Kirpiyinin ucundan yıxılanda tut mən – Elçin MİRZƏBƏYLİ

Gecənin birində köçüb gedəsən…
Yox olub gedəsən, uçub gedəsən…
İtəsən gecənin qaranlığında,
İtəsən şəhərin burulğanında
Dünyanın dərdini içib gedəsən,
Nə varsa,
nə varsa geridə qalan
Bir göz qırpımında biçib gedəsən.
Bir qaya üstündən, bir dağ başından
Tutub göz yaşını çırpasan yerə.
Sıxasan ömrünü bir qurşun kimi…
Yorğun yaddaşını çırpasan yerə.
Sonra yandırasan bütün ömrünü,
Yana…
Közü keçə, külü keçməyə.
Bircə sətirin də, bircə sözün də,
Bircə xatirən də ələ keçməyə…
…Pəncərə-pəncərə tükənə ömrün,
Sonra qapı-qapı çıxıb gedəsən.
Durub ucurasan bütün yolları,
Bütün körpüləri yıxıb gedəsən…
****
Kirpiyinin ucundan
yıxılanda
Tut məni…
Bir damla göz yaşıyam
Ovcunda ovut məni.
Baxışlarım soyuq, lal,
Ömrüm – cavabsız sual…
Yatağım buz tutub,
Al…
Qəlbində uyut məni.
…İllərim əsir düşüb
Bu sevda qəfəsində…
Bir ömür cəzalıyam
Ayrılıq məhbəsində…
Səsim səsində yaşar,
Nəfəsim nəfəsində –
Bir udum hava kimi
Sinənə çək,ud məni.
Əgər bir gün dünyanın
Düzəni də pozulsa…
Bir ömür də verilsə…
Bir qismət də yazılsa…
Hər ayaq izin üstə
Bir məzarım qazılsa…
…Bir ömür başdaşım ol,
…Bir ömür unut məni…

****

Narahat gözümdən yuxum çəkilir-
Qaçır ocağımın tüstüsü, qaçır.
Soyuq divarlara ruhum çəkilir,
Titrək əllərimin istisi qaçır.
…Mən yağış damlası – kim götürəcək,
Götürsə, kirpiyi nəm götürəcək,
Dünyanı büstübün qəm götürəcək
Bir eşq istəyirəm isitsin məni.
Bu ölmüş ruhumu dirildə bilən,
Bu soyuq kədəri kiridə bilən,
Bu donmuş sevgimi əridə bilən
Bir eşq istəyirəm isitsin məni…

****

Bitdisə…
Bir andı…
Nə fərqi var ki…
Ya payız bitəcək, ya qış bitəcək.
Mənim bulud-bulud dualarımdan
Enində-sonunda yağış bitəcək.
Bu mənəm…
İllərin dolanbacında –
Nə dərddən doyuram, nə əlacından.
Kölgəm çəkilərsə yol ayrıcından,
Ya göz yorulacaq, ya yaş bitəcək.
Sıyrılıb çıxacaq ömrün son fəsli,
Bu qara sevdadan qaranəfəsli.
Qorxma,
Təslim oldum özümə, təslim,
Qorxma,
Gözlərimdə
Savaş bitəcək.
İçimə toxum tək ələsin külək…
Bir ovuc göz yaşı…
Bir övuc çiçək…
Dəli ürəyimə nə əkirsən, ək…
Ya sevda bitəcək, ya daş bitəcək.

****

Gedirdi…
gözlərində alov saçan intiqam,
Gedirdi…
Damarında fatehlərin qüdrəti.
Gedirdi…
Hədəfində düşməndən öc, qana qan!
Gedirdi…
Sinəsində bir millətin nifrəti
Ayağını düşmənin köksünə bas, deyirdi!
Vətən “Öc al!” deyirdi,
Vətən “Qisas!” deyirdi.
Gedirdi…
Addımına “can” deyirdi Qarabağ!
Qəhrəman igidinə baş əyirdi çiçəklər.
Ayağının səsindən vəcdə gəlirdi torpaq,
Şəhidlərin diliylə danışırdı küləklər
Yurduna göz dikənin qəbrini qaz, deyirdi
Vətən “Öc al!” deyirdi,
Vətən “Qisas!” deyirdi.
Share: