“Kim deyir ki,Tanrı ağlaya bilmir?” – Saqif Qaratorpağın şeirləri

Müstəqil.Az AĞSTAFADA yaşayıb yaradan istedadlı şair Saqif Qaratorpağın şeirlərini təqdim edir:

 

 

İsa Məsih-ə

 

Hamı susub,ağlayanlar kiriyib…

Hamı susub…Göydə Tanrı,

yerdə məzlum adamlar.

Hamı susub…nə vaxt gələr

bu Ağrının,bu Əzabın son anı?!

Nə baxt qopar son nida?!

Nə vaxt dinər

susuzluqdan çat-çat olan o dodaq,

Nə vaxt düşər çarmıxdakı əllərindən son varaq…

Hamı susub…göydə Tanrı,

yerdə məzlum adamlar.

Hanı görən son möcüzə,son xilas?!

Bu sonuncu qurban deyil,

neçəncidi görəsən?!

neçəncidi könüllü?!

Hamı susub…

Milyon ildi susa-susa gəlib gedir adamlar,

Bu susmağın cəzasını hər gün çəkir adamlar…

Hamı susub…

pıçıltılar,dualar

asta-asta,ağır-ağır qalxır göyün üzünə.

Günəşin son şüaları düşür mavi gözünə,

Gülümsəyir,

üst dodağı sağa qaçır son dəfə.

Gülümsəyir,adamlara,

Gülümsəyir Tanrıya…

 

***

Başında tikan çələngi,

əllərin qandalda…

Bir yanda hakim,

bir yanda Roma əsgərləri,

bir yanda ölümünə sevinən fariseylər…

sağında,solunda ölümə gedən iki quldur.

Göz yaşında boğulan həvarilər,

Ürəyi gözlərində hönkürən qadınlar…

Göydə Tanrı,Yerdə sən!

Baxdı…baxdı…

Acizliyindən utandı…

 

 

 

 

            ***

Kimsə başa düşmədi,

bircə Tanrı anladı

iniltiyə bükülmüş,

sonuncu misraları…

Bəlkə heç söz deyildi,

sonuncu ahdı elə.

bir ürəkdən qoparaq

min ürəyə yol açdı,

min ürəkdə gül açdı,

dalğa-dalğa çoxaldı,

ümman-ümman böyüdü…

 

***

 

Gül açır alnında tikan yerləri,

tikan gülə dönür,

güllər tikana.

gül açır Taxta xaç,

axan qanından.

Göz yaşı gül açır həvarilərin,

gül açır əlində dəmir çarmıxlar.

Tanrı göz yaşnı saxlaya bilmir…

Kim deyir ki,Tanrı ağlaya bilmir?

 

            ***

 

Qana boyanıb Günəş,

qürubdan qan damcılayır…

Qan rəngindədir

yanaqlarda quruyan göz yaşları da.

Qan rəngindədir

boz təpənin çılpaq daşları da.

Qan rəngindədir Yer də,Göy də.

Öz qanında boğulur,

əlləri qanına batanlar.

Sənə daş atanlar

iki min ildi daşlayır İnsanlığı…

 

            ***

 

Bircə Tanrı eşidir

sonuncu pıçıltını.

İçində susdurmusan

lap çoxdan hıcqırtını.

 

Qurumuş dodağından

uçub havalanır Söz.

Neçə-neçə ürəkdə

qəfil yuvalanır Söz.

 

Taxta xacı qızardan

axan qanın dayanıb.

İndi bircə özünsən

Yerdə,Göydə həyanın.

 

Göy üzündə ahındı

topa-topa buludlar.

Şər qarışır… islanır

göz yaşında göy otlar.

 

Hamı çəkildi getdi…

Təkdin…yenə də təksən…

Səni duymayanlara

bir də nə deyəcəksən?!

 

 

            ***

Kim bilir nəymiş Tanrının qayəsi,

məramı.

Hər insanın bir başqa dramı,

bir özgə rəvayəti.

Lukanın göz yaşında islanmış

Əhdi-Cədid ayəsi,

gəzir əldən ələ,

dolaşır cahanı.

Adamlar əlləri duada

hələ də gözləyir İsanı.

Yanır hər ürəkdə bir imid,

bir işıq,bir nur.

Səpələnir qığılcımlar göy üzünə,

Ulduz-ulduz işıqlanır kainat.

Gülümsəyir

lap uzaqda

göz yaşı ovcuna daman bir Adam.

 

10.08.2020.

 

Saqif Qaratorpaq

 

Müstəqil.Az

 

Share: