Türkmənistanın keçmiş daxili işlər naziri İsgəndər Mulikov hakimiyyətdən sui-istifadə və korrupsiyada təqsirli bilinib. Prezident Qurbanqulu Berdıməhəmmədov onu oktyabrda işdən çıxarmışdı. Lakin nazirin sonrakı taleyi haqda məlumat yox idi. İndi isə məlum olur ki, o həbs olunub, üstəlik barəsində uzunmüddətli həbsxana cəzası kəsilib.
Dekabrın 3-də əliqandallı Mulikov qara həbsxana geyimində televiziyada xəbər proqramında göstərilib, özünü təqsirli bildiyini deyib. Mulikovun həbsi barədə təhlükəsizlik şurasının iclasında baş prokuror Batır Atdayev prezidentə məlumat verib.
“Mən, İsgəndər Mulikov, 2009-cu ildən 2019-cu ilə qədər daxili işlər naziri vəzifəsində işləsəm də, cinayətkarlıqla mübarizəyə cavabdeh olsam da öz tamahım ucbatından, vəzifəmdən satqıncasına sui-istifadə edərək həm rüşvət almışam, həm evləri mənimsəmişəm. Baxmayaraq ki, bizim hörmətli ali baş komandan yaşamaq və işləmək üçün bütün şəraiti yaradıb, mən vicdansız yol seçdim və xüsusilə iri məbləğlərdə rüşvət aldım. Cinayətlərimin üstünün açılmasından sonra mən qanuni əsaslarla cinayət məsuliyyətinə cəlb edilmişəm. Günahımı tam etraf edirəm və peşimanam”,-Mulikov deyir.
Kadrlarda Mulikovun əlləri qandallıdır, başı isə keçəl qırxılıb.
Keçmiş nazirə hansı cəzanın kəsildiyi bəlli deyil. Amsterdamda mənzillənən Turkmen.news vebsaytının bildirdiyinə görə, ona 20-25 il həbs cəzası kəsilib. 2009-cu ilin mayından vəzifə başında olan Mulikov oktyabrın 1-də hökumətin iclası zamanı işdən çıxarılmışdı.Keçmiş nazirin sürücüsü də dərhal həbs olunub, onun Aşqabadda bəzi restoranları, kafe və mağazaları müsadirə edilib.
Baş prokuror iclasda habelə Miqrasiya Xidmətinin keçmiş rəhbəri Meylis Nobatovun da həbsi və mühakimə olunması haqda raport verib. Turkmen.news qeyd edir ki, Nobatov son illərdə prezidentin təhlükəsizlik xidmətinin rəisi idi. Lakin onun həmin vəzifəni tutduğu haqda heç yerdə açıqlanmayıb. Keçmiş məmur özü etiraf videosunda bildirib ki, 2015-2019-cu illərdə yüksək vəzifələrdə işləyəndə cinayətlər törədib.
Müstəqil.Az
(Mənbə Virtualaz.org)