Kapitan Xoşgün Əzimov: Dənizə sahilə dönmək üçün gedirik

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstə İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı   Küveytə məxsus AGMS kompaniyasının “Shark-55” gəmisinin kapitanı Xoşgün Əzimovdur.

– Xoşgün kapitan, necəsiniz? Vətəndən uzaqda, darixmırsız ki?

– Yaxşıyam, sağ olun. Darıxmaq dedikdə, biz dənizçilər demək olar ki, öyrəşmişik bu həyat tərzinə. Necə deyərlər, dənizdə vətən və doğmalarımız üçün darıxırıq, sahildə isə dəniz üçün. Mənə elə gəlir ki, əsl dənizçi üçün bu, normal haldır. Əslinə qalsa, ömrümüzün çoxunu biz dənizdə keçiririk. Bu cür dənizçilərə, dəniz üçün doğulmuşlar desək, yanılmarıq

-Sizinlə Müstəqil.Az-saytının “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin birgə layihəsi olan “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq? Uzun müddtdir ki, dənizçi həyatı yaşayırsız, bu həyatın hansı tərəfi diqqətçəkndir, fərlidir?

-Bu sənətin fərqli cəhəti  qalib gəlməkdir. Dənizçilik peşəsi cox çətin peşədir. Nahaq deməyiblər ki, dəniz mətinləri sevər. Hər dəfə dənizə çıxanda bilmək olmaz ki, sahilə dönəcəksən, ya yox. Məşhur mahnıda deyildiyi kimi desək – Dənizə gedirik, sahilə dönmək üçün. Qarşımıza qoyulan tapşırığı dənizdə bəzən şıltaq, bəzən qəzəbli  dalğaların qoynunda uğurla yerinə yetirib sahilə dönəndə özümüzü qalib hiss edirik.

-Sosial şəbəkədən mənə məlumdur ki, hazırda Fars körfəzindəsiz. Hansı ölkənin şirkətində çalışirsız?

– Mən hal-hazırda Fars körfəzində Səudiyyə Ərəb Krallığının Khafji  portunda və dənizdə olan neft platformalarını təchiz edən yedək-lövbər işləri görən “Shark-55” gəmisində işləyirəm. Bizim kompaniya AGMS adlanır və Küveytə məxsusdur. Beş ildir, bu kompaniyada çalışıram. Biz dənizdə üzən neft platformalarının yüklə təchizatı və yedəkləmə işlərini təmin edirik.

– Əslində bu iş sizə yad deyil. Uzun müddət XDND də Yedək yük gəmilərində çalışmısız, indi işlədiyiniz şirkətin gəmilərinin işi uyğun gəlirmi XDND nin gəmilərinin gördüyü işlərlə?

– Əlbəttə, XDND-yə, bizim doğma  idarəmizə  1975-ci ildə gəlmişəm. Zağulbada yerləşən dənizçilik məktəbini bitirdikdən sonra təcrübəçi matros kimi İlk gəmim kran gəmisi oan “Krasnıy Sormov” olub. Həmin gəmidə bir il çalışdıqdan sonra hərbi xidmətə çağırılmışam. Üç il  Sovetlər İttifaqının Şimal hərbi dononmasında Böyük raket daşıyan “Oqnevoy” hərbi gəmisində qulluq etdikdən sonra 1979-cu ildə doğma idarəmizə qayıtmışam. 1989-cu ildən kapitan vəzifəsində çalışıram.

Yedək və lövbər işləri görən gəmilərdə işləmişəm. XDND idarəsinin gəmilərində işlədiyim dövr ərzində aldığım iş təcrübəsi olmasaydı, mən çətin ki, burda işləyə bilərdim. Buna baxmayaraq Xəzərdə biz yedək gəmilərində fırtınalı havalarda da işləyirdik və dənizdə olan buruqların təchizatını təmin edirdik. Ona görə aldığım təcrübənin burada mənə çox köməkliyi oldu

– Xoşgün kapitan, Masallıda doğulmusuz. Bu rayonun təbiəti, iqlimi ürək oxşayır, hazırda tam fərqli bir iqlim şəraitində işləməyinz hər hansı bir çətinliklərə səbəb olmur ki?

-Bəli, mən Masallı şəhərində doğulmuşam. 2 saylı  Masallı tam orta məktəbində ilk təhsilimə başlamışam. Masallı mənim ücün cox doğma və əzizdir. Təbiəti təkrar olunmazdır. Uşaqlıq illərim orada keçib. Saysız-hesabsız uşaqlıq xatirələrı məni doğma məkanımla sıx bağlayır. O günləri xatırlayanda elə bil ki, möcüzəli və sehrli bir aləmə düşürəm. Hər şey pozitiv idi o dövr. İndiki dövrə əsla  bənzəməz. Hal-hazırda işlədiyim məkan həddən artıq isti və rütübətlidir. Günorta saatları havanın temperaturu müsbət 50-60 arası olur. Günəşin dəniz suyunu buxarlandırması havanı nəfəs almaq ücün çox çətinləşdirir. Vətəndən bura gəldikdə 15 gün adaptasiya – yeni iqlimə öyrəşmə dövrü keçirik. Vətənə döndükdə də həmçinin. Sahildə çox az-az oluruq. Əsas işlək vaxtımızı dənizdə keçiririk. Bu şəraitdə  bizim yeganə xilaskarımız gəmi odalarını soyudan soyutma sistemidir.

-Azərbaycan müharibə şəraitindədir. Erməni təcavüzü bitmək bilmir. Kapitanı olduğunuz gəmidə qeyri millətlər də çalışır. Onlara Azərbaycan həqiqətlərini çatdırmağa vaxt tapırsızmı?

-Gəmi heyətimiz Misirdən və Suriyadan olan Ərəblər, Filippin və Hindistanlılardan ibarətdir. Bəli, düzgün qeyd edirsiniz. Mən onlara Sovet dövründən başlayaraq hal-hazırdakı zamana qədər erməni qəsbkarlarının vətənimizin 20 faiz torpaqlarını zəbt etdiyini, 7 rayonumuzu viran qoyduqlarını, dilbər guşəmiz olan doğma Qarabağımızı özününküləşdirmək və bizə Xocalı soyqırımını törətdiklərindən danışmışam. Öz növbəsində onlar da mənə öz ölkələrində yaşanan münaqişələrdən, torpaq və insan itkilərindən məlumatlandırıblar. Dərdli dərdlini yaxşı anlayar, o baxımdan mənim Qarabağla bağlı söhbətlərimi başa düşür və haqqın bizim tərəfdə olduğuna inanırlar.

– Dənizçilərin həyatında demək olar ki, hər gün macəralar yaşanır. Sizin həyat təcrübənizdə, yadda qalan, unudulmayan hər hansı xatirəni danışa bilərsizmi?

-”Xəzər Dəniz Neft Donanma” idarəsində işlədiyim dövrdə yadımda qalan macəralardan xatıralamaya bilmirəm: XDND idarəsi tarixində iki kapitan var ki, idarəmizin gəmiləriyilə uzaq səfərlər ediblər.  Bakı – Finlandiya – Bakı – üç reys. Finlandiyadan Bakıya daşınılan yük dizel yağı  “Mobolqard-SAE-40” idarəmizin gəmiləri üçün. 1989-1993 illərdə bu səfərlər baş tutub. O iki kapitandan biri mənəm. Düzdür, o vaxt həmən səfərlərdə  çoxlu macəralar yaşandı, amma mən o macəralardan danışmaq istəmirəm. Mənim yaddaşımda çox dərin iz buraxmış bir xatirəmdən danışmaq istərdim: 1990-cı il 20 yanvar tanker “Bahar” . Kapitan işlədiyim bu gəminin bortunda 800 metr kub “Metil spirit – 99” vardı. Bakı buxtasında SSRİ hərbi donomasını bizim idarənin gəmiləri bizim gəmi də daxil olmaqla 3 gün iflic vəziyyətində saxladıq və şəhərdə törədilən qırğınlara etiraz etdik. Bu çox geniş mövzudur. Danışmaq istədiyim odur ki, 20 Yanvar hadisələrinin 5-ci günü PortoBazada körpüdə gəmimiz dayanmışdı. Səhər saat 09:00-da gəminin bortuna idarəmizin və şirkətimizin rəhbərliyi gəldilər. Dedilər ki, təcili dənizə “Bahar” yatağındakı buruqları metil spirti ilə təchiz etmək üçün getməlisən. Cavab verdim ki, ekipajım yoxdur, bütün ekipaj ailələrini ziyarət etmək üçün qırğından sonra evlərinə getmişlər. Gəmidə mənəm, bir də Baş mexanik. Qarşıma qoyduğunuz tapşırıq mümkünsüzdür. Onlar mənə dedilər ki, əgər  dənizə gedib “Bahar” yatağındakı neft buruqlarını metil spirti ile təmin etməsən, Bakı şəhərinə mavi qaz gəlməyəcək. Yataqdan şəhərə gələn bütün qaz borularının içi donub, buz bağlayıb. Şəhərdə qaz yoxdur. İnsanlar çay içmək üçün belə su qaynada bilmirlər. Sənin ailən də daxil olmaqla. Mən bir az fikirləşdim və dedim: Oldu, mən razıyam dənizə gedib işləməyə, amma mən tək kantrabasda? Onlar gülümsəyib dedilər ki, bacardığımız qədər ekipaj barəsində sənə kömək edərik.   Bir saatdan sonra gəmiyə bir matros və bir motorçu gəldi. Olduq dörd nəfər. Getdik dənizə işləməyə. Bütün gündüzü və gecəni neft yataqlarında işlədik. Neft buruğuna yan aldıqdan sonra göyərtəyə çıxıb  ağır yuk şlanqını buruğa vermək çox çətinliklər törədirdi. Əllərimiz donur, barmaqlarımız idarəolunmaz olurdu, soyuq külək lap iliyimizə işləyirdi. Nə etmək olardı? Buruqları spirtlə təmin etmək vacib idi. İnsanlarımız şəhərdə mavi yanacağın gəlməsini gözləyirdilər. Səhərisi gün  günorta vaxtlarına kimi “Bahar” yatağındakı bütün buruqları Metil spirti ilə təmin edib sahilə qalib kimi döndük. Bu xatirələri heç unuda bilmirəm.

– Müshibənin bu məqamında sizi şəxsən tanımayan oxuculara özünüzü necə təqdim edərdiz? Bir qədər özünüzdən bəhs edin.

-Mənə elə gəlir, yuxarıdakı sətirlərdə mən özümü yetərincə təqdim etdim. 64 yaşımı bu il 17 iyunda dənizdə, Fars körfəzində, gəmidə  qeyd etdim. 18 yaşımdan başlayaraq bütün həyatım dənizlərdə-

okeanlarda-çaylarda-göllərdə gəmi ilə üzməklə keçib. Həmişə də çalışmışam vəzifə borcumu yüksək səviyyədə yerinə yetirəm və kollektivin hörmətini qazanam. Yaxşı sənətkar olmaq olar, amma yaxşı sənətkar+ qayğıkeş və tələbkar insan olmaq hər kəsə nəsib olmur. Ekipaj bir ailə deməkdir. Ailənin isə qayğısına qalmaq və tələbkar olmaq hər bir ailə başçısının başlıca vəzifəsidir.

– Sizi mən çoxdan tanıyıram. “Ədalət Gülməmmədov” gəmisində sizin baş köməkçiniz olmuşam.  Hansı gəmidə işləmisiz, o gəmin heyyət üzvləri sizdən daima razılıq edib. Heyyət üzvlərindən bu sevgisini qazanmağın xüsusi bir düsturu var, yoxsa necə olur ki, siz belə bir hörmətlə əhatələnmisiz?

-Bəli, Faiq kapitan, Sizinlə “Ədalət Gülməmmədov” adlı yedək gəmisində işlədiyim dövrü yaxşı xatırlayıram. Siz mənim yaddaşımda  vətənpərvər, işgüzar, gəmi heyətinə qarşı qayğıkeş bir dənizçi kimi qalmısınız. Qaldı ki, heyət üzvlərinin hörmətini qazanmağın düsturuna; Sadəcə, gəmi heyətinə qarşı tələbkar olmaqla bərabər, həm də, onları başa düşmək və onlarla işləməyi bacarmaq əsas şərtdir. Mənim məsləhət gördüyüm və dəstəkləyib şərait yaratdığım coxlu dənizçilər indi XDND idarəsinin gəmilərində kapitan və baş mexanik işləyirlər (işlədiyim gəmilərin heyət üzvlərindən). Bu hal məni cox sevindirir.

– Həm yaşınızın, həm yaşamanızın o vaxtıdır ki, tez-tez xəyallara dalarsız. Əlalxüsus da Vətəndən uzaqda, qürbətdə, ömrünüzün uşaqlıq, yeniyetməlik, gənclik  vaxtı keçdiyi yerlər xatirinizə gəlirmi?

-Cavan yaşlarımda XDND-də işlədiyim dövrlərdə biz dənizçilər arasında çox gözəl bir adət var idi. Sahildə olan dənizçilər boş vaxtlarında “Lalə” çayxanasına toplaşardılar. Şəhərdə, bulvarda, yeraltı keçidin yanda idi o çayxana. Çay içə-içə, çox gözəl və maraqlı ünsiyyətdə olurduq bir-birimizlə. Hayif ki, o ənənə unudulub.

– Məlumdur ki, AXDG QSC con illər yeni və uğurlu nailiyyətlərə imza atır. Əminliklə deyə bilərəm ki, indi uzaqlarda da olsanız doğma kollektiv haqda məluatlı olarsız. Uzaq səfərlər kaspitanı, peşəkar kapitan kimi, nə deyərsiz, daha nələr etmək olar?

-AXDG QSC-nin son illər qazandığı uğurlar,  hamı kimi məni də sevindirməmiş olmaz. Əsasən donanmanın sıralarına yeni, müasir yedək gəmilərinin daxil olması, həqiqətən, məni çox sevindirir. Vaxtı ilə         o dovrdə mənim işlədiyim gəmilərin heyət üzvlərindən yeni gəmilərdə çalışması məni ikiqat sevindirir. QSC yə təsadüfü adamlar rəhbərlik etmir. Düzdür, gözəl qüsursuz da olmaz, deyiblər. Dənizçilərimizin sosial durumu və digər məsələlər var ki daha da yaxşı olar, inşallah.

-Biz “DSD” İB yi yaratmışıq. Sizcə dənizçilərimizə hansı istiqamətdə kömək edə bilərik? Yəni siz və dənizçilərimizin daha çox hansı qayğıya ehtiyacı var?

– Sizin rəhbərliyinizlə DSD İB-nin yaranması çox böyük əlamətdar hadisədr, çox gecikmiş olsa da bu təşkilatın yaranması dənizçilərin sosial durumuna müsbət təsir edəcəyinə inananlar sırasındayam. Sevinib və dəstəkləyirəm. Axır ki, bir qurum yarandı dənizçilərin hüquqlarının müdafiəsi üçün.       Hər kəsin hörmət etdiyi hüseyn müıllimin, Hüseyn Sözlünün də təsisçilərdən biri olması və ikin yaradıcı adamın, iki təcrübəli dənizçinin bu quruma rəhbərlik etməsi dənizçilərimiz üçün xoş olacaq hadisələrdən xəbər verir.         Uğurlu – düşərli olsun. Ümid edirəm ki, dənizçilərimizin sosial  məsələlərinin yaxşılaşmasında, əmək haqlarının mümkün qaydada yüksəldilməsində, gəmilərə keyfiyyətli ərzaqların verilməsində, dənizçilərə vaxtı – vaxtında istirahət turlarının təşkil olunmasında yaranmış yeni birlik idarə rəhbərliyi qarşısında məsələ qaldıracaq. Yaxşı olardı ki, “DSD” İB  üzvləri təyin olunmuş günlərdə iclaslar keçirə və gündəlikdə olan vacib məsələlərin həlli haqda müzakirələr apara.

-Xoşgün kapitan, müsahibəyə görə təşəkkür edirəm, bəlkə deyilməmiş sözünüz qaldı…

-Siz sağ olun. Bu qədər də yetərlidir. Vətəndə görüşənədək.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

Share: