“Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin və Müstəqil.Az-ın birgə hazırladığı “Dənizçi həyatı” layihəsinin bu dəfəki qonağı AXDG QSC DND-da kapitan vəzifəsində çalışan Rəcəbov Rövşən Sənan oğludur
-Rövşən kapitan, sizinlə Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin və Müstəqil.Az-ın birgə lahiyəsi olan “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Oxucularımıza özünüz haqda məlumat vermənizi xahiş edirəm.
-1962-ci ilin oktyabr ayının 10-da Lənkəran şəhərində anadan olmuşam. 1982-ci ildə Qafur Məmmədov adına Dəniz Yolları Məktəbinin “Gəmi sürücüsü” ixtisası üzrə bitirmişəm.
1983-ci ildən “Xəzər Dəniz Gəmiçiliyi”nin müxtəlif gəmilərində matros vəzifəsindən kapitan vəzifəsinədək yüksəlmişəm.
Hal-hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Dəniz Nəqliyyatı Donanmasında gəmi kapitan vəzifəsində çalışıram.
-Dənizlə qonşuluqda anadan olmusuz. Dənizlə tanışlığınız erkən yaşlarınızdan olub. Amma, yenə də maraqlıdır, necə oldu ki, dənizə, dənizçi peşəsinə könül verdiniz?
– Düz buyurdunuz. Lənkəran şəhəri dəniz kənarında yerləşdiyi üçün dənizə məhəbbətin erkən yaşlarımdan başlamışdır, elə gəmiçilik sənətinə maraq da o dövrlərdən yaranmışdı. Ətrafımda olan insanlar arasında bu sahədə çalışanlar da az deyildi. Etiraf edim ki, ilk öncə onların geyimi, uniforması məni cəlb etmişdi. Elə bu marağında ardınca düşdüm, qətiyyətlə qərar verdim ki, bu sahədə təhsil alım, dənizçi olum. Ona görə də orta məktəbi bitirib, Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə qəbul olundum.
Yəni, dənizçi olmaq uşaqlıq dövrlərimdən arzum olub. Düzdür, ailədə böyüklərimiz məni başqa sahəyə yönəltməyə çalışsalar da, yenə də öz fikrimdə qaldım, dənizçilik sahəsini seçdim.
– Deyin, dənizə gəldikdən sonta, valideyinlərinizin bir zamanlar peşə seçiminizə müdaxilə etmələrinə haqq qazandırdınızmi, təəssüf, peşimançılıq, belə hisslər yaşanmadı ki?
-Xeyr, bu sahəni seçməyimə görə heç bir vaxt təəssuf hissi keçirməmişəm, peşman olmamışam. Əksinə həmişə sevinmişəm ki, öz istədiyim ixtisasda təhsil alıb istədiyim sahədə də çalışıram.
– “Dənizçi həyatı” dedikdə nə başa düşülür? Siz bu həyatı necə xarakterizə edərdiz?
– Dənizçi həyatı çox çətin, həm də məsuliyyətlidir. Evdən, ailədən uzaq olursan. Gərək işini, sənətini sevə-sevə görəsən. Elə bu sevgi də bu həyatın çətinliklərini adama unutdurur.Dənizçi həyatının özünəməxsusluğu var. Birmənalı olaraq deyərdim ki, mən bu həyatdan çox şey öyrənmişəm. Dənizin məndən aldığı yoxdur, zaman, bəzən ailə, uşaq, torpaq üçün darıxmağı nəzərə almasaq, əlbəttə. Amma, mənim dənizdən aldığım çox olub, dəniz mənə səxavətlə çox şey verib. Mən burda həyatı öyrənmişəm, çətin anlarda necə dözümlü olmağı, dost qazanmağı və digər nüansları bacarmışam. Baxın budur, mənim üçün dənizçi həyatının təqdir olunası tərəfləri.
-Rövşən kapitan, məlumdur ki, dənizçilərin həyatında macəra dolu günlarə heç də az olmur. Sizin yaddaşınızda qalan ən maraqlı hadisələr hnsıdır?
-Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində oxuyarkən 25 dekabr 1981-ci il tarixində saat 22:30-da tələbə yoldaşlarımla indiki Dənizkənarı parkda gəzərkən bir nəfərin dənizdə boğulduğunu görüb onu xilas etməyin heç vaxt yadımdan çıxmır.
Təqribən 1984-cü ildə Qara dənizdə “Mikayıl Müşfiq” gəmisində matros vəzifəsində işləyərkən qabağımızda hərəkət edən quru yük gəmisinin burulğana düşərək batması indiyədək gözümün qarşısındadır.
1991-ci ildə “Akademik Topçubaşov” bərəsində bosman vəzifəsində işləyərkən erməni terroru nəticəsində bizim gəmidə partlayışın baş verməsi və çoxlu insan təlafatının (partlayış nəticəsində 25 nəfərədək insan həlak olmuşdur) olması yaddaşıma həkk olmuşdur. Düzdür, bunlar macəra deyil, amma unudulması mümkün olmayaqn hadisələrdir.
-Biliklərinizi, təcrübənizi paylaşmaqda necə, marağınız, istəyiniz varmı?
-Artıq 40 ilə yaxındır ki, dənizdə müxtəlif tipli gəmilərdə və müxtəlif vəzifələrdə çalışıram. Əldə etdiyim bilikəri və təcrübəni gəmiyə yeni gəlmiş heyət üzvlərilə və təcrübəçilərlə paylaşmağım çox xoş bir haldır. Paylaşdığım bilik və təçrübəmin onların işinə yaraması, əlbəttə ki, məni çox sevindirir.
-Gənc dənizçi nəslinin sizin dövrün gəncləri ilə müqayisədə hansı fərqləri müşahidə etmək olar?
-Yeni nəsil müasir texnologiyalardan daha çox istifadə edir. Bizim dövrümüzdə texnologiya müasir dövrlə müqaisədə zəif inkişaf etdiyinə görə daha çox bilik və təcrübəyə əsaslanırdıq.
Əsas fərqlərdə biri də bəzi adət ənənələrimizin gənc dənizçi nəsili tərəfindən unudulmasıdır. Gənc nəslə onu demək istərdim ki, köhnə adət ənənələrə daha çox önəm versinlər. Keçmişə sədaqət, gələcəyə inam gərəkdir.
– Məlumdur ki, ölkədən kənarda çox olmusuz, Dənizçiyə olan diqqət, onlara münasibət hansı ölkdə daha çox müşahidə olunur?
-Dəniz sahəsində işlədiyim müddətdə bir çox ölkələrdə olmuşam. Demək olar ki, bütün ölkələrdə dənizçiyə xususi hörmət var. Amma Avropa dövlətlərində, xüsusi ilə Almaniyada, Baltikyanı ölkələrdıə və s., dənizçilərə daha çox diqqət müşahidə olunur.
-Gənc dənizçi nəslinə nələri tövsiyyə edərdiz?
– Dənizçilik çətin peşə olduğu üçün işlərində məsuliyyət və işə ciddi yanaşmalarını tövsiyyə edirəm.
– Rövşən kapitan, məlumdur ki, DSD İB-nin lahiyəsi olaraq, sizinlə həmsöhbət olduq və bu söhbətlərimiz kitab halında da nəşr olunacaq. Çox sağ olun ki, zaman tapıb müsahibə verdiniz.
-Siz sag olun ki, bizi unutmursuz, var olun! DSD İB-nin fəaliyyəti nəinki qənaətbəxş, çox yaxşıdır. Bir çox məsələlərin ictimailəşməsində və həlli yolunu tapmasında mühüm işlər görürsünüz. İşlərinizdə həmişə yeni-yeni uğurlara imza atmanızı arzulayıram.
Söhbətləşdi: Faiq Balabəyli