“Kim ki, yüz il yaşamasa…”

“Kim ki, yüz il yaşamasa…”

 

Hacı İsmayılov- 80

XX əsrin əvvəllərində insanlar aktyor görəndə heç də birmənalı qarşılamırdılar. Kimisi ağız büzür, kimisi ələ salır, hətta aralarında aktyora təcavüz edənlər də tapılırdı. Bəli, o dövrün Azərbaycanında aktyor olmaq çox çətin idi. İllər ötdü, qərinələr keçdi, zaman göstərdi ki, aktyorluq ölməz sənətlərdən biridir. Və tarix onların arasından ən istedadlılarını seçib əbədiyyətə qovuşdurdu. Hüseyn Ərəblinskinin, Hüseynqulu Sarabskinin və s. timsalında unudulmayan aktyorlarımız çoxdur…

Deyir ki,- “Müharibə vaxtı dünyaya gəlmişəm, 1944-cü ilin yanvarın 22-də. Çətin uşaqlığım olub. Bütün günü o daş küçələr, qala divarlarının üstü, Xan sarayı bizim oyun meydançamızdı. Top tapılmırdı, köhnə corabları bir birinin içində yumrulayıb top düzəldərdik. Çox xoş xatirələrdir. Hərdən imkan düşəndə gedib o küçələrdən keçirəm, xatırlayıram o günləri. Bizim İçəri Şəhərdə evimiz yox idi, şəxsi mülkdə kirayədə yaşayırdıq. Atam əslən Dərbənddən olub, Masallıdan anamla evlənib, Bakını ortaq məxrəc seçib burda yaşayıblar. Anam Masallıda tanınmış tayfanın qızı idi. Mən Mircavad Talışxanovun bacısı nəvəsiyəm. O vaxt həmin bölgənin qubernatoru olub. Anam tərəfin əksəriyyəti oxumuş, ziyalı adamlardır. Anam özü evdar qadın idi. Atam isə uzun müddət “Xəzər Gəmiçiliyi”ndə çalışıb. İmkanlı olmamışıq, kasıb yaşayırdıq. Yaddaşımın küncündə səhərlər divardan asılan “Rodina” adlı radiodan Sovet Azərbaycanının himni ilə oyanmağım ilişib qalıb, indiyə qədər də o himn qulaqlarımdadır. Məktəbə getdiyim vaxtları da unutmamışam. Bir əlimdə çanta, birində “çernel” şüşəsi. Uşaqlarla itələşəndə o şüşə tez-tez sınırdı, üst-başımız çernel olurdu. Çörəyin arasına yumurtanı yağda bişirib qoyurdular çantama. Məktəbdə fikrim qalırdı o çörəkarasında ki, nə vaxt tənəffüs olacaq onu yeyəcəm. Kasıb yaşadığımız üçün uşaqlardan pal-paltar sarıdan geri qalmağım məndə kompleks yardırdı. İçimdə həmişə düşünürdüm ki, necə edim ki, nəyləsə diqqəti özümə çəkim. Bəlkə ona görə teatra meylləndim. Məktəbdə bir idman dərsi, bir də teatra gedəndə mənim üçün bayram olurdu. Cəfər Cabbarlının Aydını deyir e, elə yaşayım ki, küçədə məni barmaqla göstərsinlər. Mənim də istəyim elə idi…”

İstedadlı insanlar çoxdur. Demək olar ki, hər kəsdə bir istedad var. Bu ilahi vergi şəxsi məqsədlər üçün deyil, xalqa xərclənəndə nüfuza çevrilir, sahibini ucaldır, qəlblərə sevgi toxumu əkir. Bəli, obrazdan obraza girmək, oynadığı rolu insanlara sevdirmək aktyordan istedad tələb edir…

“Yaxşı müəllimlərimiz vardı. Uşaqları mədəniyyətə, ədəbiyyata, kimin qabiliyyəti haradırsa ora düzgün yönəldirdilər. Bir müəllimimiz vardı, Zərbəli Səmədov mənə də ilk dəfə o, dedi bala, sən artist ol. Özfəaliyyət dərnəyində çıxışımı görmüşdü ona görə. Məktəbdə dram dərnəyinin rəhbəri Tofiq İsmayılov idi, mən də yazılmışdım. İlk rolum da tənbəl Mahmud oldu, balaca bir səhnəcikdə. Yadımdadır, səhnəyə ilk dəfə çıxanda mətnin əvvəlini yox birbaşa son sözünü dedim. Sonra ani olaraq özümü toplayıb təzədən əvvəldən başladım. Fəxr edirdim ki, özümü itirmədim, səhvimi düzəltdim. O vaxt dərnəklər uşaqların yetişməsində çox böyük rol oynayırdı…”- söyləyir.

Yüzlərlə rol oynayıb, amma onu yadda saxlayacaq ən əsas rolu “Ad günü” filmindəki “Mustafa” olub. Əlbəttə ki, söhbət xalq artisti, bir sıra mükafatlara layiq görülən Hacı İsmayılovdan gedir…

Deyir ki.- “80 il yaşamaq hamıya qismət olmur. Hərdən sənət yoldaşlarımın həyat yoluna nəzər salanda görürəm ki, elələri olub heç 50 yaşa çatmayıblar. Yaş artdıqca insanın o yaşa münasibəti də dəyişir. Məsələn, mən ən yaxşı yubileyimi 60 illiyimdə keçirmişəm. Onda elə bir dövr idi ki, mənimlə işləyən sənət dostlarım, qohum-əqrəbam da yanımda idi. İndi o sənət dostlarımın çoxu dünyasını dəyişib. 60 illik yubileyim gözəl keçib. Onda həm də həvəsli idim. Sonra 75 illiyimi rəhmətlik rejissor Azərpaşa Nemətov teatrda keçirdi. Çox dedilər nə istəyirsən, arzun nədir? Dedim ki, heç nə yox, həmin günü tamaşa oynamaq istəyirəm. Qoy tamaşaçılar görsün ki, mən səhnədəyəm. Onda Xorvatiya yazıçısı Miro Havranın “Qəribə, çox qəribə əhvalat” tamaşasında oynadım. Tamaşaya gözləmədiyim halda, xeyli insan və rəsmilər gəldi. Sonra da teatrın kollektivi ilə 75 yaşımı qeyd etdim. İndi 80-dir, ömürdür, yaşayırıq, arzular çoxdur. Hazırda məşqlərim olmasa da, oynayacağım tamaşalar var. Teatrın repertuarında olan 7 tamaşada iştirak edirəm, rollarımı oynayıram.”

Bəli, “Mustafa” rolu ona şöhrət bəxş etdi. Və bu şöhrətin qüdrəti onu xalqa sevdirdi. Haraya getsə, harada olsa ehtiramla üzləşir, xüsusi diqqətlə əhatə olunur.
Hacı İsmayılov! “Mustafa” kimi səmimi, təvazökar, sadə insan. Biz sizi çox sevirik. Siz bizim abrına söykənən, minbir oyunlara girib zərrəcə qazandığı şöhrətə xələl gətirməyən xalq artistimizsiz. Azərbaycanın kino tarixində həmişə cavan qalacaq “Mustafa”nı siz yaratdınız. Yanvarın 22-sində sizin nə az, nə çox- 80 yaşınız tamam olur. Sizi təbrik edir, sizə ağrı-acısız günlər arzulayıram. Nə olar, 20 il də yaşayın, sonrasını özünüz bilərsiniz. Axı deyirlər ki,- kim ki yüz il yaşamasa…

80 yaşınız mübarək!

Hörmətlə, Elman Eldaroğlu

Share: