İtaliya gömrük nümayəndələri tərəfindən məhkəməyə təqdim olunan sənədlərə görə Kim Kardaşyana göndərilən qədim Roma heykəlinin geri qaytarılmasını tələb edir.
Müstəqil.Az xəbər verir ki, bu barədə CNN xəbər yayıb.
Məlumata görə, söhbət qədim yunan heykəltəraşı Mironun hazırladığı Afina heykəlinin Roma nüsxəsinin fraqmentindən gedir. Bu fraqment hələ 2016-cı ildə Los-Anceles limanında gömrük əməkdaşları tərəfindən aşkar edilib.
Ekspertizadan sonra Amerika hakimiyyəti bizim eranın I və ya II əsrlərində hazırlanmış heykəlin oğurlanaraq İtaliyadan qanunsuz olaraq çıxarıla biləcəyi qənaətinə gəlib. Hazırda federal prokurorluq sənət əsərinin müsadirə edilməsini tələb edən mülki iddia qaldırıb, lakin iddiada Kim Kardaşyan tərəfindən hər hansı qanun pozuntusuna yol verildiyi bildirilməyib.
Məhkəmə sənədlərində deyilir ki, yükü göndərənlərdən biri Kim və Kanye üçün bir neçə obyektdə işləyən dekorator Aksel Vervordt olub. Onun nümayəndəsi heykəlin nüfuzlu qalereyadan satın alındığını və sənət əsərinin İtaliyadan qanunsuz olaraq çıxarıldığına dair heç bir dəlil olmadığını söyləyib.
Kim Kardaşyanın nümayəndəsi isə jurnalistlərin sorğusuna cavab olaraq Kimin heykəli heç vaxt satın almadığını və varlığı barədə ilk dəfə eşitdiyini söyləyib.