Bu gün Azərbaycanın Əməkdar inşaatçısı Zina Salamzadənin doğum günüdür. Kulis.az bu münasibətlə Səadət Hüseynzadənin Z.Salamzadə haqqında yazdığı “Keçmişin izləri bu günümüzdə” adlı yazını təqdim edir.
Əməkdar inşaatçı adını alan ilk azərbaycanlı qadın, respublika əhəmiyyətli olan Gülüstan Sarayı, Heydər Əliyev Sarayı, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, Bakı Dövlət Sirki, akademik Zərifə Əliyeva adına Oftalmologiya Elmi-Tədqiqat İnstitutu kimi tikintilərə rəhbərlik edən Salamzadə Zina Qafur qızı 1934-cü il mayın 24-də Abşeronun qədim Ramana kəndində, köklü bir nəslin ocağında dünyaya göz açmışdır.
1952-ci il. Gənc qız isti bir yay günündə sevincək halda evə tələsərək Azərbaycan Politexnik İnstitutunun İnşaat Fakültəsinə qəbul olmaq müjdəsini yaxınlarına verməyə can atırdı. Bu qız gələcəyin görkəmli inşaatçısı, Azərbaycanın inşaat sahəsində böyük əməyi, xüsusən, Bakının yenidən qurulmasında zəhməti olan gözəl insan, vətənpərvər xanım, öz torpağına bağlı olan, doğulub boya-başa çatdığı yeri daima gözünün qarşısında canlandıran Zina xanım Salamzadə idi. Şəhərimizin ən baxımlı binalarına barmaq izlərini, qəlbinin hərarətini hopduran xanımdır o… Həmin daşlar üzərində Zina Salamzadə xatirəsi yatır.
Necə oldu ki, bir azərbaycanlı xanım belə bir çətin peşəyə könül verdi?! Yəqin ki, ona tez-tez: “Bu qız sənəti deyil, çətin kişi işidir”,- deyənlər çox olub. Həmin illəri xatırlayarkən Zina xanım deyir:
“Mən məktəbi bitirən il müharibədən sonrakı dövr idi. İnsanlar müharibədən qayıdırdı, çoxu yaralı idi, yaşamağa yerləri yox idi. Xeyli insan zirzəmilərdə, yarımzirzəmilərdə, mədən ərazilərində yaşayır, sığınacaqlara ehtiyac duyurdular. Düşünürdüm ki, xalqın məişət şəraitini dəyişmək üçün evlər təmir edilməli, məktəblər, uşaq bağçaları, xəstəxanalar, poliklinikalar, kinoteatrlar tikilməlidir. Beləliklə, Politexnik İnstitutunun Tikinti fakültəsində oxumağa qərar verdim. İnstitutu bitirdikdən sonra tikintiyə gəldim. Hər şeyi özüm öz əlimlə etmək istəyirdim. Əvvəlcə iş ustası vəzifəsində işlədim, sonra isə iş icraçısı vəzifəsinə yüksəldim. Mən razılaşmıram ki, inşaatçılıq təkcə kişi işidir”.
Zina xanım hünəri, kamil biliyi, ağıllı və yaradıcı təxəyyülü, işgüzarlığı, yüksək əxlaqi keyfiyyəti sayəsində zəhmət sərf edərək böyük uğurlar qazanmışdır. O, respublikamız üçün çox əhəmiyyətli obyektlərin tikintilərinə rəhbərlik edib. Paytaxtımızın fəxri Gülüstan Sarayı, Heydər Əliyev Sarayı, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, Bakı Dövlət Sirki, Mərkəzi Univermaq, Xoreoqrafiya məktəbi, Moskva Univermağı, akademik Zərifə Əliyeva adına Oftalmologiya Elmi-Tədqiqat İnstitutu, Cəmşid Naxçıvanski adına hərbi lisey, Manej, Yazıçılar Birliyinin Şüvəlandakı Yaradıcılıq evi, Zağulbadakı Gənclik düşərgəsi, “Turist” mehmanxanası, “Azərbaycan” və “Abşeron” mehmanxanaları, Məişət Kondisionerləri zavodu, Yaşıl Teatr, Tbilisi prospektindəki 16 mərtəbəli eksperimental ev, Əhmədlidəki Bakı kinoteatrı, Nərimanov, Nizami, Xətai rayon partiya komitələri üçün inzibati binalar, yüzlərlə məktəb, uşaq bağçaları, yaşayış evlərində onun müstəsna əməyi vardır. Bu binların hər biri ayrı-ayrılıqda Azərbaycan memarlığının gözəl nümunələridir. İllər necə tez ötüb keçir!
Zina xanımın o günlərlə bağlı xatirəsi:
“Həmin vaxtlarda heç ağlıma belə gətirməzdim ki, paytaxtımızda əzəmətli tikintilərin yaradılmasında bir inşaatçı kimi iştirak edəcəyəm. Daha sonra isə Azərbaycanın Əməkdar inşaatçısı adını alacağam. Bu, həmin vaxtlar mənim üçün həm uzaq, həm də əlçatmaz arzu kimi görünürdü. İlk müəllimim Gülsüm Şirəliyevanı, 5 illik tələbəlik dövrünü heç bir zaman unutmayacağam. Biz həmin zaman öz gücümüzün hesabına və bütün səyimiz sayəsində təhsil almağa çalışırdıq. O zaman Politexnik İnstitutunda çox az sayda qız təhsil alırdı. Tale mənə yaxşı qrup yoldaşları bəxş etmişdi. Moskvanın cənub-qərbində, Xarkov və başqa şəhərlərdə çoxmərtəbəli yaşayış massivlərində istehsalat təcrübəsi keçmişdik”.
Elə fərz edirsən ki, şəhərlərin də, idarələrin də, kollektivlərin də insanlar kimi öz taleyi olur. Bir də görürsən ki, böyük şəhər yerlə yeksan olur, ya da böyük bir nəsildən heç bir iz qalmır. Elə bu hadisə Zina xanım və onun timsalında olan Bakı Baş Tikinti İdarəsinin əlləri qızıldan olan böyük bir kollektivi – təcrübəli fəhlə, mühəndis, texniki işçilərinin başına gəlir. Öz möhtəşəm binaları ilə Bakı şəhərini bəzəyən, ona gözəllik verən BBTİ-nin taleyi də belə olur. 16-17 min nəfərlik kollektivi olan bu nəhəng idarə 1997-ci ildə bir günün içində ləğv edilir. Görkəmli binaların tikintisində əməyi keçən kollektiv pərən-pərən düşür. Azərbaycan memarlığının görkəmli siması olan bu füsunkar binalar, saraylar, ümumilikdə tikililər BBTİ-nin kollektivinin əməyinin bəhrəsinin nəticəsidir!
Azərbaycan Respublikasının Əməkdar inşaatçısı Zina Salamzadənin icraçısı olduğu mədəniyyət abidələri haqqında xatirələrindən…
Respublika Sarayı (indiki Heydər Əliyev Sarayı)
H.Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra respublikanın ictimai-siyasi, mədəni həyatında bir canlanma yarandı. O dövrdə Bakıda ictimai-siyasi tədbirlərin həyata keçirildiyi yeganə bina Dzerjinski adına (indiki Şəhriyar adına Mədəniyyət Evi) Mədəniyyət Evi idi. Bu ictimai bina cəmi 900 nəfərlik tutuma malik idi. Uzaqgörən siyasətçi olan H.Əliyev Bakıda daha böyük, əzəmətli, möhtəşəm bir saray tikilməsi barədə göstəriş verdi. Beləliklə, 1975-ci ildə möhtəşəm tikili, Bakının simasını dəyişdirən, gözəlləşdirən bir bina ərsəyə gəldi. Hazırda bu bina Heydər Əliyev Sarayıdır.
Gülüstan sarayı
Heç bilirsinizmi Gülüstan Sarayı hansı ad altında tikilib?!
XX əsrin 80-ci illərində Bakıda daha möhtəşəm, gözəl tikililər meydana çıxdı. Onlardan biri də 1982-ci ildə Bakı Baş Tikinti İdarəsi tərəfindən tikilib istifadəyə verilmiş Gülüstan Sarayıdır. H.Əliyev həmişə çalışırdı ki, Azərbaycanın möhtəşəm tikililəri respublikanın tabeçiliyində olan yerli tikinti idarələri tərəfindən inşa edilsin. Həm də o dövrdə belə bir qayda var idi ki, layihə dəyəri 1 milyondan çox olanda həmin tikinti Moskvanın nəzarəti altında keçirilməli idi. H.Əliyev, həqiqətən də, uzaqgörən bir siyasətçi idi. Bəlkə də, o, bilirdi ki, SSRİ deyilən bir dövlət vaxt gələcək süqut edəcək. Yaranmış vəziyyətdən istifadə edib respublikada bu gün də əhəmiyyətini qoruyub saxlayan daha bir neçə saray tikdirdi. Gülüstan Sarayı diqqəti cəlb etməmək üçün ictimai-iaşə müəssisəsi adı altında layihə dəyəri 1 milyondan aşağı göstərilərək tikilmişdir.
Zina xanım bu barədə öz xatirələrini belə danışır: “Bu layihənin icraçısı kimi sarayın tikintisində əvvəldən axıra qədər iştirak etmişdim. Binanı, zalları, salonları gəzib öz-özümə fikirləşirdim ki, bu nəhənglikdə ictimai-iaşə müəssisəsi olar?! Nəhayət, gün gəldi. Möhtəşəm saray hazır oldu. Ona “Gülüstan” adı verildi. Bu sarayda sonralar daha möhtəşəm tədbirlər həyata keçirildi. 1994-cü ildə “Əsrin müqaviləsi” bu sarayda imzalanıb. Bu saray doğma Bakımıza əsrarəngiz gözəllik verən binalardan biridir”.
Onu da qeyd edim ki, BBTİ-i dağılandan sonra təcrübəli işçilər yığışıb əsaslı tikinti ilə məşğul olan “Fortuna” firması yaratdılar. Kooperativ təşkil edərək ümumi vəsait hesabına Bakının Əlövsət Quliyev küçəsindəki 12 mərtəbəli yaşayış binasını tikdilər. Bu, firmanın sahibkarlıqda ilk uğurlu addımları idi.
Zina xanım soykökünə bağlı bir insandır. O, dünəni qızıl səhifələr kimi xatırlayır. Çünki onun dünəni tarixdir. Tarixi dəyişməyə isə heç kəsin qüvvəsi çatmaz. Necə varsa elə də qalacaq. Ümumiyyətlə, insanın formalaşmasında onun yaşadığı mühitin, şəraitin çox böyük təsiri olur. Zina xanımın yaşayıb, ilham aldığı, qara qızılın torpağı olan Ramana kəndinin məşhur adamları; neft sahəsində ilk Sosialist Əməyi Qəhramanı Baba Babazadə, Azərbaycanın ilk kartoqrafı, Azərbaycan Atlasının müəllifi Şirbəy Əliyev, yazıçı Süleyman Vəliyev kimi şəxsiyyətlər o dövrün gənclərinin formalaşmasına və həyatda öz yerini tutmasına təsir göstərmişdir. Zina xanımın da görkəmli inşaatçı kimi yetişməsində Ramana həyatının böyük rolu olmuşdur.
Bir incə məqamı da unutmayaq. Harada olmağından asılı olmayaraq genetik amil səni ömrün boyu müşayiət edir. Ramana kəndində dövrünün adlı-sanlı xeyriyyəçi kişilərindən olan sahibkar Kərbəlayı İsmayılın ocağında göz açan Zina xanım başqa cür ola bilməzdi! Mərkəzi Dövlət Tarix Arxivinin verdiyi arayışa əsasən Kərbəlayı İsmayıl İsrafil oğlu Bakıdakı Tserkovnı, Çadrovı, Tsitsianovski, Spasski, Şamaxinski (bunlar köhnə küçələrin adlarıdır) küçələrində yerləşən evlərin sahibi olub. Bundan əlavə, Sabunçu və Ramanada da malikənələri və torpaq sahələri olub. Zina xanım təəssüf hissi ilə bildirir ki, bir çox demokratik ölkələrdə olduğu kimi bizdə hələ də restrukturizasiya məsələsinə baxılmayıb. Babamın yüzdən artıq nəvə, nəticə və kötükcəsi var. Axı onlar niyə bundan faydalanmasınlar, babalarının evlərinə, torpaq sahələrinə yiyə durmasınlar?
1972-ci ildə Zina Salamzadənin həyatında əlamətdar hadisə baş verir. Onu Bakı Baş Tikinti İdarəsinin 11 nömrəli Sosial-Mədəni Tikinti Trestində partiya komitə katibi seçirlər. Bu vəzifədə düz 16 il işləyir. Bu illər ərzində çəkdiyi zəhmətin müqabilində ona Azərbaycan SSR-in Əməkdar inşaatçı fəxri adı verilir.
Söhbət köhnə tikililərin sökülməsinə gəldikdə isə Zina xanım köks ötürdü. Məhz köhnə tikililər sırasında vaxtı keçmiş “xruşovkalar” idi ki, 2000-ci ildə Bakıda baş verən güclü zəlzələyə də davam gətirən binalar sırasında idi. Zina xanımın fəaliyyəti dövründə inşa edilən çoxsaylı binalar davamlılıq göstərib heç bir qəzaya uğramadı. Zina xanım bildirdi ki, bunun üçün inşaatçılarımıza “çox sağ ol”,- demək lazımdır. Bakıda müvəqqəti tikilən, vaxtı keçmiş evlərin söküntüsü gedir. Bu evləri gələcək nəsillərə ötürmək lazımdır! Çünki hər bir bina xalqın tarixindən, mədəniyyətindən, yaşayış tərzindən xəbər verir. İndi onların yerində tikilən çoxmərtəbəli binalar heç bir inşaat norma və qaydalarına əməl edilmədən bir-birinə yaxın tikilir, günəşin qarşısı tutulur. Paytaxtımız sanki yeni tikilmiş ağappaq binalarla “bəzənmiş” bir şəhər olub. Düşünürəm ki, əgər bu gün şəhər meri, daha doğrusu merlər meri Əliş Cəmil oğlu Ləmbəranski sağ olsaydı Bakının bugünkü görkəmi daha fərqli və daha gözəl olardı. Sağlığında inşaatçıların qəlbində özünə elə bir taxt-tac qurmuşdu ki, o, heç vaxt yaddan çıxmayacaq.
Görkəmli inşaatçı, Azərbaycan Qadınlarının I, II, III qurultaylarının nümayəndəsi, Azərbaycan Respublikasının “Əməkdar inşaatçısı”, çiçək zərifliyində olan bir xanımın gəncliyi, ömrünün böyük hissəsi tozlu-torpaqlı tikinti sahəsində keçmişdir. Zina xanım ömründən, günündən pay verərək, paytaxtımızın hər küçə, döngəsində gəncliyindən iz buraxmışdır. O, şəhəri bir kitab kimi vərəqlədi, tarixə bürünmüş görünməz binalar haqqında bir hekayə danışdı. Bəlkə də buna görə çox sevir Bakını?! Hamı buranı fərqli görür, Zina xanım üçün isə Bakı əvvəlcə doğulub boya-başa çatdığı, neft buruqlarının boy qaldırdığı, onun əzəmətli qalası, vaxtilə güllü-çiçəkli üzüm bağları ilə əhatə olunmuş qocaman Ramana kəndidir.
1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsini bitirib təyinatla Bakı Tikinti İdarəsinə göndəriləndə, heç düşünməzdi ki, illər ötəcək və o, Bakı şəhərinin gözəlliyini tamamlayan, paytaxtımızı bəzəyən bir çox mühüm və unikal binaların tikintisində yaxından iştirak edəcək, işlədiyi uzun illər ərzində adi tikinti ustasından rəhbər vəzifələrədək ucalacaq, sayılıb-seçilən, örnək xanımlardan biri olacaqdır.
Bu gün Zina xanımın doğum günüdür. Ona ən ülvi hisslərlə bunları demək istəyirəm. Zina xanım, siz Azərbaycan qadınının gücünü, əsl nümunəvi simasını göstərən dəyərli şəxsiyyətlərdən birisiniz. Tikdiyiniz binaların hər biri ayrı-ayrılıqda Azərbaycan memarlığının gözəl nümunəsidir. Sizin timsalınızda şəhərimizə bu gözəlliyi bəxş edən hər bir şəxsə təşəkkürümü bildirirəm.