Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olundu — Fotolar

Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olundu — Fotolar

Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı müdafiə nazirinin müvafiq əmrinə əsasən təltif olunub.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev çıxış edərək bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan tibb heyətimizin fəaliyyəti qardaş ölkədə də yüksək qiymətləndirilib.

Qeyd olunub ki, hərbi tibb personalımız Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə, ümumilikdə 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə isə ambulator yardım göstərib.

Tədbirdə hərbi həkimlərimizin Vətən müharibəsində də peşəkarlıq nümayiş etdirdiyi və Azərbaycan Prezidenti, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.

Sonda ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalına növbəti hərbi rütbə, medal və fəxri fərmanlar təqdim olunub.


Share: