Kimdi deyən keçəridir bu dünya, Qıfıl sirlər açarıdır bu dünya….

Kimdi deyən keçəridir bu dünya, Qıfıl sirlər açarıdır bu dünya….

Yarıyar

Sevib gözün üstə qoyan,
İnan, yarıyar, yarıyar.
Qulağını səsdə qoyan,
Pünhan yarıyar, yarıyar.
.
Xəbər alsan el- obadan,
Danışar başdan – binadan.
Sevdiyinə könül, candan,
Yanan yarıyar, yarıyar.
.
Kənar olan nəfsə quldan,
Baxəbərdir əhli- haldan.
Ziyanlıqda yarı yoldan,
Dönən yarıyar, yarıyar.
.
Söz dəyərdir çəkisində,
Dayanar öz səkisində.
Beş sualın ikisində,
Dinən yarıyar, yarıyar.
Eşqsiz dünya həyan olmaz,
Olsa, sənə bəyan olmaz.
Günahını yuyan olmaz,
Duyan yarıyar, yarıyar.
.
Mahirə nə vaxtdan bəri,
Bilir nədi söz gövhəri.
Düzlüyünü can cövhəri,
Sayan yarıyar, yarıyar.

YAXŞI ADAMLAR 

Bu dünya sizlərsiz bomboz olardı,
Yaxşı ki, səsiniz, sorağınız var.
Yaşamaq nə qədər xırdalanardı,
Ay yaxşı adamlar, yaxşı adamlar!
.
Yanan ürəklərə su çiləyib də,
Səngiyən ocağın közü oldunuz.
Fərqi yox, vaxtlımı, vaxtsız gəlib də,
Ümid deyilənin özü oldunuz.
.
Düzlüyü seçdiniz əzəl başından,
Uzaq saxladınız şər-yalanları.
Nə yaxşı dünyanın yaranışından,
Nazilir, üzülmür haqq olanları.
Qəhrəman olmağa can atmadınız,
Etdiniz nə varsa səssiz-səmirsiz.
Olanı təzədən yaratmadınız,
Yaratmaq yolunu öyrətdiniz siz.
.
El-oba qəhrini tək daşıdınız,
Nakəs kölgəsində yatmamaq üçün.
Pudlarla ölçülən yük daşıdınız,
Bir misqal günaha batmamaq üçün.
Əməlin dayandı hər bir sözündə,
Bilənlər bildilər haqqı-sayını.
Sizə ismarlandı bu Yer üzündə,
O özü göndərdi Tanrı payını.
.
Ağıllı görünən qəlbi daşdılar,
Məsəllər çəkdilər əyyamı Nuhdan.
Üzünə, qarana ha danışdılar,
Dönmədin tutduğun yaxşılığından.
14.09.2024-cü il. Qax. İlisu

Dillənər

Havalanar bahar ruhun canında,
Bulud-bulud yollar keçər, dillənər.
Payız yayla qoşa durar yanında,
Hərəsi bir rəngə köçər, dillənər.
.
Seli-suyu dərə görər, düz aşar,
Tapmaq üçün öz yerini dolaşar.
Tapıb durar, heyrətindən dil açar,
Ləpəsiylə işıq saçar, dillənər.
.
Bu gülə bax, sevdasının yolunda,
Ocaq qurub arzuların qolunda.
Yuvasında, nərmənazik kolunda,
Damcı-damcı şehdən içər, dillənər.
İnsan oğlu əzablardan qarsılı,
Yük daşıyar, durmaz boynu qısılı.
Yüz təsəllii bir ümiddən asılı,
Öz dərdini özü biçər, dillənər.
.
Kimdi deyən keçəridir bu dünya,
Qıfıl sirlər açarıdır bu dünya.
Babal-günah naçarıdır bu dünya,
Nağıqızı bir-bir seçər, dillənər.
Share: