Kəmaləddin Heydərovun oğlunun adını qoyub, biri də onun pul buraxdığı saytda işləyir. Bunlar qəhərman olub, mən isə satqın olmuşam? Bax mən 1990-cı ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu əyani bitirib gəlmişəm. O vaxt xaricdə təhsil alanlara göndəriş verirdilər ki, gənc mütəxəssis kimi evlə təmin olunsunlar. Həmin dövrdə Göyçədəkiləri, iç Ermənistandakıları Azərbaycanın hər yerinə, eləcə də Bakıya səpələmişdilər. Mən də utandığımdan müraciət eləmədim. Düşündüm ki, ayıbdır, mən onsuz da subay adamam, bu qədər qaçqın var, mən də gedim deyim ki, bir ev də mənə verin. Bu mənada ev qazanma şansımı itirdim. Amma sonralar nəinki Ermənistan qaçqınları, hətta Qarabağ qaçqınlarının da evlərində kirayədə qaldım. 60 yaşımda prezident mənə fərdi müraciət əsasında ev verdi, ondan sonra da məni gözümçıxdıya saldılar. Yazıçının evi olmaldır da! Nə qədər yazıçınızın Mirzə Fətəli Axundov kimi meyidinə yaxın durmayacaqsınız?! Axı hazırda o qədər oxucu yoxdur ki, kitab çap eləyib satdırasan, ya da o qədər pul olmur ki, üst-üstə qoyub ev alasan.
Şəriflə münasibətin korlanmasına gəldikdə isə bir dəfə Şərif, Şəhriyar Del Gerani ilə kafedə idik, lent.az-la əməkdaşlığımı niyə dayandırdığımdan və Vüsalə Mahirqızının mənə qarşı haqsızlığından danışırdım. Şərif dedi, yəqin, çox oxunmursan, ona görə problem yaşanıb. Mən də dedim, Şərif, sən bilirsən ki, mənim yazılarımın oxucu sayı, IP-si digərlərindən ən azı üç dəfə çox olur. Bunu bilə-bilə, heç olmasa, çayxanada müdirinin yox, yüz il “ustad” dediyin adamın, yəni haqqın tərəfində ol. Bu hadisədən sonra da Şəriflə Vüsalə xanım haqda bir lətifə yazdım, bircə lətifəyə görə bu adam dünyanı dağıdırdı.
− Amma Aqşin Yenisey barədə ardıcıl xeyli statuslar yazmışdınız…
− Mənə verilən evin təmirsiz olduğu ilə bağlı bir müsahibəm var idi, Aqşinə atmışdım ki, o da paylaşsın. Aqşin də hırıldaya-hırıldaya mənə yazdı ki, sən unitaz dərdindəsən. Mən isə ona dedim ki, birincisi, sənin ilk kitabının nəşr olunmasında, o kitabına görə Moskvadakı varlı əminin sənə ev almasında mən vasitəçilik eləmişəm. İkincisi, sənin özünü Kəmaləddin Heydərov təmir elətdirməsə idi, bu gün hırıldaya bilməzdin. Üçüncüsü, keçmiş həyat yoldaşın səni məhkəməyə verib aliment borcunu tələb edəndə kömək istədiyin dostların sənin kimi hırıldasa idi, bu dəqiqə həbsdə idin. Mən bilsəydim ki, Aqşin belə qanacaqsızlıq edəcək, heç deməzdim ki, o müsahibəni paylaş, onsuz da nə qədər paylaşanlar vardı.
 
− Sizin əvvəlki evinizi də hökumət vermişdi, düzdür?
− O ev Yazıçılar Birliyindən müvəqqəti verilmişdi. Qaçqınlar olan məhəllə idi, sonra hamını çıxardılar ordan, yəni hazırda o ev əlimizdə deyil.
− Sizə ev verildi deyə, adınız satqın çıxdı, qələm yoldaşlarınızın da, oxucuların da qınaq obyektinə çevrildiniz…
− Hazırda ətrafımda o qədər sınmış adamlar var ki, vaxtilə mən yazanda onlar qorxularından kolluqlarda gizlənmişdilər, indi istəyirlər ki, məni də sınmış görsünlər. Amma onlar heç vaxt Murad Köhnəqala adında sınmış, satılmış adam görməyəcəklər. Mən nəyinsə müqabilində satılmaq tabusunu sındırmışam.
− Sınmaq, satılmaq nədir sizin üçün?
− Sınmaq odur ki, sənə ev verirlər, keçirsən hakimiyyətin tərəfinə, xalqı söyüb hakimiyyəti tərifləyirsən.
− Polisə zibil atmaq məsələsində sizi xalqı söyən adam hesab eləyirdilər…
− Mən xalqı söyməmişəm. Birinci videoda karantin vaxtı evdən çıxan, sonra da qaçan adamı polis tutur. Halbuki mədəsinin başından bir yumruq qoyub maşına otuzdura da bilərdi.
− Yəni yumruq vurmayıb maşına mindirərlərsə, şükür eləyək?
− Polisə zibil atırlar, düşünmürlər ki, polis çiynində dövlətimizin atributunu daşıyır. O boyda Markes deyirdi ki, ədəbiyyat olmasa, dünyada heç nə dəyişməz, amma polis olmasa, dünyanın nizamı pozular. İndi, sizcə, Markes satılmışdı? İkinci video barədə isə yazmışdım ki, polisin vətəndaşın evinə ordersiz girməsi qeyri-qanunidir.
− Rusiyada oxumusunuz, bir müddət Avropada yaşamısınız, sonra da Azərbaycana gəlmisiniz. Buradakı yazıçı mühiti qane edirmi sizi? Kimi ciddi yazıçı kimi qəbul edirsiniz, hesab edirsiniz ki, cəmiyyət onun qədrini bilməlidir?
− Mən çağdaş ədəbiyyatda ən yaxşı yazıçı Anarı hesab eləyirəm. Anarın bir çox ciddi əsərləri var, mən isə çadraların, hicabların artdığı bir cəmiyyət üçün “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni, Təhminə obrazını vacib bilirəm. Çünki bu əsərdə yazıçı azad düşüncəli qadının, Təhminənin arxasında durur, onu pisləmir. Həmid Herisçinin düşüncəsinə görə isə o, daş-qalaq olunmalıdır. Kamal Abdulla, Səfər Alışarlı, Elçin Hüseynbəylini də ciddi yazıçı hesab edirəm. Çoxu Əkrəm Əylislini tərifləyir. Mən şəxsən ona yaxşı inşa yazan biri kimi baxıram, yaxşı yazıçı olduğunu düşünmürəm. Cavanlardan isə elə Kəramətin çabalarını, küçədə kitab satmasını təqdir eləyirəm. Şərif də yaxşı, zəhmətkeş yazıçıdır.
− Bəyəndiyiniz Anar bir dəfə müsahibəsində demişdi ki, faciə o deyil ki, sən baş verən haqsızlıqlara, ədalətsizliklərə susursan, faciə odur ki, sən həm də o haqsızlığı, ədalətsizliyi müdafiə eləyirsən. Anar bu sözü Sovetlər Birliyinin dağılmasını müdafiə eləyənlər barədə demişdi, hələ o vaxt hazırkı hakimiyyət qurulmamışdı. Amma zaman keçdi, hadisələr elə gətirdi ki, artıq o sözü eşidəndə insanlar elə başa düşür ki, Anar elə özü haqda deyib bunu. Bu barədə nə deyə bilirsiniz?
− Anarın da, Çingiz Abdullayevin də düşüncəsi belədir ki, Azərbaycanda İlham Əliyevə alternativ ola biləcək biri yoxdur.
− Belə bir fikir də var, bu günə kimi ölkədə aparılan siyasət, bütün resurslar, televiziyalar, media qurumlarının işi ona köklənib ki, İlham Əliyevə alternativ olmasın…
− Kimin əlindən tribunanı alıblar ki? Siz allahınıza şükür eləyin ki, İlham Əliyev kimi savadlı, qətiyyətli dövlət başçınız var. Bir Elçibəyi seçdiniz, gətirib hakimiyyətə qoydunuz, o da dövləti qoyub qaçdı. Bilirsiniz, niyə komanda olaraq rahatlıqla qaça bildilər? Çünki Heydər Əliyevin siyasi iradəsinə arxayın idilər. Dövlətin bütün yükünü o kişinin çiyninə yükləyib, dağılışdılar. Hərdən deyirlər ki, filan deputat niyə Milli Məclisdə hökuməti tənqid eləmir?
 
− Niyə eləmir ki?
− Guya bilmirsən, niyə? (Gülür) Hakimiyyətin tipi elə deyil ki, hansısa deputat durub hökuməti tənqid eləsin. Heç o lazım da deyil.
− Deputatları xalq seçir, yoxsa hakimiyyət?
− Hakimiyyət təyin edir.
 
− Axı konstitusiyaya görə xalq seçməlidir.
− Bu xalq lazım olanı seçə bilmir. Ona görə də hakimiyyətin özünün təyin etməyi məqbuldur.
− Bir müddət yaman içirdiniz, səhhətinizdə də problem yaranmışdı. Sonra isə siyasi məsələlərə münasibətiniz kimi şəxsi həyatınızda da bir çox dəyişikliklər baş verdi, idman alətləri, balaca oğlunuza yelləncək düzəltdiyiniz şən videolar paylaşırdınız. Necə olu ki, hər şey bu qədər dəyişdi? 
− Mənim adım çox içən kimi çıxıb, çünki içəndə şən oluram, maraqlı, əyləncəli hadisələr yaradıram, camaat da edə bilir, elə həyatım bundan ibarətdir. Amma mən çox mürəkkəb həyat yaşamışam, indi də yaşayıram. Bu yaşımda hələ indi başa düşmüşəm ki, sən demə, kiməsə birbaşa söz demək olmaz, gərək simvolika ilə danışasan, çünki bizim insanların klassikası, babası Füzulidir, kitabı “Quran”dır, yəni başdan-ayağa simvolikadır.
 
− Bir ara eşitdik ki, Murad Köhnəqala intihar eləmək istəyir…
− Əşi, məndən intihar eləyən çıxar?! Düzdür, depressiya vəziyyətində olmuşam, amma bu, intihar həddinə çatmayıb. Nə qədər ki, insan yaşayır, problemlər olacaq. Yalnız insan öləndə problemlər bitir.
− Birinci ailənizdən iki övladınız, ikinci ailənizdən də balaca bir oğlunuz var. Allah gecindən versin, övladlarınızın siz öləndən sonrakı taleyini özünüzə problem hesab eləmirsiniz?
− Əlbəttə, bu da mənim problemimdir. Demək, heç öləndən sonra da problemlər bitmirmiş.
− Böyük oğlunuzla qızınız özlərini dolandıra biləcək yaşdadırlar, amma kiçik oğlunuzun hələ dörd yaşı var. Düşünmürsünüz ki, bu yaşda övlad dünyaya gətirməkdə səhv etmisiniz?
− Xeyr, düşünmürəm. Çünki mən olmasam belə, kiçik oğlumun anası, qardaşı var. Nə vaxtsa problemi olsa, Amur görəcək ki, arxasında dağ kimi qardaşı, bacısı durub.
Səidə İsmayılova
Share: