Kulis.az Loğmanın yeni şeirlərini təqdim edir.
Ümidlərin sönməz Günəşi
Daha ürəyimdə təpər qalmadı,
Uçub, bağ-bağatda çəpər qalmadı,
Daha bu dünyada dəyər qalmadı –
Kimə inanıram aldadır məni.
Süfrədə üz-üzə çörək kəsdiyim
Yaxın dost aldadır, qonaq aldadır,
İxtiyar aldadır, uşaq aldadır, –
Bic-bic gülümsəyib yumşaq aldadır.
Möhtərəm aldadır, müdrik aldadır,
Düz baxıb gözümə dimdik aldadır,
Kimə inanıram aldadır məni.
Bir kimsə tapmıram dərdimi böləm,
Sonası perikmiş pərişan göləm,
Bir yovşan ətirli kimsəsiz çöləm –
Saçımı oxşayan külək aldadır,
Mübarək aldadır, mələk aldadır,
Kimə inanıram aldadır məni.
Zəmisi sovulmuş kövşən kimiyəm,
Gəmisi qərq olmuş liman kimiyəm,
Çiçəyi əzilmiş çəmən kimiyəm –
Kəpənək aldadır, böcək aldadır,
Elə zərif-zərif, göyçək aldadır,
Kimə inanıram aldadır məni.
Mən haqq təşnəsiyəm, düz muştağıyam,
Bütün haramlardan ev dustağıyam,
Hər şeyə bənd olan kənd uşağıyam –
Kimə inanıram aldadır məni.
Piltəsi hisləyən çıraq kimiyəm,
Titrəyən, uçunan yarpaq kimiyəm,
Təzəcə oyanmış torpaq kimiyəm –
İçimi şumlayan kotan aldadır,
Hər gəlmə, hər yoldan ötən aldadır,
Kimə inanıram aldadır məni.
İçimdə boy verir təzə bir həvəs –
İstəyi dupduru, ruhu müqəddəs.
Deyirdin bu dünya düzələcək bəs…
Kimə inanıram aldadır məni.
İnana-inana ucalan dağam,
Aldana-aldana sökülən tağam,
Çayın o üzündən baxan qovağam
Bu üzdə oyunbaz, mütrüb aldadır,
Yüz cür sirli kələk qurub aldadır,
Kimə inanıram aldadır məni.
… Hər addım başında bir iyrənc yalan,
Ruhumuz viranə, mülkümüz talan,
Quru yurdumuzda yadigar qalan
Bir məhkum qocadır, bir yesir uşaq,
Bir intihar gəncin yaralı nəşi,
Bir də ümidlərin sönməz Günəşi…
***
Göz yaşı yerinə…
Bu isti yağışlar dayanan deyil,
Ümidlər bir daha oyanan deyil,
O sona bir daha boylanan deyil
Dünyanın mən olan üzünə sarı.
Daha yarpaqlar da göyərən deyil –
Qopub budağından saralıb indi,
Bu geniş küçələr daralıb indi –
Sıxır ürəyimi, keçə bilmirəm.
Kim bilir tapan kim, itirən kimdi:
İtirən, bəlkə də, xoşbəxtdi elə,
Səadət, bəlkə də, gözü nəmindi.
Cələyə tuş gələn ov quşu kimi
Çırpınıb-çırpınıb sıxılıram hey,
Bir də gözlərimdə qərib bir giley
Şeir yazacağam göz yaşı kimi,
Şeir yazacağam hələ kiməsə,
Dəli olmağımdan qorxmuram, nəsə
Qorxuram bir daha sevəcəyimdən.
İndi ağrı-ağrı üzülərəm mən,
İndi damcı-damcı süzülərəm mən,
Dağ olub, daş olub düzülərəm mən
Bircə o sevgini qoruyum deyə.
İndi kiminləsə dopdoluyam mən,
İndi kimin isə özüyəm elə,
Bircə bu dərdlərim özümünküdür.
Bu dərdi hələ heç oxşamamışam,
Heç sinədolusu yaşamamışam.
Bu dərdin saçına əl çəkən olmaz,
Bu dərdin dibinə su tökən olmaz,
Ovudan, kiridən, hayan tapılmaz,
Mən onun əlindən necə qaçım bəs?!.
Onun böyüməyi, boy atmağı var,
Şirin xatirələr oyatmağı var,
O, günahsız körpə, məsum bir mələk,
O bahar sevgimdən qalan tək çiçək –
Sevdikcə o mənim yazıma döndü,
Ömrümə, bəxtimə, yazıma döndü.
O dərdi lalətək sinəmə taxıb,
O bağlı yollara həsrətlə baxıb
Göz yaşı yerinə, vida yerinə
Şeir yazacağam hələ kiməsə.
Dəli olmağımdan qorxmuram, nəsə
Qorxuram bir daha sevəcəyimdən…
***
Qaraçı
Təkər cırıltısı, araba səsi
Əbədi bir köçün qəm naləsidir.
Hər axşam arxada yanan kövşənlər
Kimsəsiz çöllərin kişnərtisidir.
Bu necə qismətdir, bu necə tale –
Arabası – vətən, təkəri – vətən,
Atının yalmanı, yəhəri – vətən,
Səkili, kürəni, kəhəri – vətən,
Dünyanın hər üzü, hər yeri vətən…
Yurdsuz qaraçının çıxmır başından
Sərsəri sevdası, qəhəri – vətən.
Qoyub “kisəsinə” kenquru kimi
Analar daşıyır balalarını.
Tonqal qırağında axşam nəğməsi
Sarıyır qəlbinin yaralarını.
Bu da bir hikmətdir, necə edəsən…
Körpələr böyüyür yolda, yedəkdə.
Vətəni olmayan böyük bir xalqın
Gözü üfüqdədir, əli ətəkdə…
Küləktək dolaşır düzü-dünyanı,
Perikmiş taleyin sorağındadır.
Bəxti – kürəyində qamçı yeritək,
Koması yolların qırağındadır.
Arzudan-arzuya yurd salır, köçür,
Çöllər mahnı kimi çağırır onu.
Tək ağac altında qərib məzarlar –
Budur yüzillərin kədərli sonu.
İtkin xəyalları durna qatarı,
Bir də qayıtmağı qaldı bahara.
Çöllərdə özünü tapa bilməyən
Bir qaraçı ruhu qonur şəhərə.
Fələyin hökmünə, gərdişinə bax,
Bəxtdən yarımayan bəxtəbaxandır.
Bəlkə, üfüqdədir qaraçı yurdu,
Qaraçı taboru günəbaxandır?..
***
Yurd yeri
Əjdahadır, şəhər deyil,
Hər açılan səhər deyil,
Bizi boğan qəhər deyil –
Ötən aydı, gündü belə.
Düz yerində düz olmadıq,
Nə də özümüz olmadıq,
Bir ağaran üz olmadıq –
Üst-başımız undu belə.
Dayanıbdır qabaq-qənşər,
Ayağından bəlli – məhşər.
Bu ömürdən bizə düşən
Çəkdiyimiz ündü belə.
Ömür deyil ömür kimi, –
Kösöv kimi, kömür kimi…
Kürədəki dəmir kimi
Hey döyülüb söndü belə.
Düşdüm ilğımlar səmtinə –
Oymaq-oymaq, sənə-sənə,
Sinəmdə dərd saldı binə
Yurd yerinə döndü belə.
***
Bir uşaq yaşında sevgi
Bütün yaraları bağlamaq olmur,
Hər dərdi ürəkdə saxlamaq olmur.
Ayrılıq havası xəzan yelitək
Çəkilib içimin yaşıllığına –
Daha o sevgini ağlamaq olmur.
Uzaq doğmaların, yaxın yadların,
Həşəm zəmilərin, əzik otların,
Sınıq fidanların ağrısı kimi
Daha o sevgini ağlamaq olmur.
Alnıma, üzümə hələ yol gələn
Sevgi qırışıtək, dərd qırışıtək
Ömrümə üz tutan yalqız kim idi?
Bu sevgi dediyin payız kimidi,
Kəsər önümüzü qaça bilmərik,
Keçər içimizdən aça bilmərik.
İlk dəfə oxunan, deyilən kimi
Bir kövrək mahnıdır bu sevgi qəmi.
Xatirə üzünə əyilən kimi
Gəlib axasıdır üzdən, yanaqdan.
Ya da alxış kimi,
Yalvarış kimi,
Ya da pıçıltıtək deyiləsidir
Bir soyuq dodaqdan, bir gül dodaqdan.
Dünyanın yalançı səadətinə,
O ay işığına, söyüd çətrinə,
O qız gözlərinin məlahətinə
On yeddi yaşında vurulan kimi,
Qalmışam o bulaq başında hələ.
Qalmışam bir uşaq yaşında hələ,
Bir uşaq sevdası başımda hələ…