KƏLBƏCƏR: QƏDİM VƏ TARİXİ ABİDƏLƏR DİYARI KİMİ..

KƏLBƏCƏR: QƏDİM VƏ TARİXİ ABİDƏLƏR DİYARI KİMİ..

Qısa təqdimat: Azərbaycan Respublikasında inzibati-ərazi vahidlərindən biri də, Kəlbəcər rayonudur. Rayon Tərtərçayının yuxarı axarındadır. Rayon şimalda Murovdağ silsiləsi ilə cənubda Mıxtökənsilsiləsi arasında qalan dağlıq ərazini tutur. Rayonun qərbində Ermənistan sərhədiboyunca Zəngəzur sıra dağları uzanır. Rayonun inzibati mərkəzi isə Kəlbəcər şəhəridir.

Bəzi tədqiqatçılar Kəlbəcər oykoniminin ilkin variantının “Kevliçer” olduğunu güman edir və onu qədim türk dillərində “çayüstündə qala” (kevli- “çayın üstü” və çericar – “qala”) kimi izah edirlər…

Kəlbəcər 08 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü il aprelin 03-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, II Qarabağ Savaşından sonra 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanata uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Bu da, əziz şəhidlərimizin qanı və qazilərimizin canı və sağlamlığı bahasına əldə olunmuş möhtəşəm qələbənin bir şanlı səhifəsi idi…

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda isə Laçın rayonları ilə həmsərhəddir.

Bura faydalı qazıntılarla, o cümlədən qızıl, filiz və xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Kəlbəcərin kənd təsərrüfatında əsasən heyvandarlıq, arıçılıq və əkinçilik inkişaf etmişdir. Rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir.

01 yanvar 2020-ci il tarixə olan məlumata əsasən Kəlbəcər rayonunun əhalisi 77.003 min nəfərdir. Təxminən 30 ilə yaxın davam etmiş işğal dövründə onun əhalisi Bakı və digər bölgələrdə müvəqqəti məskunlaşmışdır. Heç şübhəsiz, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin ardınca Kəlbəcər əhalisi də, tədricən öz doğma ata-baba yurduna dönəcək və öz ata ocaqlarında məskunlaşacaqlar…

 

Kəlbəcər rayonunun tarixi abidələrinə bir baxış:

Odlar Yurdu Azərbaycanın digər bölgələri kimi Kəlbəcər də, öz füsünkar təbiəti və gözəl mənzərəsi ilə yanaşı həm də, qədim və sirli tarixi, tarixi abidələri və memarlıq nümunələri ilə məşhurdur. Kəlbəcər 08 avqust 1930-cu ildə inzibati rayon statusu alsa da, əslində onun tarixinin başlanğıcı əsrlər və minilliklərdən daha qədimdir. Bu da, əsasən onun ərazisində yerləşən çoxsaylı tarixi abidələr, həmçinin, arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələrindən əldə edilir. Həmin tarixi abidələr və maddi-mədəniyyət nümunələri əslində Kəlbəcərin və eləcə də, Odlar Yurdu Azərbaycanın qədim və möhtəşəm tarixinin tərənnümü sayılır.

Tədqiqatçı alimlərə görə, Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də, bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər isə Qobustandakı yazılı və şəkilli daşların oxşarı -“əkiz”ləridir. Məlumat üçün qeyd etmək lazımdır ki, Kəlbəcər rayonunda mövcud olan tarixi abidələrin bir qismi erməni vandalizminə məruz qalaraq dağıdılmış, onların bir qismi isə erməni saxtakarlığına məruz qalmışdır.

Kəlbəcər 🇦🇿 (@kalbajar2020) • Instagram photos and videos

Sözün həqiqi mənasında Kəlbəcər rayonunda mövcud olan tarixi abidələrin sayı çox olduğundan onların hamısını hansısa kiçik bir məqalədə olduğu kimi təqdim etmək mümkün deyil. Odur ki, qısa məqalələrdə yalnız onların haqqında ümumi təqdimat əsasında danışmaq uyğundur. Hər şeyə rəğmən bu qısa yazıda Kəlbəcər rayonunda yerləşən tarixi memarlıq və dini abidələrlə bağlı əhatəli məlumatları təqdim etməyə çalışacam. Ümumi baxımdan, Kəlbəcərdə yerləşən qədim və tarixi abidələri aşağıda təqdim edilən üç kateqoriyada təqdim etmək mümkündür:

 

  1. Tarixi memarlıq abidələri;

Kəlbəcər rayonu ərazisində mövcud olan tarixi memarlıq abidələri sırasında bunları göstərmək olar:

  1. Dovşanlı nekropolu (son tunc – ilk dəmir dövrü) – Araçadzor kəndi (İNV № 1228);
  2. Balıqaya nekropolu (son tunc ilk dəmir dövrü) – Sırxavənd kəndi (İNV № 1229);
  3. Daş qoç fiqurları – ərəb yazısı ilə (XIX əsr) – Zar kəndi (İNV № 6155);
  4. Daş qoç fiqurları – ərəb yazısı ilə (XIX əsr) – Zar kəndi (İNV № 6156);
  5. Daş qoç fiqurları – ərəb yazısı ilə (XIX əsr) – Zar kəndi (İNV № 6157);
  6. Daş qoç fiqurları – ərəb yazısı ilə (XIX əsr) – Zar kəndi (İNV № 6158);
  7. Daş at fiquru – Zəylik kəndi – (İNV № 6159);
  8. Celabert qalası – Qasapet kəndi (İNV № 4487);
  9. Lök qalası (VII-VIII əsrlər) – Qanlıkənd kəndi;
  10. Uluxan qalası (VII-IX əsrlər) – Qaracanlı kəndi;
  11. Qalaboynu qalası (VIII-IX əsrlər) – Qalaboynu kəndi;
  12. Comərd qalası (VIII-IX əsrlər) – Comərd kəndi;
  13. Keşikçi qalası (VIII-IX əsrlər) – Qamışlı kəndi;
  14. Urud abidələri (1478-1610) – Zar, Zeylik, Keşdək kəndləri;
  15. Tağlı daş körpü (XIX əsr) – Soyuqbulaq kəndi;
  16. Ağ körpü (XVIII–XIX əsrlər) – Tərtər çayı üzərində və s.
  17. Kəlbəcər — Vikipediya

 

  1. Tarixi-dini abidələr;

Kəlbəcər rayonu ərazisində yerləşən əsas tarixi-dini abidələr aşağıdakılardan ibarətdir:

  1. Alban məbədi (500-cü il) – Həsənriz kəndi (İNV № 280);
  2. Alban məbədi (1283-cü il) – Həsənriz kəndi (İNV № 279);
  3. Alban məbədi (V-IX əsrlər) – Vəng kəndi;
  4. Alban kilsəsi (V-VII əsrlər) – Çərəkdar kəndi;
  5. Xudavəng məbəd kompleksi (VI-VII əsrlər) – (Rayonunun şərqi və 29 kilometrliyində);
  6. Alban məbədi (614-cü il) – Kolataq kəndi (İNV № 270);
  7. Müqəddəs Yaqub kilsəsi (635-ci il) – Kolataq kəndi (İNV № 269);
  8. Alban məbədi (672-ci il) – Qocaqot kəndi (İNV № 278);
  9. Alban məbədi (698-ci il) – Qocaqot kəndi (İNV № 277);
  10. Alban məbədi (713-cü il) – Dəstəgir kəndi (İNV № 4498);
  11. Alban məbədi (718-ci il) – Qasapet kəndi (İNV № 4485);
  12. Kilsə (1894-cü il) – Qasapet kəndi (İNV № 4486);
  13. Kilsə (1898-ci il) – Maqadiz kəndi (İNV № 4488);
  14. Kilsə (1668-ci il) – Dovşanlı kəndi (İNV № 4482);
  15. Kilsə (XVII əsr) – Dəvədaşı (Poqosoqomer) kəndi (İNV № 4483);
  16. Qırmızı məbəd (XVII əsr) – Qozlu kəndi (İNV № 4484);
  17. Urek məbədi (1279-cu il) – Talış kəndi (İNV № 4489);
  18. Alban kilsəsi (VIII-IX əsrlər) – Tərtər çayının Bulanıq çayı ilə qovşağında;
  19. Alban məbədi (X əsr) – Çormanlı (Qarnakar) kəndi (İNV № 274);
  20. Alban kilsəsi (XI əsr) – Çormanlı (Qarnakar) kəndi (İNV № 275);
  21. Kilsə (1883-cü il) – Maxrataq kəndi (İNV № 4490);
  22. Məbəd (1881-ci il) – Maxrataq kəndi (İNV № 4491);
  23. Məbəd – Maxrataq kəndi (İNV № 4492);
  24. Məbəd – Şaplar kəndi (İNV № 4493);
  25. Məbəd – Şaplar kəndi (İNV № 4479);
  26. Məbəd (XIII əsr) – Vəngli kəndi (İNV № 4478);
  27. Məbəd – Kiçan kəndi (İNV № 4480);
  28. Məbəd (1251-ci il) – Smakaok kəndi (İNV № 4481);
  29. Alban məbədi (XII əsr) – Çıldıran kəndi (İNV № 272);
  30. Qırmızı məbəd (XIII əsr) – Çıldıran kəndi (İNV № 273);
  31. “Xatırvank” məbədi (1204-cü il) – Qozlu kəndi (İNV № 276);
  32. Məscid (XIX əsr);
  33. Məscid (XVIII-XIX əsrlər) – Başlıbel kəndi;
  34. Məscid (XIX əsr) – Otaqlı kəndi…

Məlumat üçün qeyd etmək lazımdır ki, Kəlbəcər rayonunda mövcud olan məbədlər, kilsələr və monastırlar işğal dövründə erməni saxtakarlığına məruz qalsa da, mövcud tarixi sənədlərə əsasən, onların bu ərazilərə sonradan gəlmiş ermənilərə deyil, əslində qədim Qafqaz Albaniyası dövlətinə məxsus olduğu öz təsdiqini tapmışdır.

Kəlbəcər — Vikipediya

III. Ziyarətgahlar;

Kəlbəcər rayonunda mövcud olan ziyarətgahlar sırasında isə aşağıdakıları sadalamaq mümkündür:

  1. Qəbiristanlıqlar (3 ədəd) orta əsrlər – Qasapet kəndindən 5-6 km aralı (İNV № 5844);
  2. Qoç daşlar Piri – Əsir kəndi yaxınlığında;
  3. Seyid Əsədullahın Ziyarətgahı (XIX əsr) – Söyüdlü yaylağı;
  4. Seyid Bağır Ağanın Ocağı – Başlıbel kəndi;
  5. Seyid Əliabbas Ağa Ziyarətgahı – Başlıbel kəndi;
  6. Seyid Əhməd Ağa Ocağı və s.

Bunu da qeyd etmək lazımdır ki, Kəlbəcər rayonu qədim məbəd, məscid və ibadətgahların yerləşdiyi bir məkan olduğundan bu rayonu “Məbədlər diyarı” adlandırmaq heç də, əbəs olmazdı.

Azərbaycan Respublikasının Şərqi Zəmgəzur iqtisadi rayonunda yerləşən Kəlbəcər rayonu öz füsünkar və gözəl təbiəti, ürəkoxşayan təmiz havası və bir çox digər iqtisadi potensialı ilə yanaşı həm də, qədim və sirli tarixi abidələr və memarlıq nümunələrinə malik olduğu üçün böyük turizm potensialına malik olan rayonlardan biridir. Buna görə də, Kəlbəcər rayonunun gələcək inkişaf perspektivləri çox böyük, həm də işıqlıdır…

 

İstifadə edilmiş mənbələr:

  1. “Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti”, AMEA, Nəsimi adına Dilçilik İnstitutu, “Şərq-Qərb”, Bakı, 2007.
  2. “Kəlbəcər: Ensiklopedik məlumatlar- toponimlər-fotoşəkillər-xəritələr”, M.O.Təhməzov, “Azərnəşr”, Bakı, 2008.
  3. www.wikipedia.org Açıq Ensiklopediya internet portalı (“Kəlbəcər Rayonu”, “Kəlbəcər rayonunun abidələri” və “Kəlbəcər memarlıq abidələri” məqalələri);
  4. www.scara.gov.az (“Kəlbəcər rayonunun vandalizmə məruz qalmış abidələri” məqaləsi).
  5. www.xalqqazeti.az (“Kəlbəcər tarixi abidələr diyarıdır”, M.M.Mükərrəmoğlunun məqaləsi).
  6. www.kelbecer-ih.gov.az (Kəlbəcər rayonu haqqında məlumatlar bölməsi).

 

İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru,

“Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru,

“Qızıl Qələm” Media Mükafatı laureatı və Azərbaycan Jurnalistlər Birliyinin üzvü)

29.07.2024

 

Share: