Katolik dünyası çalxalanır: 175 uşağa təcavüz… – İsanın Legionu müəmması

Katolik dünyasının ən böyük təriqətlərindən biri olan İsanın Legionunun qurucusu, rahib Marsyal Masiel ən az 60 uşağı cinsi təcavüzə məruz qoymaqda ittiham edilib.

Ümumilikdə 33 rahib təcavüzdə günahlandırıldığı halda, onlardan 18 nəfərinin hələ də vəzifədə olduğu bildirilib.

Açıqlanan yeni hesabat təriqətin qurulduğu 1941-ci ildən bəri ən az 175 uşağın 33 rahib tərəfindən təcavüzə uğradığını ortaya çıxarıb. Sayın daha çox ola biləcəyinin diqqət çəkildiyi hesabata görə, cinsi istismara məruz qalan oğlan uşaqlarının əksəriyyəti 11-16 yaş arasındadır.

Təriqətin qurucusu və katolik kilsəsinin “ən pedofil rahibi” kimi tanınan Marsyal Masielin ən az 60 azyaşlıya təcavüz etdiyi bildirilib.

Hesabatda adı keçən 33 təcavüzçü din adamının 6-nın mühakimə edilmədən öldüyü, 8-nin rahiblikdən uzaqlaşdırıldığı, birinin də təriqətdən xaric edildiyi qeyd edilib. Lakin digər 18 rahibin hələ də təriqətdə qaldığı vurğulanıb. Məhkəmənin onlardan 4-ü haqda uşaqlardan uzaqlaşdırma qərarı verdiyi və ictimai yerlərdə işləmək qadağası tətbiq olunduğu deyilib.

Hesabat “təcavüz zənciri”ni də ortaya qoyub. İttiham olunan 33 rahibdən 14-nün əvvəllər təcavüz və cinsi istismara məruz qaldığı, lakin sonralar onların hər birinin təcavüzçüyə çevrildiyi iddia olunub.

Vatikan 2006-cı ilədək başda Marsyal Masiel olmaqla pedofil rahiblərə qarşı qaldırılan məsələni ciddiyə almamışdı.

1941-ci ildə meksikalı din adamı Masiel tərəfindən qurulan təriqətin başda Latın Amerikası olmaqla 20 ölkədə 70 mindən çox üzvü var. Təriqətin Vatikanda bir ilahiyyat fakültəsi də fəaliyyət göstərir.

İsanın Legionu təcavüz və cinsi istismar olayları ilə gündəmdən düşmək bilmir. Bəzi rahiblərin uşaqlarla yanaşı, qadın müridləri də təcavüzə məruz qoyduğu açıqlanmışdı.

Bir çox kişi zərərçəkən 1940-1960-cı illər arasında Masiel tərəfinədən təcavüz olunduğunu açıq şəkildə elan etsə də, o, “bu kimi iyrənc davranışlar” sərgiləmədiyini demişdi.

Masielin ən az iki qadından bir çox övladının olmasının da üzə çıxmasından sonra Vatikan tərəfindən araşdırma başlamışdı. 2006-cı ildə bu iddia ilə əlaqədar Masielin təqaüdə göndərilməsi tələb olunmuş, bundan iki il sonra isə 87 yaşında mühakimə olunmadan ölmüşdü./teleqraf

Share: