Şuşalılar onu sevə-sevə “Ağa bacı” adlandırırdılar. 1782-ci ildən Fətəli şahın xatunu. Yusif Vəzir isə bu tarixi 1797-ci il göstərir ki, daha inandırıcı görünür. Çünki İran şahı Ağa Məhəmməd şah Qacar 1797-də Qarabağ torpağında öldürülməsi və Tehranda hakimiyyətə qardaşı oğlu Baba xanın keçməsi ilə Qarabağ xanlığı böyük sarsıntılar verə biləcək dəyişikliklər gözləməli olacaqdılar. Baba xan taxta əyləşir və Fətəli şah adıyla hakimiyyətə başlayır.
Qarabağ xanı İbrahim Xəlil xan İranın yeni hakimi ilə münasibətlərinin pozula biləcəyindən və bununla rus işğalçılarının qarşısında arxasız qalacağından ehtiyat edərək Fətəli xan Qacarla dostluq münasibətləri saxlamaq və barış içində yaşamaq niyyətilə onunla qohum olmaq qərarına gəlir. Belə də edir: öz qızını ona ərə verməklə və oğlu Əbülfəth xanı da xatircəmlik məqsədi ilə Tehrana göndərmişdi. Fətəli şah dərhal Əbülfəth xanı vəliəhdi cəsur şahzadə Abbas Mirzəyə tapşırdı. Abbas Mirzə ona xan ünvanı verib, qoşun sərkərdəsi təyin etdi. Şahzadə yaxınına çəkdiyi adamda ilk olaraq fədakarlıq hissinin olmasını qiymətləndiridi. Bundan sonra cəsurluğa, güvənirdi. Ağa Bəyim ağanın adı İranda Əbülfəth xan Cavanşirin bacısı və Şahın xanımı olaraq keçirdi. Əbülfət xanın da Türk, fars dillərində qəzəlləri olmuşdur. Məlali təxəllüsü ilə yazırmış.
Ağa Bəyim ağanın anası şöhrətli Məhəmməd Nuçsal xan Avarın qızı Bikə ağa xanım idi. Polkovnik Xanlar ağa da (1775-1831) onun ata bir, ana bir qardaşıdır.
Ağa Bəyim ağanın gözəlliyinə və zəkasına heyran qalıb ona şahbanu titulu verdi. Cavan və təcrübəsiz olmasına baxmayaraq Ağa Bəyim şirin söhbətləri, zərif və mədəni rəftarı ilə şahı ram etmiş, tezliklə onun tam etibarını qazanmışdı.
Yeni şah (bu zaman onun yaşı 28 idi) təbiəti etibarı ilə şair idi və məftunedici şeirləri sevilirdi. Türk Qacarlar nəslindən olan Fətəli şah şair idi. Xaqan və ya Baba xan təxəllüsü ilə şeir yazırdı.
Еşitmişəm, bir busənin qiyməti min cаnа bərаbər olub,
Min hеyf оlsun ona кi, bədənimdə min cаnım yохdur…
Ağa Bəyim Sarayda böyük hörmətə malik idi; şahın oğlu Məhəmmədtağı mirzəyə öz bacısı qızını – Xoylu Hüseynqulu xanın qızı Mahca bəyimi almışdı.
Şahın arzusu üzrə saraya dəvət olunmuş müəlliminin köməyi ilə fransız dilini mükəmməl öyrənmiş və müsəlman mühitinə yenilik kimi ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmişdi. Sarayda yüksək rütbəli xarici qonaqların qəbul mərasimlərində iştirak edirdi. Ömrünü müqəddəs Qum şəhərində başa vurmuşdu. Qarabağda azadə bir qız kimi böyüyən Ağa Bəyim ağa təbii ki, şah hərəmxanasında sıxılmış; şahın ötəri və nadir görüşləri üzündən nisgilli bir ömür yaşamışdı.
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi –
beyti bu nisgili ömürdən oxunan etiraf nəğməsidir.
Təbii ki bir daha Qarabağı görmədi. Odur ki Bağrıqandan, Kirs dağından əsən küləklərin qoxusunun həsrəti, Cıdır düzü seyrangahı, Turşsu, Qırxqız yaylaqlarının şirin xatirəsini qərib köksündə sıxıb saxlayan Ağabəyim vətəni göz yaşlarıyla anırdı. Bu gün dillər əzbəri olan “Mən aşiqəm Qarabağ…” və “Vətən bağı al-əlvandır…” və bir çox bayatıları da ona nişan verirlər.
Tanınmış şərqşünas alim Adolf Berje Fətəli şaha həsr etdiyi məqaləsində yazır ki, 1811-ci ildə İngiltərə kralı Heorqun İrana göndərdiyi ilk fövqəladə səfiri və onun xanımı Tehranda şahın sayarına təşrif buyurarkən, səfir Böyük Britaniyanın kraliçasının etimadnaməsini və hədiyyələrini Ağabəyim ağaya şəxsən təqdim etmişdir. Qeyd olunduğu kimi Ağabəyim ağanın həm xarici görünüşü, həm son dərəcə kübarlığı,həm də gözəl danışıq qabiliyyətinin olması səbəbindən məhz o səfirin hüzuruna çıxmaq şərəfinə nail olur.
Yaşadığı dövrdə Rusiya-İran münasibətlərinin yaxşı olması yolunda çalışan Ağabəyim Ağanın siyasi məsələlərə də müsbət münasibətinin olduğu anlamına gəlmək olur. Hər hansı bir məsləhət və köməkliyi onun siyasi məsələlərdən kənarda qalmamasına işarədir.
Ağabəyim Ağa İranda “Ağabacı” adı ilə tanınırdı. O, 1832-ci ildə vəfat etmiş və Darül-iman adlandırılan Qum şəhərində dəfn olunmuşdur.
Mina xanım Təkləli-Nuriyeva
Professor