Bu fakt elm adamlarının apardıqları araşdırmalardan sonra üzə çıxıb. Alimlər müxtəlif qrip virusu növlərini isti, soyuq, rütubətli məkanlarda istifadə edilmiş kağız pulların üzərinə qoyaraq tədqiqat işi görüblər. Məlum olub ki, virus kökləri pulun üzərində günlərcə, hətta iki həftədən çox sağ qalırlar.
Müstəqil.Az xezerxeber.az-a istinadən bildirir ki, insanların bir çoxunda pula toxunduqdan sonra əl yumaq kimi alışqanlığı yoxdur. Həkimlər isə həyəcan təbili çalır. Araşdırmalara görə, hər bir kağız pulun üzərində tənəffüs yolları və bağırsaqlarda xəstəlik törədə biləcək azı 2400 bakteriya var.
Həkim Şəmsiyyə Namazlının sözlərinə görə, infeksiya ilə çirklənmiş pullarda xəstəlik törədici mikroblar uzun müddət həyat fəaliyyəti qabiliyyətini saxlayır.
Yalnız kağız pulların deyil, metal pullar vasitəsi ilə bir çox infeksiyalar yayıla bilər. Həmçinin pullar sayılarkən barmaqlar tüpürcək vasitəsilə isladılmamalıdır.
Müxtəlif viruslara yoluxmamaq üçün şəxsi gigiyena qaydalarına maksimum dərəcədə əməl etmək lazımdır.