Kulis.az Ömər Xəyyamın Xalq yazıçısı Kamal Abdulla ilə söhbətini təqdim edir.
– Xoş gördük, Kamal müəllim. Necəsiniz? Yaradıcılıqla məşğul olursunuzmu, yoxsa sizin də vaxtınız yoxdur?
– Xoş gördük. Yaxşıyam, pis deyiləm. Yazmağa çalışıram. Elə bu yaxınlarda bir hekayə bitirmişəm. Bu hekayədə indiyə qədər ağlıma gəlməyən mətləbləri ifadə eləməyə çalışmışam.
– İnsan xatırladıqca, keçmişi silir. Bir növ, yazıçılar keçmişlərindən kəsib əsərlərinə verirlər. Həm də bilirik ki, yazıçının vətəni onun uşaqlığıdır.
– Əksinə, əksinə! Xatırlayırsa, dirildir. Ehyadır bu. Dirilirsə, başqa bir şəkildə, başqa bir formada yaşamağına davam eləyir. Keçmiş heç zaman silinmir. Bulqakov nahaqdan deməyib ki, əlyazmalar yanmır. Bu təkcə əlyazmalara aid deyil, elə keçmişdə olmuş hər şeyə aiddir. Keçmiş, biz istəsək də, istəməsək də, bizdən ixtiyarsız yaşamağa davam edir. İnsan öz keçmişilə böyükdür. Biz keçmişlə – həm öz yaddaşımızda, həm də başqalarının yaddaşında qalmağa davam edirik. Keçmişdə qalmış uşaqlıq yazıçının sığına biləcəyi, isinə biləcəyi yeganə etibarlı yerdir.
– O zaman belə çıxır ki, milli kimliyimizin, milli təfəkkürümüzün yaşı az olduğuna görə biz dünya ədəbiyyat müstəvisindən kənardayıq. Burdan uşaqlığımızacan olan məsafədəki hadisələrin həcmi, dərinliyi imkan vermir ki, biz haman motivlər əsasında onlar kimi yazaq.
– Dünya ədəbiyyat müstəvisi deyirlər, amma mən başa düşmürəm o anlayışı. Hər ölkənin öz ədəbiyyatı var. Sən öz ədəbiyyatının içindəsənsə, sən artıq dünyanın içindəsən. Müxtəlif ölkələrdəki adamlar, başqa ölkələrin də müəlliflərini oxuyurlar. Elə yazıçılar var ki, onlar elə bir müstəviyə çıxırlar ki, dünyanın hər bucağından görünürlər. Biz əgər dünyaya çıxmağı hamı tərəfindən oxunulmaq kimi başa düşürüksə, bu, səhvdir. Sən yazırsansa, artıq dünyadasan. Azərbaycan da dünyadı da. Bəlkə, onlar Azərbaycanı görə bilmirlər. Bu gün Azərbaycanda kimsə yazırsa, o artıq dünyaya çıxmış hesab olunmalıdır. Lazım deyil ki, onu uzaq Kolumbiyada, yaxud yaxın Gürcüstanda da hökmən oxusunlar.
Vaqif Bayatlının misralarını xatırladım:
Dənizin ortasında bir xəyal
Ya o sənin gözünə görünür, ya sən onun…
– Gürcüstan demişkən, mən gürcü gənc yazıçılarla danışanda, dedilər ki, bizə sizin ədəbiyyat nümunələriniz maraqlı gəlmir, sanki köhnəlmiş ədəbiyyatdır.
– Mənə də onların yazdıqları çox primitiv gəlir. Biz alışmışıq ki, özümüzə qiyməti başqalarına istinadən verək. Halbuki biz hər şeydən əvvəl öz qiymətimizi bilməliyik. Öz qiymətini bilən adamlara hörmət etməliyik hər şeydən əvvəl. Ondan sonra başqaları bizim haqqımızda nə düşünür, nə yazır – bunları müzakirə etmək olar. Füzulini, Nizamini dünyada tanımayan var? Onlar haqqında nə qədər yazılıb, yazılır. Bu Azərbaycan ədəbiyyatının dünyaya çıxmağı deyil? Hələ də naşı adamlar elə düşünürlər ki, Nobel mükafatı, yaxud başqa bir mükafat almamışıqsa, deməli, Azərbaycan ədəbiyyatı dünyaya çıxmayıb. Bizdə Ramiz Rövşən var, ki, onun Nobel almağına heç bir ehtiyacı yoxdur. O özü elə başdan ayağa bir Nobel mükafatıdır. Vaqif Bayatlı var, Vaqif Səmədoğlu var, Eldar Baxış var. Nə qədər gözəl şairlərimiz, yazıçılarımız var. Onlar hər biri öz-özlüyündə böyük bir mükafatdırlar.
– Bu mənada sizi də dünyaya çıxmış yazıçı hesab etmək olar. Haqqınızda yazılıb, kitablarınız bir neçə xarici dilə çevrilib. Məncə, kitablarınızın satışından qonararınızı da göndərirlər. Maraqlıdır, xarici oxucuların əsərləriniz haqqında təəssüratı necədir?
– Bəli, mən indi də xarici ölkələrdəki kitablarımın satışından qonarar alıram, amma mən bilmirəm ki, o kitabı alan hər kəs oxuduqlarını bəyənib, ya bəyənməyib. Hər halda o kitablara yazılan önsözlər, o kitablar haqqında yazılan məqalələr və xarici oxucuların bəzilərinin mənə çatdırılan fikirləri belə deməyə əsas verir ki, bəli, o kitablar əcnəbi ədəbiyyat həvəskarlarının diqqətini çəkir. Ən azı nəşriyyat bu kitab satılmayacaqsa onu nəşr etməz.
– Bir neçə il əvvəl xəbər çıxmışdı ki, siz Nobel mükafatına namizədlərin siyahısına düşmüsünüz. Fəqət bəziləri də yazırdı ki, yox, bəs bu yalan xəbərdir, elə söhbət yoxdur.
– Mənim o yalan xəbər söhbəti haqqında məlumatım yoxdur, amma məndə üç məktub var. Üç məktubun surəti var. Birində Nobel komitəsi ölkədəki öz ekspertinə müraciət edir ki, sizdən Nobel mükafatına namizəd gözləyirik. İkinci, ekspertin öz namizədi haqqqında məktubdur. Üçüncü məktub yenə komitədən ekspertədir. Yazıblar ki, sənin namizədini qeydə aldıq. O namizəd də mənim “Yarımçıq Əlyazma” əsərim idi.
– Nobel mükafatı da alarsınız, sağlıq olsun, amma Xalq yazıçısı adına layiq görüldünüz. Nə dəyişdi sizdən ötrü?
– Xalq yazıçısı dövlət tərəfindən, cəmiyyət tərəfindən verilmiş addır, yəni sənin bu sahədəki xidmətlərinə görə verilir. Mən bu adı alarkən qürur hissi duydum. Mənim dostlarım da elə, oxucularım da elə, amma yazıçı yazıçıdır. Onun fəxri ad almağının yazmağı ilə heç bir əlaqəsi yoxdur.
– Siz də məmur yazıçılardansınız. O vaxt Musa Yaqubla söhbət edəndə mənə demişdi ki, kreslonun ilham pəriləri ayrı cür işləyir.
– Bəlkə də, məmur həyatı kiməsə mane olub, yaxud olur, amma mən bunu hiss eləmirəm. Çalışıram ki, işim mənə mane olmasın. Yazı masasının arxasına keçəndə gündəlik məsələlərdən təcrid edirəm özümü. Musa Yaqubun, gözəl şairimizin adını çəkdin, Allah ona rəhmət eləsin. Mən başqa böyük yazıçımızı, – İsa Hüseynovu xatırlamaq istəyirəm. Bunu mənə onun ailə üzvləri danışıblar ki, o, yatağında olarkən “Yarımçıq əlyazma”nı oxutdurarmış. O əsərlə çox maraqlanarmış. Bax o əsər, Musa Yaqubun sözü olmasın, mənim kresloda yazdığım əsərdir. Mən o əsəri gedib hansısa kənddə yazmamışam. Ümumiyyətlə, harda yazmağın fərqi yoxdur. Təki yazmağa sözün olsun. Çəmənlikdə yaz, masada yaz, kresloda yaz, – fərqi yoxdur.
– Bir dəfə demişdiz ki, mən Azərbaycan dilinin potensialında yazıram. Hətta Ənvər Məmmədxanlını dilinə görə ədəbiyyatın zadəganı adlandırmışdınız. Amma diliniz haman müəlliflərin dilindən fərqlidir. Hətta deyirlər, sizin diliniz texnikidir, qurama və qurudur.
– Onu kim deyir?
– Deyənlər var da, məsələn, səhv etmirəmsə, bir neçə il öncə Vaqif Nəsib Yaradıcılıq Fondundakı söhbətimiz əsnasında demişdi ki, Kamal müəllimin dili texnikidir.
– Vaqif səni məhkəməyə verər bu sözə görə. Heç vaxt Vaqif Nəsib elə söz deməz. Ondan belə söz eşidə bilməzsən. Mənim dilimə iradı olanların Azərbaycan dilindən, onun zəngin potensialından xəbəri yoxdur.
– Bir dəfə də Qismət demişdi ki, bizim dilimizin bəzi anlayışları, bəzi situasiyaları ifadə etməyə gücü çatmır. Mən də özümü dilimizin zadəganlarından hesab edirəm. Düşünürəm ki, istənilən situasiyanı dilimizcə ifadə etmək olar.
– Qismətin beynində özündən də xəbərsiz Azərbaycan dilinin konstruksiyası var. Əgər Qismət deyirsə ki, müəyyən anlayışları, situasiyaları bizim dildə ifadə etmək olmur, gərək o, bu konstruksiyadan kənara çıxsın, kənardan o konstruksiyaya qiymət versin. Həmin konstruksiyanın içində ola-ola, onun kasadlığından danışmaq olmaz. Elə bir situasiya yoxdur ki, bizim dilimizin daşıyıcısı onu ifadə edə bilməsin. Qismət böyük söz ustasıdır, onun istifadə etdiyi dil məni bir oxucu kimi son dərəcə qane edir.
– Kamal müəllim, ümumiyyətlə, dil təfəkkürə təsir edir, yoxsa təfəkkür dilə?
– Əlbəttə, təfəkkür dilə. Dil təfəkkürün arxasınca sürünə-sürünə gedir, çox vaxt heç ona çata bilmir. Təfəkkürümüz daha genişdir, dünyanı öz rəngarəngliyi ilə qavramaq bacarığına malikdir, ancaq dilin elə imkanı yoxdur. Dilimiz ağ-qara, təfəkkürümüz rəngli televizor kimidir. Füzuli necə deyirdi? – “Aldanma, şair sözü, əlbəttə yalandır!”
Buradakı yalan bizim başa düşdüyümüz yalan deyil. Bu yalan təhrif mənasındadır. Yəni, dünyanı, olanları mən dilimlə ifadə edirəmsə, bu artıq təhrifdir. Çünki dünya mənim şüurumda adekvat şəkildə əks olunur, ancaq o prosesi mən adekvat şəkildə dilin vasitəsilə ifadə edə bilmirəm.
– Bir az da işinizdən, təhsil sahəsindəki uğurlarınızdan danışaq.
– Ən böyük sonuncu uğurumuz beynəlxalq QS reytinq cədvəlində modern dillər üzrə 1600 universitet arasında üç yüzüncü yeri tutmağımız oldu. Azərbaycan təhsilində bu, bir ilkdir. Bu münasibətlə əməkdaşlarımızı təbrik edirəm. Xidmətçilərdən proffesorlaracan – hamının əməyi var bu uğurda.
– Dillər Universiteti ilə bağlı tez-tez şayiələr çıxır, xəbərlər yayılır. Elə son günlərdə də, nəsə söz-söhbət olmuşdu. Bu cür söz-söhbətlər sizi narahat etmir ki? Özünüzü necə hiss edirsiniz?
– Mənim bu günlərdə özümü necə hiss etməyim bir çox adamı narahat edir. Kimini həqiqətən, səmimi şəkildə narahat edir, kimi də bəzən bu sualı ona görə verir ki, görsün, məndə bir dəyişiklik var, ya yoxdur. Məndə heç bir dəyişiklik yoxdur. Mən əqidəmi də, vicdanımı da bildiyim kimi yaşayıram. Öz vicdanımı yaşayıram. Çalışıram, bu vicdanla, ləyaqətlə yaşayım. Gördüyüm işlərlə bağlı özümü haqlı sayıram, əlbəttə, inandığım adamların təshihləri də olmaqla.
Mən özümü haqlı sayıramsa, gördüyüm işlərlə bağlı zərrə şübhəm, tərdəddüdüm olmur. Haqlısansa, hər şey doğru-düzgün nəticələnəcək. Mən isə ömrü boyu nahaq iş tutmaqdan uzaq olmuşam.
– Maraqlıdır, siz özünüz xarici dil bilirsinizmi?
– Bəli, fars, türk və rus dillərini bilirəm.
– Əslində, mən ingilis dilini nəzərdə tutmuşdum.
– İngilis dilini mən hiss edirəm. İngilis dilinin nəzəriyyəsini, tarixini, başqa dillərlə münasibətini bilirəm. İngilis dilinin necə təşəkkül etdiyini bilirəm. Bilirəm, ingilis dili formalaşa-formalaşa bugünkü vəziyyətə necə çatıb. Bu istiqamətlərə mən əsərlərimdə də toxunmuşam. Amma onu da deyim ki, ingilisdilli bir ölkədə yolumu azmaram.
– Eşitdiyimə görə, birinci kurs tələbələrinin aldığı kitabların pulunu özünüz ödəyirsiniz.
– Mən yox, universitet ödəyir. Biz belə bir qərar qəbul etdik. Elmi şura da o qərarı təsdiqlədi ki, bütün fakültələr üzrə birinci kurs tələbələri aldıqları kitabların çeklərini təqdim edərək (həm elmi, həm də bədii kitabların), pulunu geri ala bilərlər. Məqsəd də, o tələbələrin şəxsi kitabxanalarının formalaşmasıdır. Soruşa bilərsiniz ki, niyə ikinci, üçüncü kurslar yox, məhz birinci kurslar, – bu gün büdcəmiz ancaq buna imkan verir.
– Bunca faydalı işlər görürsünüz, bacardığınız qədər tələbələrə, yazıçılara kömək edirsiniz. Niyə həmişə sizə hücum edirlər? Niyə həmişə narazıdırlar. Sanki nəyinsə qisasını alırlar sizdən.
– Bu adamlar həmişə nəsə istəyirlər və o nəsəni mən onlara həmişə verə bilmirəm.
– Mən bu sualı hamıya verirəm. Deməli, süni zəka proqramları düzəldiblər. Düzdür, hələ ibtidai mərhələdədir, fəqət mövzunu verirsən, hekayə yazır, ssenari yazır. Yəqin ki, zamanla təkmilləşəcək. Bəzi adamlar düşünür ki, belə getsə, gələcəkdə yazıçıya, ssenaristə ehtiyac olmayacaq.
– Nə gözəl olar! O gün gəlsəydi, nəhayət, biz də başa düşərdik ki, biz yazdıqlarımızın hamısını, sən demə, özümüz üçün yazmışıq.
– Gənc müəllifləri oxuyursunuz?
– Özünü nəzərdə tutursansa, səndən də gənclər var. Gəncləri duymaq üçün, onların yazdıqlarını, nə istədiklərini adekvat hiss eləmək üçün Yaradıcılıq fakültəsi yaratdıq. O fakültə Slavyan Universitetində çalışdığım vaxt da mövcud idi, bu gün də Dillər Universitetində də mövcuddur. Tələbələr arasında xeyli istedadlı gənclər də var. Məsələn, bizim Yaradıcılıq fakültəsindən Əlibalanın adını çəkə bilərəm. Onun çox ciddi, maraqlı şeirləri var.
– Kamal müəllim, o biri dünyaya inanırsınız?
– O biri dünyaya inanıram. Cənnət-cəhənnəm – bu mənada yox, superkainat dediyimiz bir yerdə sonsuz sayda dünyaların varlığına inanıram. Məsələn, o biri başqa dünyada sən yenə də indiki yerində oturmusan, amma saqqalın yoxdur, bir ayrı dünyada sən qəlyan çəkirsən.
– Necə düşünürsünüz, inancsız bir adam yazıçı ola bilərmi, ümumiyyətlə?
– Ola bilməz. Heç zaman ola bilməz.