Kapitan şair: “Dənizçilik nə qədər şərəfli peşə olsa da…” (Müsahibə)

Qaynarinfo.az-ın əməkdaşı “DƏNİZÇİLƏRİN HÜQUQLARININ MÜDAFİƏSİ İCTİMAİİ BİRLİYİ”ni təsis edən tanınmış şair, müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli ilə görüşüb, yeni qurumun hansı zərurətdən yarandını soruşub.
– Dənizçilər ölkə vətəndaşlarının elə zümrəsidir ki, daima çətiniklərlə üz-üzə olurlar. Nə qədər şərəfli peşə olsa da, bir o qədər də ağır, məsuliyyət tələb edən peşədir. Problemləri də az olmur. Son vaxtlar baş verən müxtəlif dəniz qəzaları, Xəzər dənizindəki buruqlarda baş verən yanğınlar, təbii hadisələrdə baş verən bədbəxt hadisələr, bu faciələr zamanı dünyasını dəyişən dənizçilərimiz, eləcə də dəniz neftçilərimizə və bir çox hallarda bu hadisələrdən zərərçəkənlərə, onların ailə üzvlərinə olan diqqətsizlik bu birliyin təsis olunmasını gündəmə gətirdi. İctimai Birliyimiz bu adla təşkilatlanacaq, işlərini daha da səmərəli qurmaq üçün müxtəlif dövlət qurumları ilə əlaqəli işləməyə çalışacaq.
Daxili və xarici sularda üzən dənizçilərimizin hüquqlarının qorunması və onların problemlərinin həlli əsas işimiz olacaq.
Ölkəmizdə ilk olaraq bu ictimai birlik fəaliyyəti ilə dənizçilərimizin istinad edəcəyi və güvənə biləcəyi yeganə təşkilat olacaq.
– Bəs birlik daha hansı işləri nəzərdə tutur?
– Bu haqda qısaca dedim. Zəruri olaraq onu qeyd edim ki, birliyin əsas məqsədi dənizçilərimizin cəmiyyətdə necə mövqe tutması, işlədikləri Dənizçilik şirkətinin həyatında ictimai-sosial araşdırmaların aparılması, təkliflərin hazırlanması, o cümlədən bu istiqamətdə ictimai fəaliyyət göstərməklə həyata keçirilən dövlət siyasətinə dəstək verməkdən ibarət olacaq. Bundan başqa, hədəflər sırasında Azərbaycanın və dünyanın açıq və qapalı sularında dənizçilərin, enerji sektorunda insan haqlarının qorunması, enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə istifadə olunması və bu sahədə ictimai nəzarət sisteminin yaradılması uğrunda mübarizə aparmaq da var.
– Faiq bəy, deyin, rəhbəri olduğunuz Birlik dediklərinizi gerçəkləşdirmək üçün necə fəaliyyət göstərəcək?
– Fəaliyyət dairəmiz geniş olacaq. Məsələn, müxtəlif sosial problemlərlə bağlı dənizçilər arasında sorğuların keçirilməsi, problemlərin həllinə istiqamətlənən maarifləndirmə işlərinin aparılması, eyni zamanda dənizçilərin sosial problemləri ilə bağlı vəziyyəti öyrənmək üçün araşdırmalar aparmaq, monitorinqlər keçirmək, əldə edilən məlumatlar əsasında təhlil apararaq əlaqədar dövlət orqanlarına və müvafiq təşkilatlara təqdim etmək və sairə.
İşlərimiz bununla yekunlaşmayacaq, birliyin adından məlum olduğu kimi, dənizçilərimizin hüquqlarının müdafiəsi, onların sosial reabilitasiyasını həyata keçirmək, dənizçi ailə üzvlərinin təhsil, mədəniyyət, səhiyyə və idman sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək vermək və bu sahədə müxtəlif tədbirlərin həyata keçirmək də hədəfimizdədir.
– Bu ideya sizi bir dənizçi, yoxsa mediaya yaxın adam kimi cəlb etdi?
– Bəli, özüm ADXG QSC-nin XDND idarəsində gəmi kapitanı vəzifəsində çalışıram. 1981-ci ildən bu sahədəyəm. Dənizi və dənizçi həyatını pis bilmirəm. Mətbuata yaxınlığıma, yaradıcılıqla məşğul olduğuma görə onlarla dənizçinin mənə olan müraciətlərinin həll olunmasında iştirak etmişəm. Yəni demək istəyirəm ki, onsuz da müxtəlif idarə və təşkilatlarda, eləcə də işlədiyimiz dənizçilik idarəsinin özündə problemlərlə üz-üzə olan, məmur özbaşınalığı yaxud sayğısızlığı ilə qarşılaşan dənizçi dostlarımız var ki, mənə müraciətlərinə mətbuat vasitəsi ilə dəstək olmuşam. Belə olan məqamda bunu daha da rəsmiləşdirmək gərəkirdi.
– Demək sizi güvənc yeri bilirmişlər.
– Belə demək olar. Amma mən hansı səlahiyyət sahibi idim ki? Sadəcə, onlara istiqamət verirdim, yol göstərirdim, problemlərin ictimailəşməsində köməyimi əsirgəmirdim. İndi bütün bunları bir hüquq müdafiəsi ictimaii birliyi olaraq edəcəyik. Sözsüz ki, müraciətlər araşdırılacaq və sonradan ictimailəşdiriləcək. Qərəzli, yanlış, həqiqətə uyğun gəlməyən mürüciətlərin olunması da istisna deyil.
Share: