Kapitan Zaur NOVRUZOV: – Dənizçilər dövlətimizin könüllü səfirləridi

Müstəqil.Az saytı Dənizçilərə Sosial Dəstək İctimai Birliyi ilə birlikdə yeni -“Dənizçi həyatı” lahiyəsinə start verdi. Hər həftə tanınmış və təcrübəli dənizçilərimizin biri ilə müsahibə götürəcəyik, onların dənizə, dənizçi sənətinə olan sevgisini, fikirlərini dinləyəcəyik. İlk qonağımız “Şahdağ” gəmisinin kapitanı, təcrübəli dənizçi Zaur Novruzovdur. Onunla söhbəti təqdim edirik:

– Salam Zaur Kapitan, necəsiz?
– Əleyküm salam, təşəkkür edirəm, yaxşıyam.
– Oxucularımıza özünüz haqda qısaca məlumat vermənizi xahiş edirik.
-Mən Zaur Novruzov 2003- cü ildən dənizçilik fəaliyətinə matros vəzifəsində başladım. 2004-cü ildə Dənizçilik məktəbini bitirdim. 2005-ci ildə kapitanın növbə köməkçisi vəzifəsinə təyin olundum. 2013-cü ildən isə donanmanın müxtəlif tipli gəmilərində kapitan vəzifəsində çalışıram. 2015-ci ildə təhsilimi davam etdirmək üçün Kiyev Dəniz Yolları Akademiyasının Gəmi Sürücülüyü fakültəsinə daxil oldum. 2018-ci ildə həmin Akademiyanı bitirdim. 2019-cu ildə Ukrayna Respublikasının Texniki Universitetinin idarəetmə fakültəsinin magistrasına daxil oldum. Hal hazırda təhsilimi davam etdirirəm.
-Maşallah, zəngin həyat yolunuz var. Deyin, necə oldu bu sənətə maraq oyandı suizdə, dənizçi oldunuz?
-Demək olar ki mən dənizçi ailəsində dünyaya gəlmişəm. İki əmim və böyük qardaşım uzaq səfərlər kapitanıdır. Əmilərim və qardaşımla həmsöhbət olanda, onların maraqlı söhbətləri, uzaq səfərlərlə bağlı təəssüratları  məndə dənizə qarşı sonsuz sevgi yardıırdı. Elə o zamandan qarşıma məqsəd qoydum ki dənizçi olacam və öz üzərimdə çalışdım bu sənətə yiyələndim.
-Təcrübəli dənizçisiz, gənclərə nümunə göstərilirsiz, onlara tövsiyəniz nədir?
-İlk öncə bu fikrinizə görə təşəkkür edirəm ki, məni təcrübəli dənizçilər sırasında görürsüz. Təcrübə qazanmaq, sənətinin peşəkarı olmaq hər kəsdən istedad və dözüm tələb edir. Gənc dənizçilərə tövsiyəm odur ki, bu şərəfli sənəti necə bizə şərəflə təhvil veriblər, onlar da bu şərəfli sənəti şərəf və ləyaqətlə davam etdirsinlər. Necəki Azərbaycan dənizçisi bilik və bacarığı ilə dünya dənizçilərinə meydan oxuyub və oxuyur. Üzdükləri gəmilərin dor ağaclarında Azərbaycan Bayrağını yüksəklikdə tutaraq millətimizi dünyada ləyaqətlə təmsil etsinlər. Hər zaman biliklərini artırsınlar ki, bacarıqlı dənizçi kimi tanınsınlar. 
-Hazırda hansı gəmidə işləyirsiz?
– Hal- hazırda müasir tipli “Şahdağ”  təchizat gəmisində çalışıram. Gəminin quruluşu da, texniki göstəriciləri də ürəyəyatımlıdır. Dəniz neftçilərimizin işlərinin səmərəli və uğurlu olması üçün əlimizdən gələni edirik.
-AXDG QSC də son vaxtlar müəyyən işlər görülür, necə düşünürsüz, bizim gəmiçiliyin daha da inkişaf etməsi üçün əlavə nə etmek olar?
-Böyk tarixi və ənənəsi olan Donanmada bir kapitan kimi calişmaq qürur vericidir. Son zamanlar gəmiçiliyin çiçklənməsindən yetərincə danışmaq olar.Vaxt var idi hal hazırda çalışdığımız müasir gəmiləri televizorlardan  izləyirdik. İndi isə biz də bu müasir gəminin heyətiyik. Buna gorə də rəhbərliyə öz dərin təşəkkürlərimizi bildiririk ki,  müasir gəmilərdə işləmək bizədə qismət oldu. Gəmiçiliyin inikişafina tövsiyəm odur ki, gənc nəsli savadlı və təcrübəli yetişdirmək lazımdır.
-Elə bir şəraitdə çalışırsız ki, torpaqdan, doğmalardan uzaq olursuz.Bəzən xeyirə-şərə özünüzü çatdıra bilmirsiz,  bezdiyiniz vaxtlar olubmu?
-Tam səmimi deyə bilərəm ki, nə qədər mürəkkəb şəraitdə şalışsam da, təzadlı bir həyat yaşasam da dənizə sevgim böyükdür, hər şeyib yola vermək, başa düşmək olur. Dənizin şıltaqlığı, qeyri-sabit xarakteri bizə, özünə olan  sevgini artırır. Dəniz gözəldi, gözəldən bezmək olar, sizcə?
 -Bilirsiz ki, dənizçi peşəsi dünyada ən şərəfli peşə sayılır, bu peşənin belə şərəfli olmasında səbəb sizcə nədir?
-Dəniz savadlı və agıllı beyini sevir. Nə qədər çətin sənət olsada, çətin vəziyyətdən agıllı başla çıxmaq olur. Bütün insana xas olan müsbət cəhətlər hamısı bu sənətdə cəmlənir.
-Tez-tez doğma sahillərdən uzaqlarda olursuz, dənizçilərimiz müxtəlif ölkələrdə, müxtəlif insanlarla təmada olur…
– Bilirsiz, Dənizçilər dövlətimizin könüllü səfirləridi. Hər zaman millətimizi və bayrağımızı uca tutan dənizçilərimizə eşq olsun, deyirəm. Yəni harda olmasından aslı olmayaraq onlar içlərində Azərbaycan sevdası gəzdirirlər
– Bilirsiz ki, son günlər dənizçilərimizin ictimai həyatında böyük rol oynaya biləcək yeni bir qrum,  Dənizçilərə Sosial Dəstək İctimai Birliyi yarandı. Adından bəlli olduğu kimi  bu birliyin əsas amaclarından biri də dənizçilərimizin gözlə görünməyən tərəflərini üzə çıxarmaq, onların problemlərini diqqətdə saxlayıb,  qayğı göstərməkdi. Gəmi kapitanı olaraq sizin fikrinizcə dənizçilərinizə daha hansı istiqamətdə yardım etmək olar?
– Belə bir birliyin yaranmasına dənizçilərin çox ehtiyyac var idi. Söhbətimizin əvvəlində dediniz ki, bəzən evdən, doğmalardan uzaq oluruq. Baxın belə bir nməqamda dənizçilərin hansısa problemləri ortaya çıxır, həm mənəvi, həm iqtisadi, sosial və digər aspektlərdən yabnaşsaq görərik ki, bu məslələr həllini tapsa, dənizçi özünü sahildən uzaq daha yaxşı hiss edə bilər. O baxımdan sizə gələcək işlərinizdə uğurlar və Azərbaycan dənizçilərinin yanında olmağı arzulayıram. Zərin qədrini zərgər bilər. Siz özünüz də gəmi kapitanısız və bu problemləri yaxşı bilirsiz. Sizə bu çətin və şərəfli işdə uğurlar arzulayırıq.
Hər bir dənizçinin, dənizlə bağlı təşkilatın  borcudur ki, dənizçiləri dəstəkləsin.
Söhbətləşdi: Faiq BALABƏYLİ
 
 
Share: